19 Yanvar 2021 16:30

Bərdə və Ağdam kənd tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Bərdə və Ağdam rayonlarında məskunlaşmış məcburi köçkünlərə və yerli əhaliyə xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazasını gücləndirmək məqsədi ilə həmin müəssisələrin texniki ehtiyaclarını araşdırıblar. Araşdırma nəticəsində dövlət səhiyyə sisteminə daxil olan və ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən 28 tibb müəssisəsinin zəruri texniki ehtiyacları müəyyən edilib. GIZ tərəfindən ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən 28 kənd tibb müəssisəsinə 26 adda tibbi avadanlıq, ləvazimat və mebel dəstləri ianə edilib.  

Bununla əlaqədar, keçirilən təhvil-təslim mərasimində Agentliyin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev, İnzibati idarəetmə departamentinin məsul əməkdaşı Cavid Ağazadə, həmçinin “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramının (EPIC)  əməkdaşları Günel Mustafayeva və Jalə Ələkbərova iştirak ediblər.

Yardımın təyinatı üzrə Bərdə və Ağdam rayonlarına çatdırılması Agentlik tərəfindən həyata keçiriləcəkdir.

EPİC Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə GİZ tərəfindən Azərbaycanda icra olunur. Proqram həssas əhali qruplarının iqtisadi müstəqilliyinə və icma işlərində iştirakına dəstək məqsədi daşıyır.

Zəng sifariş et