23 İyul 2019 14:59

“Dövlət Proqramı ictimai səhiyyə üzrə bilik və təcrübə qazanmağıma imkan verdi”

Tural Qulu: “Akademik fəaliyyətimə davam edərək universitetdə dərs demək istəyirəm”

Hər bir ölkənin inkişafı onun dünya düzənində rəqabət qabiliyyətliliyini müəyyən edən insan potensialının hərtərəfli hazırlığından, intellektual səviyyəsindən asılıdır. Bu mənada ölkə Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir. Məhz bu proqram ölkəmizdə yenilikçi, müasir düşüncəli, yüksək hazırlıqlı milli mütəxəssislərin yetişməsində mühüm rol oynamışdır. Proqramın ilk məzunları artıq cəmiyyət həyatının müxtəlif sahələrində çalışmaqla Azərbaycanın inkişafında öz töhfələrini verməkdədir. “Dövlət Proqramı məzunları” rubrikasında növbəti müsahibimiz hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifəsində çalışan Tural Quludur. Onunla iş yerində görüşüb söhbətləşirik.

Tanıtım. 8 iyun 1989-cu il tarixində Bakı şəhərində anadan olub. 2006-cı ildə Kimya- Biologiya Təmayüllü Respublika liseyini bitirib. 2006-cı ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında IV ixtisas qrupu üzrə ən yüksək bal (687) toplayaraq Azərbaycan Tibb Universitetinin (ATU) stomatologiya fakültəsinə daxil olub. Yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülüb. Daha sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetində “İctimai səhiyyə” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə ABŞ-ın Milli Səhiyyə İnstitutunun təqaüdü ilə Harvard Universitetində doktoranturadan sonrakı ixtisasartırma proqramı keçib.

- Uşaqlıqdan arzunuz həkim olmaq idi?

- Ailəmizdə hamı həkimdir, qohumlarımızdan da həkimlər çoxdur. Bu baxımdan, mənim alternativim yox idi, orta məktəbdən həkimlik istiqamətində hazırlaşırdım. Kimya-biologiya təmayüllü liseydə oxuduğum dövrdə də birinci məqsədim Tibb Universitetinə qəbul olmaq və ikincisi isə Prezident təqaüdçüsü olmaq idi. Bunlara nail ola bildim. Buna görə də keyfiyyətli təhsil almağıma şərait yaradan bütün müəllimlərimə təşəkkür edirəm.

Ali məktəblərə qəbul imtahanlarında IV qrup üzrə respublika birincisi oldum. Bu nailiyyətimə görə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər mükafatına layiq görüldüm. Tibb Universitetində təhsilimi Prezident təqaüdü ilə başa vurdum.

- Bəs xaricdə təhsil almağa necə qərar verdiniz?

- Bu illər ərzində mən xaricdə təhsillə çox maraqlanırdım, müxtəlif istiqamətlərdə imkanlar var idi: Türkiyə, Rusiya və başqa ölkələrdə. Ancaq elə oldu ki, universiteti bitirdikdən sonra təhsilimi İngiltərədə davam etdirdim, həm də bir qədər fərqli istiqamətdə. ATU-da stomatologiya ixtisasında oxuyurdum, sonra isə ictimai səhiyyə üzrə magistratura təhsili aldım. Bu qərara gəlməkdə əsas səbəb Tibb Universitetində oxuduğum dövrdə daha çox kliniki iş yox, praktik səhiyyə təşkilatçılığı ilə məşğul olmaq, beləliklə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşması istiqamətində işləmək istəyi idi. İctimai səhiyyə üzrə təhsil almış çox az sayda azərbaycanlı var, onlarla söhbət etdim, bu sahə ilə maraqlandım. Və qərara gəldim ki, Şeffild Universitetinə müraciət edim. Mənim üçün çox sevindiricidir ki, Dövlət Proqramı çərçivəsində bir il Britaniyada magistratura təhsili ala bildim.

- İxtisasınız barədə bir qədər ətraflı məlumat verərdiniz...

- İctimai Səhiyyə Məktəbi Harvard Universitetinin 13 məktəbindən biridir. İctimai səhiyyə xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasını öyrətməklə və profilaktik tədbirlər vasitəsilə insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin edir. İctimai səhiyyənin təşkili, səhiyyə siyasəti, səhiyyə iqtisadiyyatı, səhiyyənin maliyyələşdirilməsi, biostatistika və epidemiologiya kimi altı istiqaməti var. İctimai səhiyyə Azərbaycanda səhiyyənin inkişafi üçün çox vacib sahədir. 2020-ci ildən ölkə ərazisində icbari tibbi sığorta sisteminin tətbiqi üçün savadlı həkim mütəxəssislərlə yanaşı, ictimai səhiyyə üzrə mütəxəssislərə də ehtiyac yaranacaq.

