03 Noyabr 2023 11:50

“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”

“Qafqazinfo” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın “Medinex-2023” sərgisi ilə bağlı müsahibəsini təqdim edir:

-  Təşkilatınız öz stendində hansı məhsulları, layihələri və ya xidmətləri nümayiş etdirəcək? 

- Bu il də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Medinex” sərgisində rəsmi tərəfdaş qismində çıxış edir. Agentliyin bu ilki stendi daha innovativ görkəmlə diqqət çəkəcək. Əsas məqsədimiz, yenə icbari tibbi sığorta haqqında məlumatları təqdim etməkdir və bu il bunu daha maraqlı şəkildə etməyi düşünürük. Xatırlayırsınızsa, ötən sərgidə Şəfa adlı maskotumuz var idi, iştirakçıların və ziyarətçilərin sevimlisinə çevrilmişdi. Bu dəfə Şəfanı daha innovativ şəkildə təqdim edəcəyik və ziyarətçilər müasir texnologiyanın yaratdığı imkanlardan istifadə etməklə Şəfa ilə birbaşa söhbət edə, icbari tibbi sığorta ilə bağlı suallarını ona ünvanlaya biləcəklər. Düşünürük ki, Şəfanın builki təqdimatı ziyarətçilərin marağına səbəb olacaq. Agentliyin sərgidə quraşdırılan stendində ziyarətçilər, həmçinin toxunma ekranlı monitor (touch screen) və çap materialları vasitəsi ilə də icbari tibbi sığorta ilə bağlı məlumatlar əldə etmək imkanı qazanacaqlar. Toxunma ekranlı monitorda vətəndaşlar və həkimlər üçün məlumatlar ayrı-ayrı səhifələrdə təqdim ediləcək.

-  “Medinex 2023” və ya “Beauty Azerbaijan 2023” sərgilərinin ziyarətçilərinə region üçün yeni olan hansı texnologiya, məhsul və ya xidmətləri nümayiş etdirəcəksiniz?

- Agentliyin informasiya texnologiyaları sahəsindəki layihələri – “e-Tabib” mobil tətbiqi və “Diabetim.az – Virtual Diabet Məktəbi” də sərgi iştirakçıları və ziyarətçilərinə təqdim ediləcək. O cümlədən, “e-Tabib” mobil tətbiqinə əlavə olunacaq randevu sistemi haqqında məlumat veriləcək.  Həmçinin, iştirakçılara və ziyarətçilərə Agentliyin digər İT layihələri və gələcək planları ilə bağlı ətraflı məlumatlar təqdim olunacaq.

İnnovasiyalarımız bununla yekunlaşmır. Belə ki, Agentliyin stendində müasir tibbi avadanlıqlar nümayiş olunacaq. Portatif USM, rentgen, elektrokardioqraf, spirometriya, eləcə də ən son texnologiyalar əsasında oftalmoloji müayinələrə imkan verən avadanlığın sərgi ziyarətçilərinin marağına səbəb olacağına əminik. Bu cihazları mobil avadanlıqlar vasitəsilə idarə etmək mümkündür və ölçüləri çox kiçikdir. Təsəvvür edin, təqdim edəcəyimiz rentgen cihazının çəkisi 4 kiloqramdan azdır. Haqqında danışdığımız innovativ avadanlıqların ölçüləri kiçik olsa da, dəqiq nəticələrin əldə olunmasına imkan yaradır. Onu da qeyd edək ki, sərgi günlərində stenddə qeyd olunan müasir tibbi avadanlıqlarla müayinələr də təşkil olunacaq.

Sərgidə iştirakınızın əsas məqsədi nədir və stendinizdə ən çox hansı sərgi ziyarətçilərini görmək istərdiniz?

- “Medinex” sərgisi Azərbaycanda tibb və səhiyyə sahələrini əhatə edən yeganə və mühüm tədbirdir. Sərgi dövlət və özəl sektor arasında yeni tərəfdaşlıqların inkişafına, beynəlxalq sferada işgüzar əlaqələrin təşviqinə imkan verir. Agentliyin sərgidə iştirakı da öz növbəsində icbari tibbi sığorta sisteminin yerli və beynəlxalq müstəvidə nümayişidir. Məqsədimiz sərgi iştirakçılarını və ziyarətçiləri mühüm səhiyyə islahatı olan və bütün ölkədə tətbiq edilən icbari tibbi sığorta sistemi, bu yaxınlarda yenilənən və 3315 tibbi xidməti əhatə edən Xidmətlər Zərfi, Agentliyin ümumi fəaliyyəti ilə tanış etməkdir. Stenddə Agentlik əməkdaşlarının birbaşa iştirakı ziyarətçilərə sığorta barədə onları maraqlandıran bütün suallara yerindəcə cavab almaq imkanı verəcək. İcbari tibbi sığorta barədə məlumat əldə etmək istəyən hər kəsi stendimizdə görməkdən məmnun olarıq.

Qafqazinfo.az

Zəng sifariş et