21 June 2024 17:00

Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iyunun 21-də Goranboy şəhərində həmin rayonun və Naftalan şəhərinin sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Goranboy rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Gəncə Filialının rəhbərinin,  Goranboy Rayon və Naftalan Şəhər Mərkəzi Xəstəxanaların direktorlarının iştirakı ilə keçirilən qəbulda 15 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, icbari tibbi sığortanın tətbiqi, sığortaolunanlara tibbi göndərişlərin verilməsi, dərman təminatı, əlillik məsələləri, iş və əmək münasibətləri haqqında olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll olunub, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Request a callback