- Dövlət Proqramının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Ölkəmizdə istedadlı gənclərə göstərilən dövlət qayğısını çox yüksək qiymətləndirirəm. Xüsusən də Dövlət Proqramının əhəmiyyəti böyükdür. Dövlət Proqramı məzunu olduğuma görə özümü çox şanslı hesab edirəm. Bu proqram dövlətin gənclərə olan dəstəyinin bariz nümunəsidir. Dövlət Proqramı sayəsində minlərlə gənc xaricdə təhsil alıb vətənə qayıdıb və müxtəlif sahələrdə ölkəmizin inkişafına töhfə verməkdədir. Bu gənclər arasında akademik fəaliyyət göstərənlər də var. Onlar xaricdə aldığı bilik və təcrübə ilə yerli universitetlərdə dərs deməklə təhsilin inkişafına, gənclərin müasir bilik və bacarıqlara yiyələnməsinə dəstək olurlar. Bundan əlavə, ölkəmizdə istedadlı gənclərə dəstək üçün müxtəlif proqramları da qeyd etmək istəyirəm. Xüsusilə, Gənclər Fondunun gənclərin təhsil, işlə təmin olunma, sahibkarlıq və digər sahələrdə dəstəklənməsi istiqamətində həyata keçirdiyi uğurlu işləri yüksək qiymətləndirirəm.

- Tələbəlik illərində hansısa layihələrdə iştirak etmisiniz?

- İngiltərədə magistr tələbəsi olduğum dövrdə, dərslərlə yanaşı tələbə cəmiyyətində də aktiv olmağa çalışırdım. Şeffild Universitetinin tələbə cəmiyyəti artıq 11 ildir ki, ardıcıl olaraq Böyük Britaniyada ən yaxşı tələbə cəmiyyəti seçilir və orada həm tədbirlərin, həm müxtəlif təlimlərin keçirilməsi baxımından çoxlu imkanlar var. Biz, Şeffild Azərbaycan Cəmiyyəti olaraq müxtəlif Novruz, Yeni il şənlikləri, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbirlər keçirdik. Müxtəlif ölkələrin nümayəndələrini tədbirimizə dəvət edərək ölkəmiz, adət-ənənələrimiz, həmçinin işğal olunmuş ərazilərimiz barədə onlara məlumatlar verirdik. Bu, bizim vətəndaşlıq borcumuz idi.

- İxtisasınıza uyğun iş tapmaq çətin olmadı ki...

- Çətin olmadı. Şeffild Universitetində təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtdım. Bir müddət dövlət qurumlarında işlədim və 2015-ci ildə Amerikanın Harvard Universitetində doktoranturadan sonrakı ixtisasartırma təhsili aldım. Təhsilimi tamamladıqdan sonra artıq 3 ildir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində işləyirəm.

Bizdə ictimai səhiyyə üzrə magistratura təhsili alanların sayı azdır, amma bu istiqamətə maraq getdikcə artır. Bu ixtisas üzrə Azərbaycanda özəl və dövlət sektorunda işləmək mümkündür. Bu sahəyə tələbat daha da artacaq.

- Hazırda icbari tibbi sığorta sahəsində hansı proseslər gedir?

- 2017-ci ildən Mingəçevir şəhəri və Yevlax rayonunda, daha sonra 2018-ci ildə Ağdaş rayonunda pilot layihə olaraq icbari tibbi sığortanın tətbiqinə başlanıldı. Bu layihənin uğurlu nəticəsi olaraq 2020-ci ilin 1 yanvarından ölkə üzrə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub. Hazırda biz hazırlıq çərçivəsində həm tibb müəssisələrinin ilkin qiymətləndirilməsini aparırıq, həm də müxtəlif qanunvericilik sənədləri və qaydalar üzərində işlər gedir.

- Necə bilirsiniz, icbari tibbi sığortanın tətbiqi insanların gözləntilərini doğruldacaqmı?

- Əksər Avropa ölkələri icbari tibbi sığortanı tətbiq edərək səhiyyənin inkişafına nail olub. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin yeni mənbəyin yaradılmasına, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müalicə və diaqnostik imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq. Pilot layihənin nəticələri bunu deməyə əsas verir.

- Vətəndaşlar üçün bu prosedurlar necədir?

