19 Мая 2016 16:56
İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlər üçün təlim təşkil olunub
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mayın 19-da “İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlərin biliklərinin artırılması” mövzusunda yarım günlük təlim təşkil edib. Təlim səhiyyə sistemi, səhiyyənin maliyyələşməsi və icbari tibbi sığorta haqqında media nümayəndələrini daha geniş informasiya ilə təmin etmək və Agentliyin gələcək fəaliyyətində sıx əməkdaşlığa nail olmaq məqsədilə keçirilib.
Təlim zamanı jurnalistlər Azərbaycanın mövcud səhiyyə sistemi (tibbi xidmətin təşkili, strukturu və s.), səhiyyənin maliyyələşməsi mexanizmləri, digər ölkələrdə tətbiq edilən müxtəlif maliyyələşmə mexanizmləri, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi imkanları barədə məlumatlar əldə ediblər.
Tədbirdə çıxış edən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ilkin model layihə yaxın günlərdə ölkə rəhbərliyinə təqdim olunacaq. Aidiyyəti üzrə qurumlarla müzakirələr aparılıb və işlər yekunlaşmaq üzrədir. Model ilk növbədə vətəndaşların maraqlarına xidmət etməlidir. Diqqətə çatdırılıb ki, gələn ilin əvvəlindən icbari tibbi sığorta üzrə pilot layihənin həyata keçirilməsi planlaşdırılır.
Agentliyinin monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev isə bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çətinliklərdən biri də qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanmasıdır. Bu problem tək Azərbaycanda deyil, bütün inkişaf edən ölkələrdə var. Belə şəxslər çox zaman sığorta sisteminə yaşlandıqda, yaxud səhhətləri ilə bağlı müəyyən risk yarandıqda qoşulurlar. Bir sıra ölkələr buna qarşı tədbirlər görür.
Şöbə müdiri Türkiyə və Almaniya təcrübəsini misal çəkərək deyib: “Həmin ölkələrdə belə şəxslər istədikləri vaxt sığorta sisteminə qoşula bilmirlər. Əgər onlar ötən 5 il ərzində tibbi sığortaya görə heç bir ödəniş etməyibsə və işsiz olmayıblarsa onlardan bu sistemə qoşulmaq üçün çox yüksək məbləğ tələb olunur. Demirəm ki, bizdə də belə mexanizm olacaq, ancaq dünya təcrübəsində belədir”.
“İcbari tibbi sığorta Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti qeydiyyatda olan əcnəbiləri əhatə edəcək. Xidmət paketinin müddəti hər il yenilənmək şərti ilə 1 il müəyyən olunub”.
Bunu isə Agentliyinin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov çıxış edərkən deyib. O qeyd edib ki, icbari tibbi sığorta xidmətlərinin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi və Agentlik tərəfindən həyata keçiriləcək.
Agentliyin hüquq şöbəsinin müdiri Aysel İbayeva isə bildirib ki, Agentliyin gələcəkdə tibb müəssisələrinin akkreditasiya məsələsində iştirak etmək hüququ olacaq: “Bununla Səhiyyə Nazirliyinin işinə qarışmayacağıq. Sadəcə özümüzə aid məsələləri həll edəcəyik". O da qeyd edilib ki, icbari tibbi sığorta ilə bağlı tibb müəssisələrinin akkreditasiya prosesinə nəzarət hələlik heç bir quruma həvalə olunmayıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Новости
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 Июля 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 Июля 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 Июля 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 Июля 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla icra olunur
01 Июля 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 Июня 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 Июня 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 Июня 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 Июня 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 Июня 2024 14:49