02 May 2022 12:38

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib

Mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyətlə bağlı mətbuat konfransı keçirib.

Ötən il əldə olunan nəticələr haqqında məlumat verən Agentliyin İdarə Heyətinin sədri bildirib ki, 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi nəticəsində səhiyyə sahəsindəki ən əhəmiyyətli islahatlardan biri həyata keçmiş oldu: “2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 305-ə yüksəlib. Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 %-i tibbi xidmətlərdən yararlanıb. Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət edilən, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib”.

İdarə Heyətinin sədri tibbi statistik göstəricilərlə yanaşı səhiyyə işçilərinin əməkhaqqı artımından və tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən danışıb: “2021-ci ildə səhiyyə işçilərinə 717 milyon manatdan çox vəsait ödənilib və bu nəticə 2020-ci illə müqayisədə 18 % artım əldə edildiyini göstərir. Təchizata gəldikdə isə qeyd olunmalıdır ki, ötən il ərzində tibb müəssisələri 5 248 ədəd yeni cihaz və avadanlıqla təmin olunub, 274 tibb müəssisəsində İKT infrastrukturunun qurulması üzrə işlər görülüb”.

Agentliyin eyni zamanda tibb müəssisələrində struktur dəyişiklikləri apardığını bildirən Z.Əliyev vurğulayıb ki, məqsəd idarəetməni təkmilləşdirmək və vətəndaşın tibbi xidmətə əlçatanlığını artırmaqdır: “İslahatlar çərçivəsində keçən il ölkə üzrə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinin sayı 278-ə yüksəlib, Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi, Sumqayıt şəhərində isə Sumqayıt Tibb Mərkəzi yaradılıb. Ən mühüm yeniliklərdən biri isə 2021-ci ilin oktyabr ayından etibarən Şuşa şəhərində modul tipli xəstəxananın fəaliyyətə başlamasıdır. Müəssisə ötən il ərzində 1 256 pasiyent qəbul edib”.

2022-ci ildə görülən işlərdən bəhs edən İdarə Heyətinin sədri bildirib ki, Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayının müvafiq olaraq 400-ə1200-ə qədər artırılması təklifi irəli sürülüb.

Z.Əliyev həmçinin səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına ediləcək dəyişiklik və tibb işçilərinə güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı Agentliyin təklifi haqqında mətbuat nümayəndələrinə məlumat verib.

Tədbirin sonunda İdarə Heyətinin sədri jurnalistlərin suallarını cavablandırıb.

Zəng sifariş et