- İcbari tibbi sığorta səhiyyənin maliyyələşmə modelidir və sosial həmrəylik prinsipinə əsaslanır. “2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Xidmətlər zərfinin baza hissəsi üzrə Azərbaycan dövləti hər kəsi sığortalayır, həm vətəndaşları, həm də əcnəbiləri, vətəndaşlığı olmayan şəxsləri. Buraya ilkin səhiyyə xidməti, yəni ailə həkiminin göstərdiyi xidmətlər, həmçinin təcili tibbi yardım xidməti daxildir. Bu xidmətlər dövlət tərəfindən sığortalanır və əlavə heç bir ödəniş etməyə ehtiyac yoxdur. Xidmətlər zərfinin əlavə hissəsi üzrə də əhalinin bir qrupu dövlət tərəfindən sığortalanır. Bunlara 18 yaşa qədər uşaqlar, 23 yaşa qədər olan tələbələr, sosial müavinət və ünvanlı sosial yardım alanlar, pensiyaçılar, hamilə və sosial məzuniyyətdə olan qadınlar aiddir. Əmək müqaviləsi ilə çalışanlar isə əməkhaqqından 4 faiz sığorta haqqı ödəyəcəklər. Digər əhali qrupları isə illik 120 manat, aylıq 10 manat olmaqla sığorta haqqı ödəməlidir ki, xidmətlər zərfinin əlavə hissəsindən yararlansınlar. Siz sığortalısınızsa xəstəxanaya gedib şəxsiyyət vəsiqənizi təqdim etməklə bu xidmətlərdən yararlana bilərsiniz.

- Səhiyyə sistemimiz icbari tibbi sığortanı həyata keçirmək üçün lazımi maddi- texniki bazaya malikdirmi?

- Son illər Bakıda və regionlarımızda ən müasir tələblərə cavab verən səhiyyə müəssisələri inşa olunub. Mövcud tibb müəssisələri əsaslı təmir olunub, onların maddi-texniki bazası güclənib, müasir avadanlıqlarla təchiz edilib. Peşəkar kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün imkanlar genişdir. Pilot ərazilərdə bizim artıq 2 ildən çox təcrübəmiz var, bu təcrübədən bəhrələnib 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanılacaq.

- Xaricdə təhsil proqramı həyatınızı dəyişdimi?

- Xaricdə təhsilin üstünlükləri çoxdur. Birinci növbədə, insan müasir bilik və bacarıqlar əldə edir, öyrənir və ikinci növbədə, ən əhəmiyyətli məsələlərdən biri - insanın dünyagörüşü, üfüqləri genişlənir, gələcəkdə daha çox uğur əldə etmək, uğurlu karyera qurmaq imkanları artır. Üçüncü növbədə, xüsusi qeyd edim ki, xaricdə təhsil sahəsində insanın əlaqələrinin genişlənməsi gələcəkdə həm də müxtəlif layihələrə cəlb olunmaq baxımından çox faydalıdır. Xaricdə təhsil həm də insanın şəxsiyyət kimi formalaşmasına, dünyagörüşünün artmasına və müxtəlif mədəniyyətlərlə tanış olmasına imkan verir. Dövlət Proqramı mənə xaricdə təhsil almaq arzumu reallaşdırmağa və ictimai səhiyyə üzrə bilik və təcrübə qazanmağıma imkan verdi.

- Gənclərə hansı tövsiyələriniz var?

- Əgər insan bir şeyi çox istəyirsə və bu istiqamətdə məqsədyönlü çalışırsa onda mütləq alınacaq. Əgər minlərlə gənc xaricdə təhsil alıb mütəxəssis kimi yetişməyi bacarıbsa, demək bu mümkündür. Mən həm ATU-da, həm Şeffilddə, həm də Harvardda təqaüdlə oxumuşam. Sadəcə çox çalışmaq, təqaüd proqramları axtarmaq və universitetlərə müraciət etmək lazımdır. 10 il əvvələ baxanda, hazırda gənclərin xaricdə təhsil alması, mütəxəssis kimi yetişməsi üçün daha çox fürsət var. Gənclərə üz tutub deyirəm ki, əgər siz doğrudan da xaricdə təhsil almaq istəyirsinizsə, bu istiqamətdə aydın hədəfiniz varsa, sizə heç bir maneə yoxdur. Bu sahədə sizə nə kimi dəstək lazımdırsa xaricdə təhsil almış gənclərə müraciət edə bilərsiniz. Mən bacardığım qədər xaricdə təhsil almaq istəyən gənclərə dəstək olmağa çalışıram.

Xaricdə təhsil almaq istəyən gənclərə 3 tövsiyəm var. Birincisi, təhsil almamışdan əvvəl ən azı 2 il iş təcrübənizin olması çox vacibdir. Bu, sizin təhsil alacağınız istiqaməti seçməyə çox kömək olacaq. İkincisi, təhsil alacağınız istiqaməti, ölkəni, şəhəri və universiteti seçərkən diqqətli olun, xaricdə təhsil almış gənclərlə məsləhətləşin. Elə bir istiqamət seçin ki, gələcəkdə bu sahədə karyera qura biləsiniz. Üçüncüsü, təhsil aldığınız dövrdə yalnız oxumağa yox, universitetin sosial həyatında aktiv olmağa, müxtəlif proqramlarda könüllü, imkan varsa işləməyə çalışın.

