18 July 2024 15:00

Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iyulun 18-də Şəki Rayon Mərkəzi Xəstəxanasında Şəki və Qax rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Şəki rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Şəki filialının rəhbərinin,  Şəki və Qax rayon mərkəzi xəstəxanaların direktorlarının iştirakı ilə keçirilən qəbulda 18 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən  icbari tibbi sığorta hesabına müayinə-müalicə, orqan transplantasiyası, tibbi göndərişlərin verilməsi, dərman təminatı, təchizat, iş və əmək münasibətləri haqqında olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll olunub, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

 

Request a callback