11 Oktyabr 2019 16:12

2020-ci ildən tibb müəssisələrində 20 keyfiyyət standartı tətbiq ediləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sığortaolunanların ilkin səhiyyə xidməti (İSX) üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydası hazırlanır. 

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bu qaydalar poliklinikalarda sahə həkimlərinə təhkim olunmuş vətəndaşların elektron formada qeydiyyatının aparılmasını tələb edir. Bu məqsədlə də Agentlik tərəfindən Bakı şəhəri üzrə poliklinikalara müvafiq tapşırıq verilib.

Agentlikdən bildirilib ki, “Tibbi sığorta haqqında” qanuna əsasən, xidmətlər zərfinin baza hissəsinə aid olan İSX, təcili və təxirəsalınmaz tibbi yardım xidməti bütün şəxslər üzrə dövlət büdcəsi hesabına göstəriləcək. İSX üzrə sığorta ödənişi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada tibbi ərazi bölməsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödəniləcək (maddə 15-15.1).  

Məlumatda qeyd olunub ki, İSX-nin üzərinə qoyulmuş öhdəliklərin lazımi qaydada yerinə yetirilməsi məqsədilə əhalinin müvafiq tibb müəssisələrinə təhkim edilməsi zəruridir. Nəticədə vətəndaşın sığortalı olub-olmamasından asılı olmayaraq İSX-yə təhkim olunması onun tibbi xidmətlərə əlçatanlığını təmin edəcək. İSX göstərən tibb təchizatçısı yalnız ona təhkim olunmuş sığortaolunanlara xidmət edəcək. 

Sahə həkimlərinin və onlara təhkim olunan vətəndaşların elektron qaydada qeydiyyata alnması İSX-nin işinin düzgün tənzimlənməsinə və gələcəkdə vətəndaşın ilk növbədə ailə həkiminə (indiki halda sahə həkiminə) müraciətinə xidmət edəcək. Həmçinin ehtiyac olduğu təqdirdə ailə həkimi ixtisas həkiminə elektron göndəriş verə biləcək. Əks halda isə ailə həkiminə müraciət etmədən tibb müəssisəsinə gedən vətəndaş əlavə olaraq azadolma məbləği ödəyəcək.

Sorğuya əsasən bildirilib ki,  2020-ci ildən etibarən tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədi ilə ilkin mərhələdə 16 indikatorun tətbiqi planlaşdırılıb. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək.

Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, İTS-nin məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. Oktyabrın 1-nə olan məlumata görə, 120 tibb müəssisəsi 2300 ədədə yaxın kompüter avadanlığı ilə təchiz olunub. İnternetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 72 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub.Agentlikdən bildirilib ki, İKT sahəsi üzrə görülən işlər tibb müəssisələrinin personalı üçün müvafiq təlimlərin keçirilməsini də zəruri edib. Bu məqsədlə iyul ayından etibarən Agentliyin əməkdaşları tərəfindən xəstəxanaların tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlərin keçirilməsinə başlanılıb. Oktyabrın 1-ə olan məlumata görə, ölkə üzrə 200-dən çox tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib.  

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən etibarən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. 

Əsmər Qabil, apa.az

 

Zəng sifariş et