Xaricdə oxuyarkən nəzəri biliklərlə yanaşı praktik bacarıqlar qazanmaq sizin əmək bazarında rəqabətliliyinizi artıracaq.​

- Şeffild Universitetinin tədris mühiti barədə nə deyə bilərsiniz?

- Şeffild Universitetinin tədris mühiti kifayət qədər fərqlənirdi. Gənclərimiz orada təhsil alanda bir müddət öyrəşə bilmirlər, müəyyən adaptasiya dövrü keçirlər. Ona görə ki, orada heç kim sizdən oxumağı tələb etmir, orada təhsil alanlar ya təqaüdlə, ya da öz hesabına oxuyanlardır. Tələbənin özünə də maraqlı olmalıdır ki, oxusun və öyrənsin. Müəllimlərin əsas işi tələbələrə mühazirə demək və seminar keçməkdir. Amma gündəlik olaraq tələbəni ayağa qaldırıb dərs soruşmaq kimi bir təcrübə yoxdur. Semestrin sonunda inşa, qrup təqdimatları və imtahanlarla tələbələrin bilikləri yoxlanılır. Amma tələbənin universitetdən öyrənə biləcəyi səviyyəni özü müəyyənləşdirir. Bunun üçün hər bir şərait, kitabxanalar və onlayn-oflayn resurslar var. Qalır tələbə otursun, oxusun və öyrənsin. Universitet sizə yaxşı oxumağı məcbur etmir. Tələbələrin özünə oxumaq və ixtisaslaşmaq maraqlı olmalıdır.

- Britaniya ali təhsilindən universitetlərimizdə nələri görmək istərdiniz?

- Bizim universitetlərdə daha yaxşı kitabxanalar görmək istərdim. Çünki Şeffilddə vaxtımızın çox hissəsi kitabxanalarda keçirdi, orda 24 saat işləyən kitabxanalar var, istədiyimiz materialları tapa bilirdik. Bu baxımdan kitabxanaların keyfiyyətli olması tələbələrin öyrənməsinə də təsir edir. İkinci tərəfdən tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün müxtəlif dərnəklər və idman yarışları təşkil olunur. Əlavə olaraq deyim ki, xarici universitetlərdə təhsil tam elektronlaşıb. Bütün tədris materialları universitetin saytında yerləşdirilib. Bizim ali məktəblərdə də bu sahədə görülən işlər çoxdur. Gələcəkdə də daha çox kompüter əsaslı təhsilin gücləndirilməsi tələbələrin öyrənməsinə təkan verərdi.

Britaniya universitetlərində təhsil ilə əmək bazarı arasında birbaşa əlaqə var. Dərslərdə daha çox praktik biliklər öyrədilir. Universitetlərdə tələbənin iş tapması üçün karyera mərkəzi fəaliyyət göstərir. Həmçinin, universitetlərdə tez-tez əmək yarmarkaları təşkil olunur, şirkətlər bacarıqlı gəncləri universiteti bitirməmiş işə cəlb edir. Çox istəyərdim ki, bizim universitetlərdə də tələbələr üçün bu imkanlar olsun.

- Dövlət Proqramı məzunu olaraq öz bilik və təcrübələrinizi gənclərimizlə bölüşə bilirsinizmi?

- Mən Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi (AUKAA) və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin üzvüyəm və bu çərçivədə həyata keçirilən tədbirlərdə aktiv iştirak edirəm. Biz AUKAA olaraq “Təhsil üçün əl-ələ”, AUKAA Təcrübə Məktəbi kimi layihələr həyata keçirmişik. Bu layihələr çərçivəsində müxtəlif rayonlarda şagirdlərlə görüşərək onlara ixtisas, həm də gələcəkdə universitet seçimində dəstək olurduq. Biz müxtəlif platformalar çərçivəsində gənclərlə davamlı şəkildə ünsiyyətdə olur və onlara öz tövsiyələrimizi veririk. Dostlarımızla birlikdə gənc şagird və tələbələr üçün müxtəlif layihələr həyata keçirir, onlara ixtisas seçimi, təhsil, iş və digər mövzularda dəstək olmağa çalışırıq. Məqsədimiz gənclərin inkişafına faydalı olmaqdır.

- Gələcək hədəfləriniz...

- Gələcək hədəfim Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunmasına, səhiyyənin inkişafına və əhalinin sağlamlığının yaxşılaşdırılmasına öz töhfəmi verməkdir. Bundan əlavə, akademik fəaliyyətimə davam edərək universitetdə dərs demək və səhiyyə sahəsində kitablar yazmaq istəyirəm. Həmçinin, ictimai fəaliyyətimi də davam etdirərək, cəmiyyətin inkişafı, gənclərin maarifləndirilməsi üçün tədbirlər həyata keçirməyi hədəfləyirəm.

Azərbaycan müəllimi qəzeti

Zəng sifariş et