27 Oktyabr 2023 14:00

Bütün ölkədə icbari tibbi sığorta qüvvədədir

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin icbari tibbi sığortanın tətbiqi ilə bağlı 2018-ci ilin 20 dekabrında imzaladığı Fərman bütün ölkədə rəğbətlə qarşılandı. Təkcə ona görə yox ki, icbari tibbi sığortanın tətbiqi vətəndaşlara səhiyyə xidmətindən ödənişsiz istifadə hüququ verəcəkdi. Zatən, icbari tibbi sığortanın olmadığı dövrlərdə də əhalinin səhiyyə xidmətlərindən ödənişsiz istifadə hüququ vardı, ölkədə dövlət tibb müssisələri, poliklinikalar, xəstəxanalar, müalicə sanatoriyaları fəaliyyət göstərirdi. İcbari tibbi sığortanın tətbiqi haqqında Fərmanın böyük rəğbətlə qarşılanmsının əsas səbəbi səhiyyə xidmətlərinin bundan sonra daha keyfiyyətli, daha əlçatan olacağına inam idi. İcbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemimizdə fərqli bir dönəm - dünya standartlarına uyğunlaşma dövrü başlayırdı. Və bu, təbii ki, ictimaiyyəti sevindirməyə bilməzdi. Bu fərmanla cənab Prezident dövlət siyasətinin sosialyönümlü olduğunu, vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin edilməsini, əhalinin sağlamlığının prioritet olduğunu təsdiqlədi. Fərmanda qeyd olunurdu ki, Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.

Son illərdə həyata keçirilən islahatlar nəticəsində dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradır. Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli Fərmanı ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməyə başlandı.  Layihə çərçivəsində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edildi, icbari tibbi sığortanın tətbiqinin üstünlükləri və əhəmiyyəti barədə əhalidə əyani təsəvvür yarandı.

Bundan başqa, göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr həkimlərin və digər səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsinə səbəb oldu. Prezidentin fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi– TƏBİB yarandı və bir çox tibb müəssisələri və tibb yönümlü təsisatlar TƏBİB-in tabeliyinə verildi. 2020-ci il yanvarın 1-dən etibarənsə icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi yekunlaşdı. İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi getdikcə genişlənir, xidmətlər zərfinə daha çox xəstəliklərin müalicəsi daxil edilir. Lakin buna baxmayaraq, ictimaiyyətdə icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsi qaneedici deyil. Əhali arasında icbari tibbi sığorta barədə az məlumatlı olanlar var ki, bu da bəzən xoşagəlməz halların yaranmasına səbəb olur. Hansısa xəstəlikdən əziyyət çəkən insanlarla bağlı sosial şəbəkələrdə məlumat yayılır, müalicə xərcləri üçün pul toplanmasına çağırışlar edilir. Belə bir yanlış təəssürat formalaşır ki, dövlət müalicə xərclərini qarşılamır, icbari tibbi sığortanın xəstələrə bir köməyi dəymir. İctimaiyyətdə icbari tibbi sığorta ilə bağlı real fikrin formalaşmasını zəruri hesab edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məhz bununla əlaqədar məlumat yayıb. Məlumatda qeyd olunur ki, bəzi hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə müraciət etmək və burada icbari tibbi sığortanın qarşıladığı tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququndan istifadə etmək əvəzinə səhhətləri ilə bağlı yaranan problemləri həll etmək üçün maliyyə yardımı toplamağa çalışırlar: 

