26 İyul 2024 15:34

Din xadimləri icbari tibbi sığorta barədə maarifləndirmə kampaniyasında iştirak edirlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Kommunikasiya Strategiyasına uyğun olaraq əhalinin icbari tibbi sığorta sistemi barədə məlumatlılığının artırılması məqsədilə 2024-cü ilin I yarısında layihə və tədbirlər uğurla icra edilib.

Maarifləndirmə işləri dövlət qurumlarında, təhsil müəssisələrində və dini icmalarda aparılıb. Ümumilikdə keçirilən 300 tədbirdə iştirakçılara icbari tibbi sığorta hesabına tibbi xidmətlərdən istifadə barədə məlumat verilib və onların sualları cavablandırılıb.  

Tədbirlərin 85-i dövlət qurumlarında, 212-si isə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ümumi və ali təhsil müəssisələrində baş tutub. Tədbirlərdə universitet müəllimləri, tələbələr, ümumi təhsil müəssisələrinin müəllimləri, yuxarı sinif şagirdləri və şagirdlərin valideynləri iştirak ediblər.

Bundan başqa, maarifləndirmə kampaniyasına din xadimləri də cəlb olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə 120 din xadiminin cəlb olunduğu 3 görüş təşkil olunub. Din xadimlərinə icbari tibbi sığortanın üstünlükləri haqqında ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb və sığorta sisteminin əhəmiyyəti vurğulanıb. Onlardan əhalinin sağlamlığının qorunması, vətəndaşların icbari tibbi sığortanın xidmətlərindən faydalanmasını təmin etmək məqsədilə moizələrində bu məsələlərə yer ayırmaları, məlumatlandırmanın geniş miqyasda aparılmasına dəstək göstərmələri rica edilib.

Maarifləndirmə tədbirlərinin keçirilməsində aparıcı rol oynayan Agentliyin filial rəhbərləri ilə aparılan qarşılıqlı fikir mübadiləsi nəticəsində sığorta ilə bağlı əhalinin düzgün və dolğun şəkildə məlumatlandırılması üçün yeni metod və vasitələr dərindən təhlil edilərək praktiki təkliflər irəli sürülüb. Bu növ müzakirələr və təhlillər maarifləndirmə tədbirlərinin daha səmərəli və effektiv olmasına xidmət edir.

Bakı şəhərində açıq məkanlarda, Bakı Metropoliteninin stansiyalarında, ASAN Xidmət və ASAN Kommunal, eləcə də DOST Mərkəzlərində, Dövlət Sosial Müdafiə Fondunda, Bakı Regional Məşğulluq Agentliyində, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində və tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları ilə bağlı ümumilikdə, 214 vizual material yayımlanıb. Əməkdaşlıq çərçivəsində, həmçinin, ASAN Radio, DSMF, DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyinin sosial media hesablarında icbari tibbi sığorta ilə bağlı maarifləndirici postlar paylaşılıb.

Digər maarifləndirmə kanalları vasitəsilə həyata keçirilən  tədbirlərə gəldikdə isə mediadan daxil olan 176 sorğunun 168-i cavablandırılıb, digərləri isə aidiyyəti üzrə yönləndirilib. Agentliyin sosial media hesablarında icbari tibbi sığorta ilə bağlı 1542 post paylaşılıb, istifadəçilərin göndərdiyi 2205 sorğu dolğun şəkildə cavablandırılıb.

Qeyd edək ki, Strategiyaya əsasən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər planlı şəkildə davam etdirilir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə bağlı əməkdaşların məlumatlılığını artırmaq istəyən qurumlar təlimlərin təşkili üçün marketing@its.gov.az ünvanına müraciət edə bilərlər.

Zəng sifariş et