29 Sentyabr 2017 15:14

Mingəçevirdə keçirilən ilkin tibbi müayinələrdə bəzi xəstəliklər erkən aşkarlanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində sentyabrın 20-də keçirilən sağlamlıq həftələrinin açılış mərasimində ilkin müayinələrdən keçən sakinlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktika tədbirlərinin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırladığı registr sisteminin məlumatlarını təhlil edib.

Toplanan məlumatlardan məlum olmuşdur ki, açılış mərasimində Mingəçevir şəhərində yerləşən Müşfiq Mirzəyev adına “Dostluq” parkında qurulan 4 çadırda ümumilikdə müxtəlif yaş qruplarına aid 442 nəfər müayinələrdən keçmişdir. Onlardan 228 nəfəri kişi, 214 nəfəri isə qadın olmuşdur. Müayinələrdən keçənlərin 77 nəfəri 0-15 yaş, 38 nəfəri 16-25 yaş, 61 nəfəri 26-35, 28 nəfəri 36-45 yaş, 73 nəfəri 46-55 yaş, 113 nəfəri 56-70 yaş arasında, 52 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Müayinələrə cəlb olunanların 148 nəfəri ailə həkiminin, 248 nəfəri isə ixtisas həkimlərinin qəbulunda olmuşlar. Müraciət edənlərin 391 nəfəri pilot ərazilərin sakinləridir.

Müayinələrdən keçən şəxslərin 249 nəfərinin bədən çəkisi normadan artıqdır. Sorğu nəticəsində məlum olmuşdur ki, sakinlərin tibbi müayinələrdən keçmə tezliyi müxtəlifdir. Məsələn, 118 nəfər şəxs son 1 ay ərzində tibbi müayinələrdən keçib, 48 nəfər tibbi müayinədə 3 ay öncə, 57 nəfər isə son altı ay ərzində olub. Müraciət edənlərin 32 nəfəri 1 il ərzində, 56 nəfər isə son 3 il ərzində müayinələrdən keçib. 3-5 il ərzində müayinələrdən keçmiş müraciətçiələrin sayı 16 nəfər təşkil edib. 115 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub.

Müraciətçilər arasında bir sıra patologiyaların ilkin əlamətləri ilk dəfə olaraq aşkar edilmişdir. Belə ki, ürək-qan damar sistemi xəstəlikləri üzrə ixtisaslaşmış müayinə çadırına müraciət edən 131 vətəndaşdan 29 nəfərində hipertoniya xəstəliyinin ilkin əlamətləri aşkar edilmiş və onlara daha əsaslı müayinə üçün müvafiq göndərişlər verilmişdir.

Şəkərli diabet və sağlam həyat tərzi üzrə ixtisaslaşmış çadıra müraciət etmiş 152 nəfər müvafiq müayinələrdən keçmişdir.

Qadın və uşaqların sağlamlığı üzrə ixtisaslaşmış çadırda 110 nəfər müraciətçi müayinələrə cəlb olunmuş və onların 5 nəfərində süd vəzisi ilə bağlı patologiya aşkarlanmışdır. 14 nəfər bir yaşınadək körpədə erkən raxit əlamətləri, 26 körpədə isə çəki ilə əlaqədar problemlər aşkarlanmışdır.

Prostat vəzinin xəstəlikləri və sağlam həyat tərzi üzrə ixtisaslaşmış çadırda isə əsasən kişi əhalisinin müayinəsi təşkil edilmişdir. Bu çadırda eyni zamanda tütün məhsullarından istifadə edən vətəndaşların ağciyərlərinin funksional vəziyyətini yoxlamaq məqsədi ilə spirometriya müayinəsi aparılmış, tütün çəkmənin zərərləri və bu vərdişdən qurtulmaq yollarına dair müvafiq tövsiyələr verilmişdir. Çadırda həmçinin müayinə olunan 18 vətəndaşın hər birində müxtəlif formada sidik–cinsiyyət sistemi ilə bağlı patologiyalar aşkar edilmişdir.

Səhhətində problemlər aşkarlanan şəxslərin hər birinə daha dərin müayinə və müalicə ilə əlaqədar müvafiq tövsiyələr verilmişdir. Vətəndaşlara həmçinin sağlam həyat tərzi, şəkərli diabetin ağırlaşmalarının profilaktikası və sağlam qidalanma ilə bağlı, analara körpələrin düzgün qidalanması və qulluğuna dair tövsiyələr verilmiş, körpələrə qulluq üçün gigiyenik vasitələr hədiyyə edilmişdir, maarifləndirici çap materialları paylanılmışdır.

Layihənin açılış mərasimində vətəndaşlara oktyabr-dekabr aylarında Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində keçiriləcək “Sağlamlıq həftələri” müddətində əldə edə biləcəkləri xidmətlər haqqında ətraflı məlumat verilmişdir.

Zəng sifariş et