12 Mart 2020 18:26

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatı

İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət etmişdir. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilmişdir. Ağır gedişli autoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkar olunmuşdur.

Eyni zamanda, həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunmuşdur. Xəstə xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş, onun vəziyyəti nəzarətə götürülmüş və intensiv müalicə tədbirlərinin həyata keçirilməsi davam etdirilmişdir. Bütün səylərə baxmayaraq həmin şəxsin ağır autoimmun xəstəliyinə bağlı xroniki ağırlaşmaları dərinləşmiş, çoxsaylı orqan çatışmazlığı inkişaf etmiş, onun həyatını xilas etmək mümkün olmamışdır.

Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilmiş, onlar karantinə götürülmüşdür.

Diqqətə çatdırmaq istəyirik ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus (COVID-19) xəstəliyinin dünyada yayılmasının pandemiya xarakteri aldığını elan edib. 12 mart tarixinə olan məlumata görə, dünyada 129.185 nəfər koronavirusa yoluxub və bu xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, avia reysləri təxirə salır.

Tərəfimizdən əvvəllər də bəyan edildiyi kimi, ürək-damar, eləcə də xroniki xəstəlikləri olanlar, yuxarı yaş kateqoriyasına aid şəxslər virusa qarşı profilaktik tədbirləri daha da gücləndirməlidir.

Bir daha vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və operativ qərargahın virusa qarşı profilaktik tədbirlər çərçivəsindəki tövsiyələrinə ciddi riayət etməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa, tibbi-profilaktik və dezinfeksiya qaydalarına əməl etməyə çağırırıq.

Zəng sifariş et