Yeni növ koronavirus infeksiyası (2019-nCOV) — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi əyalətinin Uhan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə qeydə alınıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi karantin rejiminin müddəti 1 sentyabr 2022-ci il tarixinədək uzadılıb. Bütün vətəndaşların karantin rejiminin tələblərinə riayət etməsi tələb olunur.  

Vətəndaşlar koronavirusla bağlı məlumatları Agentliyin 1542 nömrəli Çağrı mərkəzinə zəng etməklə əldə edə bilərlər. Respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda vətəndaşlar dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili tibbi yardım nömrələrinə zəng edə bilərlər. Habelə, əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın  +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, +994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.

23 fevral 2023-ci ilə olan məlumat

Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün ölkədə xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar ÜST-ün müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.

Koronavirusla bağlı dünyadakı vəziyyəti Ümumdünya Səhiyyə Təşkilatının rəsmi internet səhifəsindən izləyə bilərsiniz.

Vaksinasiya

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 18 yanvar 2021-ci il tarixindən etibarən peyvəndlənmə prosesinə başlanılıb. Vaksinasiya prosesində yaşı 18 və daha yuxarı şəxslər iştirak edir.

Hazırda vasksinasiyada “Sinovac” və “Pfizer” vaksinlərindən istifadə olunur. COVID-19 xəstəliyi əleyhinə hər iki doza üzrə vaksinasiya olunanlara peyvənd sertifikatı verilir. Bugünədək vaksinasiya prosesi uğurla davam etdirilir və  ölkəmizdə ümumilikdə 13948730 doza vaksin vurulub.

Prosesin nizamlı təşkil olunması məqsədilə peyvənd olunmaq istəyən şəxslər “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Beləliklə, vətəndaş seçdiyi peyvənd məntəqəsi, tarix, saat və məkana əsasən tibb müəssisəsinə yaxınlaşmalı və peyvəndin birinci dozasını vurdurmalıdır. Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İlkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir. Vaksinasiya ilə bağlı ən çox verilən sualların cavabları ilə buradan tanış ola bilərsiniz. 

Profilaktik tədbirlər

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunmuşdur.

Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilmişdir. Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir. 

Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Həmçinin sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılır. 

ÜST-ün tövsiyələri

Özünüzü və başqalarını xəstəlikdən qoruyun

  • öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün;
  • öskürdükdən və asqırdıqdan sonra əllərinizi  sabunla yuyun;
  • əllər vizual olaraq çirkli göründükdə onları sabunla yuyun.
  • spirt tərkibli təmizləyicidən istifadə edin;
  • xəstələrə qulluq edərkən əllərinizi sabunla yuyun;
  • xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış birbaşa təmasdan çəkinin;
  • heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin;
  • sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılarından çəkinin;
  • heyvanlara, heyvan məhsullarına və heyvan tullantılarına toxunduqdan dərhal sonra əllərinizi sabunla yuyun;
  • xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin;
  • xəstə və ölü heyvanlar yeyilməməlidir;
  • sanitar qovşağından istifadə etdikdən sonra əllərinizi sabunla yuyun;
  • qida təhlükəsizliyini tətbiq edin;
  • yemək hazırlamazdan öncə və sonra, eləcə də yeməkdən əvvəl əllərinizi sabunla yuyun;
  • ət məhsullarını və yumurtanı tam bişirin;
  • çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin;
  • əllərinizi çiy və bişmiş qidalara toxundurduqdan sonra sabunla yuyun;
  • alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər;
  • avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin;
  • işdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın;
  • ailə üzvlərinizi çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin;
  • istifadə olunmuş salfetləri qapalı zibil qutusuna atın;
  • koronavirus infeksiyası riskini azaldın;
  • Sağlam qalın!   

Zəng sifariş et