06 May 2022 19:41

Beynəlxalq Talassemiya Günü ilə bağlı tədbir keçirilib

Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 may - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Agentliyinin İdarə Heyətinin sədrinin müavini Nigar Bayramova, Millət vəkili Məlahət İbrahimqızı, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru Valeh Hüseynov, Türkiyədən dəvət edilmiş mütəxəssislər, QHT-lərin nümayəndələri və Mərkəzin həkimləri iştirak edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxışında bildirib ki, 2020-ci ilin aprel ayından “Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunur. 2020-ci ilin aprel ayından 2022-ci ilin may ayına qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində 39 nəfər sümük iliyi transplantasiyası əməliyyatı olunub. Əməliyyat olunanların 26-sı 1-12 yaş arası uşaqlardır. Z.Əliyev qeyd edib ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr Dövlət Proqramına uyğun olaraq ödənişsiz həyata keçirilir.

Eyni zamanda, əməliyyata hazırlıq dövründə istifadə edilən dərmanlar, kök hüceyrələrin xəstənin immun sistemi tərəfindən qəbul olunması üçün təyin olunan immunosupressiv dərmanlar da xəstələrə ödənişsiz verilir.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edildiyini diqqətə çatdırıb. Məlumdur ki, talassemiya irsi qan xəstəliyidir ki, bu da öz növbəsində insanlar arasında əlliliyin artmasına və kritik hallarda ölüm hadisələrinə gətirib çıxarır. “Ötən illər ərzində dünya tibb elminin inkişafı Azərbaycanda talassemiyalı uşaq və böyüklərin müalicəsi sahəsində də mühüm irəliləyişə səbəb olmuşdur. Hazırda Azərbaycanda talassemiyanın müalicəsi sahəsində böyük dönüş müşahidə olunur”. V.Qurbanov 2022-ci ilin yanvar ayında Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən xəstələr üçün 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərman preparatlarının təhvil verildiyini bildirib.

Çıxış edən Nadir Zeynalov, Valeh Hüseynov və Məlahət İbrahimqızı dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Daha sonra yerli və türkiyəli mütəxəssislərin “Talessimiyada genotip fenotip əlaqəsi”, “Yeni nəsil xelatoların kliniki praktiki tədbiqi”, “Talessimiya və Oraq hüceyrəli anemiyanın təqibi: xəstə-həkim əməkdaşlığı” mövzularında çıxışları dinlənilib.

Sonda Leyla xanım Əliyevanın təşəbüssü ilə yaradılmış Distant Bilik Mərkəzinin Hematoloji pasiyentlərin fasiləsiz təhsilinə verdiyi dəstəyə görə təşəkkürnamələr təqdim edilib.

Zəng sifariş et