14 Mart 2020 09:47

Koronavirus infeksiyası ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair QAYDALAR

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmış və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulmuşdur. Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir. Bu istiqamətdə müvafiq dövlət strukturları arasında aparılmış müzakirələr əsasında koronavirus infeksiyası ilə mübarizə çərçivəsində alış-veriş mərkəzlərinin fəaliyyətini tənzimləyən aşağıdakı qaydalar müəyyən olunur:

1.Əyləncə məkanlarının, xüsusilə uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması;

2.Alış-veriş mərkəzlərində yerləşən ictimai iaşə obyektlərində (kafe və restoranlarda) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən olunmuş profilaktik metodiki göstərişlərə ( http://afsa.gov.az/uploads/info/warning/food_pdf1584199415.pdf) riayət edilməsi;

3.Girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə girişdə bütün daxil olanların hərarətinin yoxlanılması (parklanma girişləri daxil olmaqla);

4.Xidmət göstərən personalın xüsusi geyim vasitələri ilə təmin edilməsi;

5.Havalandırma sistemlərinin işlək olması;

6.Sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması;

7.İş saatlarında dezifeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi (əsasən işlək sahələrdə giriş-çıxış, lift, kassa və s.);

8.Qeyri-iş saatlarında tam dezinfeksiya tədbirlərinin görülməsi;

9.Alış-veriş mərkəzlərində mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi;

10.Mütəmadi olaraq maarifləndirici video çarxların nümayiş etdirilməsi, giriş və çıxışlarda WHO Covid-19 üzrə məsləhətləri ilə bağlı panoların vurulması;

11.Evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması;

12.Kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməsi;

13.Vətəndaşlara sms vasitəsilə atılacaq addımlar və mövcud məhdudiyyətlər barədə əvvəlcədən xəbər verilməsi;

14.Yerli səhiyyə şöbələri ilə mütəmadi əlaqələrin yaradılması və yerli ictimai göstərişlərə əməl edilməsi;

15.Atılacaq addımlarla bağlı alış-veriş mərkəzlərinin bütün əməkdaşlarının təlimatlandırılması (məlumat bürosu və təchizat əməkdaşları, xadimələr və s.);

16.Xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması;

17.Bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görülməsi.

Zəng sifariş et