21 İyun 2021 10:48

İTSDA və UNFPA müharibədən zərər çəkmiş bölgələrdə səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi ilə İkinci Qarabağ müharibəsindən zərər çəkmiş 8 şəhər və rayonda əhaliyə cinsi və reproduktiv sağlamlıq, həmçinin gender əsaslı zorakılıqla  mübarizə sahələrində səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirilir. Layihə Gəncə və Mingəçevir şəhərlərini, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl və Ağcabədi rayonlarını əhatə edir.

Layihə çərçivəsində Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssislərindən ibarət səyyar qruplar tərəfindən ilkin mərhələdə 7-9 iyun Gəncə şəhərində, 9-12 iyun Mingəçevir şəhərində və 14-19 iyun tarixlərində Ağdam, Ağcabədi rayonlarında səyyar xidmət və təlimlər həyata keçirilib.

Layihənin məqsədi müharibə zamanı zərər çəkmiş ərazilərdə hamilə, tənha, sonsuzluq və digər ginekoloji problemləri olan qadınları tibbi müayinəyə cəlb etmək, habelə arzuolunmaz hamiləlikdən qorunma yolları, ailə planlaşdırılması, sanitariya qaydaları və digər cinsi və reproduktiv sağlamlıq məsələləri ilə bağlı onları maarifləndirməkdir.

Sadalanan bölgələrdə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkim, mama-ginekoloq, mamalara cinsi və reproduktiv sağlamlıq, gender əsaslı zorakılıqla mübarizə mövzularında təlimlərin keçirilməsi də layihənin məqsədləri sırasındadır.

Onu da qeyd etmək lazımdır ki, analoji tədbirlərin 21-26 iyun tarixlərində Goranboy, Tərtər, Göygöl və Bərdə rayonlarında keçirilməsi nəzərdə tutulub.

Layihənin davamı olaraq, səyyar xidmətlərin göstərilməsi üçün cari ilin avqust ayında sözügedən şəhər və rayonlara növbəti səfərlərin təşkil edilməsi planlaşdırılır.

Zəng sifariş et