17 Fevral 2024 22:33

Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...

...Deməli, mümkün imiş. Deməli, bunu etmək olardı. Yetər ki, istək, şəffaflıq olsun və iş dürüst adamlara tapşırılsın. Söhbət icbari tibbi sığortadan gedir. Düz 8 ildir ki, vətəndaş həkimin qəbuluna düşür, müayinə olunur, əlini cibinə salmadan və ağxalatlının da cibinə qoymadan xəstəxananı tərk edir. 8 il əvvəl bunu kiməsə deyəndə gülürdü, ələ salırdı, inanmırdı. Yaxud da yuxu kimi gəlirdi, uzaq görünürdü. Bizə elə gəlirdi ki, tibbi sığorta yalnız Almaniyada, İsraildə, Kanadada ola bilər.

Amma sübut olundu ki, biz başqalarından geri qalmırıq, əksik də deyilik. Bu işi məhz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və həmçinin, TƏBİB reallaşdırdı. Bir tarix yazdılar, bir inqilab etdilər ölkə səhiyyəsində... Bütün eybəcərlikləri aradan qaldırıb xalqa tibbi sığortanın dadızdırdılar. Rubrika.Az qeyd edir ki, artıq Agentliyin fəaliyyətinin 8 ili tamamdır.

Bu 8 ildə icbari tibbi sığortanın təşkili, genişlənməsi, daha çox insanı əhatə etməsi, daha çox tibbi xidmət sahələrinə şamil edilməsi üçün fəaliyyət göstərilməkdədir. Agentliyin 8 illiyə həsr olunmuş tədbirdə də bu mövzuda geniş söz açıldı. Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, struktur bölmə rəhbərləri və əməkdaşlar iştirak ediblər. Agentliyin keçdiyi inkişaf yolundan söz açan İdarə Heyətinin üzvləri universal tibbi təminatın qurulması və qurumun qarşısında duran hədəflərin əhəmiyyətindən danışıblar. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Agentlik əməkdaşlarını təbrik edib və onlara işlərində uğurlar arzulayıb.

Tədbirdə Agentliyin dəyərləri, eləcə də karyera yüksəlişinə nail olan əməkdaşların təəssüratlarını əks etdirən video çarxlar nümayiş olunub.
Rubrika.Az-ın qənaətinə görə, ümumiyyətlə, bütün bunlar ilk növbədə belə bir həqiqətin təsdiqidir ki, əhalinin sağlamlığının qorunması, tibbi təminatın hər kəs üçün əlçatan olması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritet istiqamətlərini təşkil edir və dövlət bu məsələdə həmişə vətəndaşının yanındadır.

2016-cı ildə respublikamızda icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxs - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin fəaliyyətinin məqsədləri əhalini icbari tibbi sığortaya cəlb etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir.

Əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sosial layihə olan icbari tibbi sığortanın 2021-ci ildən etibarən respublikamızda tam tətbiqi də bir daha təsdiq edir ki, həyata keçirilən dövlət siyasətinin mərkəzində ilk növbədə insan amili dayanır. Müqaviləli tibb müəssisələrinə təkcə dövlət tibb müəssisələri deyil, özəl xəstəxanalar da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası göstərə bilmir. Ona görə də özəl tibb müəssisələri ilə müqavilələr imzalanır. Özəl xəstəxanaların seçimi prosesində müəyyən meyarlar nəzərə alınır. Məsələn, belə müəssisələr daha geniş spektrda xidmət təklif edən xəstəxanalar olmalıdır ki, vətəndaş ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə edə bilsin.

Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq.
Öz işinin ustası olan və ən əsası göstərilən etimadı doğruldan kadrların qa­zandığı uğurları gördükcə gələcəyə nikbin baxmamaq olmur. Azərbaycan səhiyyəsinin yaxın gələcəkdə dünyanın qabaqcıl səhiyyə sistemlərindən biri olacağı şübhəsizdir. Qalib və müzəffər xalqa da bu yaraşır.

Beləliklə, dövlətin ali iradəsi və xalqa təmənnasız xidmət istəyi Azərbaycan səhiyyəsində növbəti uğur səlnaməsini yaradıb. Bu gün hər bir vətəndaş ürəklə tibbi xidmətlərdən istifadə edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ona bəslənən ümidləri real işlərlə doğrultdu, yeniliklə köhnəliyin mübarizəsindən qalib ayrılmağı bacardı.

Rubrika.az

Zəng sifariş et