04 Sentyabr 2020 16:17

Tibb işçiləri üçün yeni sayt istifadəyə verilib

Tibb işçiləri üçün “opencriticalcare.org” saytı istifadəyə verilib. Sayt Dünya Anestezioloqlar Cəmiyyətləri Federasiyası, Kaliforniya San Fransisko Universitetinin Anesteziologiya Bölməsi və “OPENPediatrics”in təşəbbüsü ilə istifadəyə verilib. Saytın hazırlanması üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Dayanıqlı Texniki və Analitik Resurslar Layihəsi (STAR) çərçivəsində maliyyə vəsaiti ayrılıb.

Saytın yaradılmasında məqsəd reanimasiya və intensiv terapiyaya dair etibarlı məlumat bazası yaratmaq və müxtəlif səviyyələrdə səhiyyə sahəsində fəaliyyət göstərən qurumlar arasında strateji əməkdaşlığı formalaşdırmaqla tədrisyönümlü fəaliyyətlərdə təkrarlanmanın qarşısını almaqdır.

Saytda ayrı-ayrı səhiyyə sistemlərində çalışan, bilik və bacarıqları fərqli səviyyədə olan tibb işçiləri üçün materiallar yerləşdirilib. Daim yenilənən bu materiallar sərbəst mütaliə, ali və orta təhsil ocaqlarının təlim proqramlarına və kurikulumlara inteqrasiya məqsədi ilə istifadə oluna bilər. Saytda, həmçinin, tənəffüs çətinləşməsi vaxtı tibbi yardım və mexaniki ventilyasiya ilə bağlı müxtəlif açıq və etibarlı onlayn resurslara keçidlər yer alıb.

Sayt aşağıdakı bölmələrdən ibarətdir:

  • Təlimlər
  • Vebinarlar və digər tədbirlər
  • Süni tənəffüs cihazları və simulyatorlar
  • Müxtəlif süni tənəffüs cihazlarının istifadə qaydaları
  • Oksigen və mexaniki ventilyasiya ilə bağlı ekspertlərlə sual-cavab
  • Tibb müəssisəsinin oksigen ehtiyacı və təchizatının qiymətləndirilməsi
  • COVİD-19-la bağlı etibarlı açıq resurslara keçidlər.

 

 

 

 

 

Zəng sifariş et