10 Oktyabr 2016 15:47

Yevlax rayonunda İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

Oktyabrın 10-da Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Yevlax rayonunda İcbari Tibbi Sığorta Sisteminin (İTS) tətbiqi ilə əlaqədar rayon sakinləri ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Yevlax rayon icra hakimiyyətinin başçısının müavini Elnarə Məmmədova bildirib ki, İTS-in pilot layihəsinin Yevlaxda həyata keçirilməsi sakinlərin tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək.

İTSDA direktoru Zaur Əliyev qeyd edib ki, 2016-cı ilin fevralından fəaliyyətə başlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması hökumətin sosial siyasətinin yeni istiqamətidir:

“Ölkə prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas məsələlərdən biridir. İcbari Tibbi Sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. Çünki İcbari Tibbi Sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək”.

Zaur Əliyev bildirib ki, Agentlik İcbari Tibbi Sığortanın baza zərfini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Baza zərfinə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi İTS-in baza zərfinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir: “Ümid edirik ki, layihə bu rayondan uğurla başlayacaq və qısa zamanda bütün ölkə ərazisində tətbiq olunacaq”.

Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Qasımov səhiyyə sahəsində aparılan islahatlardan söhbət açaraq qeyd edib ki, Yevlax dövlət xəstəxanasının maddi-texniki bazası gücləndirilib:”İTS-in tətbiqi yeni maliyyə mənbələrinin yaradılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə dəstək verəcək.

Millət vəkilləri Musa Urud və Məlahət İbrahimova İcbari Tibbi Sığortanın əhəmiyyəti haqqında danışaraq, əhalinin bu sistemdə fəal iştirakının vacibliyini vurğulayıblar. Tibb ictimaiyyətinin bu prosesdə çox çalışmasının zəruriliyini qeyd ediblər.

İTS üzrə xarici ekspert Gediminas Çerniauskas İTS-in sosial layihə olduğunu qeyd edib və səhiyyə sistemində islahatların aparılmasının zaman tələb etdiyini bildirib.

Zəng sifariş et