28 Fevral 2020 15:51

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatı - YENİLƏNİB

Saat 19:57

İran İslam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar.

Koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş vermişdir.

Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcəkdir.

Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər.

Saat  15:52

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19)  infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.

Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

Zəng sifariş et