“Təəssüf ki, bəzən media mənsubları məsələni araşdırmadan, vətəndaşı tibbi xidmətlərdən istifadə etmək hüququnun olduğu barədə məlumatlandırmadan dəqiqləşdirilməmiş informasiyalar dərc edirlər. Məlumatların onlayn media məkanında tirajlanması cəmiyyətdə çaşqınlıq və cavabdeh qurumların fəaliyyətinə inamsızlıq yaradır. Media nümayəndələrindən, vətəndaşlarımızdan bu kimi hallarla qarşılaşdıqda məsələnin araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məlumat vermələrini rica edirik. Vətəndaşlar Agentliyin “1542” Çağrı mərkəzi, qurumun rəsmi internet səhifəsi üzərindən “Zəng sifariş et” və "Elektron müraciət" bölmələri, eləcə də info@its.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Daxil olan hər bir müraciətə həssaslıqla yanaşılır və müraciətlər qanunvericiliyə uyğun olaraq cavablandırılır. Müvafiq tibbi xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə vətəndaşa ödənişsiz şəkildə göstərilməsi təmin edilir". Qeyd edilən halların araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yardım toplayan şəxslərlə əlaqə saxlanılıb. Onlara tələb olunan tibbi xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz göstərildiyi barədə məlumat verilib, müvafiq tibb müəssisəsində xidmətin təşkili təklif olunub. Bir çox hallarda vətəndaşlar təklif olunan tibbi xidmətdən əsassız olaraq imtina ediblər. Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 3315 tibbi xidmət ödənişsiz qarşılanır. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta hesabına aparılır. Həmin xidmətlərin sırasında sümük iliyi, böyrək və qaraciyər transplantasiyası, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, bud-çanaq və diz oynağının endoprotezləşdirilməsi, dirsək və çiyin oynaqlarının total dəyişdirilməsi və s. əməliyyatlar yer alır. Vətəndaşlar icbari tibbi sığorta ilə tibbi xidmətlərdən ödənişsiz istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər".

Məsələ barədə “Sherg.az”a danışan həkim-terapevt Şahvələd Məmmədov qeyd etdi ki, əhalinin icbari tibbi sığorta və xidmətlər zərfi – hansı xəstəliklərin müalicə olunduğu, hansı cərrahi əməliyyatların dövlət hesabına həyata keçirildiyi barədə mütəmadi məlumatlandırılması vacibdir: 

- Bəzən vətəndaşlar bu barədə yetəri qədər məlumata sahib olmur, icbari tibbi sığorta nə üçündür, hansı xəstəliklərin müalicəsi dövlət hesabına, ödənişsiz həyata keçirilir, bilmirlər. Belə vəziyyətdə, əlbəttə, başqa instansiyalara üz tuturlar. Maddi imkanı çatan özəl klinikalara müraciət edir, imkansız insanlar da dərdlərinə müxtəlif üsullarla çarə axtarırlar. Dövlətimiz, icbari tibbi sığorta xidməti təşkil edib, bütün ölkədə bu xidmət qüvvədədir, fəaliyyətdədir. Vətəndaşların başqa üsullara əl atmasını, məlumatsızlıqla əlaqələndirirəm. Vacibdir ki, vətəndaşlar mütəmadi məlumatlansınlar. Bunu yerli poliklinika şöbələri də etməlidir. Çünki vətəndaşlar əksər hallarda öncə poliklinikaya müraciət edir. Poliklinikalar vətəndaşları düzgün yönləndirməlidir. Sahə həkimləri vətəndaşı hansı xəstəlik üzrə hara istiqamətləndirməli olduqlarını bilməlidirlər. Son zamanlar özəl klinikalar arasında icbari tibbi sığorta xidmətinə cəlb olunanların sayı da artır. Ola bilər, dövlət tibb müəssisələrinin hansındasa müəyyən laborator analizlər, kompüter-tomoqrafiya olmasın, amma özəl klinikalarda var və dövlətin göstərişi ilə özəl klinikalar da vətəndaşa icbari tibbi sığorta çərçivəsində ödənişsiz xidmət göstərə bilir. Əlbəttə, arzuolunandır ki, müalicə xərcləri böyük olan, böyük miqdarda vəsait tələb olunan xəstəliklər də tezliklə icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilsin. Bu barədə dəfələrlə Milli Məclisdə də müzakirələr aparılıb və təkliflər irəli sürülüb. Ümid edirik ki, bu məsələlər də tezliklə həllini tapacaq, icbari tibbi sığortanın büdcəsi daha da artacaq və daha bir neçə xəstəliklərin müalicəsi xidmətlər zərfinə əlavə ediləcək. Bu, dövlət maraqlarına xidmət edən vasitə olaraq vətəndaş məmnunluğunu da artırar. 

Sherg.az

Zəng sifariş et