24 Sentyabr 2018 12:14

Əsas hədəf əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərməkdir

Bu sistemin ölkəmizdə uğurlu tətbiqi üçün beynəlxalq təcrübə geniş şəkildə öyrənilir

Bu gün Azərbaycan dünyanın ən inkişaf edən ölkələri sırasındadır. Ölkəmizdə hərtərəfli dinamik inkişaf səhiyyə sahəsində də özünü əyani şəkildə ifadə edir. Ötən illərdə Azərbaycan səhiyyəsinin inkişafı əhəmiyyətli dərəcədə artıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.

Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Onu da qeyd edək ki, bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.

İcbari tibbi sığortanın tətbiqi səhiyyə islahatlarının davamıdır

Hazırda səhiyyə sahəsində islahatlar davam etməkdədir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi bu islahatların məntiqi davamıdır. Artıq bu istiqamətdə sistemli tədbirlər həyata keçirilməkdədir. Qeyd edək ki, bir neçə ildir ki, ölkəmizdə icbari tibbi sığorta sisteminə keçidlə bağlı Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçqi qrupu yaradılıb. Hazırda isə bu sistemin tətbiqi ilə əlaqədar Mingəçevir, Yevlax və Ağdaşda pilot layihələr həyata keçirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də bir neçə ildir ki, səmərəli fəaliyyət göstərərək bu sistemin ölkəmizdə uğurla tətbiq edilməsi üçün bütün zəruri addımları atmaqdadır. Bu sistemin əhalinin sağlamlığı baxımından önəmi xüsusilə nəzərə alındığı üçün agentliyin nümaəyəndələri mütəmadi olaraq xarici ölkələrə səfər edərək beynəlxalq təcrübəni öyrənirlər. Qurumun əməkdaşları Türkiyə, Rusiya, Almaniya, Estoniya və s. ölkələrdə səfərdə olublar.

İTSDA-nIn nümayənədələri müntəzəam olaraq xarici ölkələrdə təcrübə öyrənirlər

Məsələn, ötən ilin may ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssislərinin Rusiya Federasiyasına səfəri zamanı Rusiyada icbari tibbi sığortanın tətbiqi təcrübəsi haqqında geniş məlumat verilib. İcbari tibbi sığorta sistemi çərçivəsindən vətəndaşlara göstərilən xidmətlər, onların əlçatanlığı, dəyərinin hesablanması və göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət sistemləri sahəsində Rusiya Federasiyasında mövcud qanunvericilik bazası ilə tanış olublar. Səfər zamanı Səhiyyə Nazirliyinin və Rusiya Federasiyasının icbari tibbi sığorta fondunun nümayəndələri İTS proqramı və tibbi xidmətlər, sığorta ödənişləri və vergilər, tibbi xidmətlərin ödənişi, tibb müəssisələri və onların fəaliyyətinə nəzarət, İTS üzrə məlumatların toplanma və təhlili və sair istiqamətlərdə Azərbaycan heyətini maraqlandıran sualları cavablandırıblar.

Ötən ilin may ayında Almaniyaya səfər zamanı isə Dövlət Agentliyinin nümayəndələri Almaniyanın Federal Səhiyyə Nazirliyi, İcbari Sağlamlıq Sığortası Fondlarının Milli Assosiasiyası, Özəl Sağlamlıq Sığortası Assosiasiyası, Federal Birgə Komitə, Tibb Assosiasiyası, Xəstəxana Assosiasiyası, “McKinsey” Xəstəxana İnstitutu, Federal Sığorta Agentliyi, Xəstəxanada Təzminat Sistemi İnstitutunun rəsmiləri ilə görüşlər keçirib və sözügedən qurumların fəaliyyətləri ilə yaxından tanış olub.

Beynəlxalq təcrübədən danışarkən, icbari tibbi siğortanın Azərbaycanda tətbiqi prosesində Türkiyə modeli də daha çox öyrənilən modellərdən biridir. Qeyd edək ki, bu məsələ ilə əlaqədar qarşılıqlı səfərlər reallaşıb, geniş təcrübə mübadiləsi aparılıb.

Türkiyə modeli üstün modellərdən biridir

Qeyd edək ki, Türkiyədə vahid şəkildə bu sistemə 2005-ci ildən keçilib. O zamanadək isə ölkədəki xəstəxanalar müxtəlif qurumların nəzdində fəaliyyət göstərirdi. Yeni sistemin tətbiqi ilə bağlı bütün xəstəxanalar Çalışma və Sosial Güvənlik Bakanlığının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - red.) çətiri altına toplanılıb. Belə ki, bu vaxtadək Türkiyədə vətəndaşlara 4 fərqli kateqoriya üzrə tibbi xidmətlər göstərilirdi. Bunlar dövlət məmurları üçün ayrı, işləyənlər, özəl sahibkar və fərdi şəxslər, eləcə də kasıb təbəqəni təmsil edənlər üçün ayrı idi. Sonuncular üçün yaşıl kart deyilən bir sistem tətbiq olunurdu. Bu xidmətlərin hər biri ayrı-ayrı nazirliklər tərəfindən həyata keçirilirdi. Eləcə də tibbi xidmətlərin həm dəyəri, həm də keyfiyyəti, təbii ki, fərqli idi.

Haızrda isə istənilən vətəndaş ölkə daxilində istənilən xəstəxanada müalicə almaq imkanına malikdir. Əsas odur ki, vətəndaş ölkə qanunvericiliyində təsbit edildiyi kimi, vaxtlı-vaxtında tibbi sığorta ödəmələrini vermiş olsun. Doğrudur, kasıb vətəndaşlar, işsizlər bu sığorta ayırmalarından azaddırlar. Dövlət məmurları üçün aylıq ödəməni dövlət, işləyənlər üçün isə sahibkarlar həyata keçirirlər. Kiçik sahibkarlar isə bunu fərdi qaydada ödəyirlər. Bütün sığorta ödəmələri mərkəzləşmiş qaydada SGQ-də toplanaraq, sonradan vətəndaşların müalicəsi üçün xəstəxanaların hesabına köçürülür. Bu pulların necə və nə məqsədlə xərclənməsinə ciddi nəzarət var. Aztəminatlı vətəndaşlar isə SGQ-yə müvafiq arayışlar təqdim etməklə “yaşıl kart” alaraq bu xidmətdən hər kəs kimi pulsuz yararlana bilirlər. Yəni, hansı zümrəni təmsil etməsindən asılı olmayaraq, Türkiyədə bütün vətəndaşlar eyni keyfiyyətdə tibbi xidmət ala bilirlər. Bu da tibbi sığortada Türkiyə modelinin üstün cəhətlərindən biridir. Hazırda Türkiyənin bu uğurlu təcrübəsi ciddi şəkildə öyrənilir.

Onu da qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi, Fransanın Beynəlxalq Texniki Ekspertiza Agentliyinin (Expertise France) Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsi də ölkəmizdə bu sisteminin uğurlu tətəbiqi işinə xidmət edir. Məqsəd odur ki, bu mürəkkəb, ağır bir islahat özünün uğurlu məntiqi sonluğuna çatsın. Əsas hədəf isə icbari tibbi sığorta sistemini uğurla tətbiq etməklə insanlara keyfiyyətli tibbi xidmət göstərmək, bu sahədə vətəndaş məmnunluğunu qazanmaqdır.

Məqalə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elan etdiyi “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda yazı müsabiqəsinə təqdim olunur

Tünzalə İsmayılova, sia.az 

Zəng sifariş et