01 Noyabr 2022 15:24

İcbari tibbi sığorta haqqında tam məlumat

Aynurə Əhmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri

 “Medinex” sərgisində stendlə təmsil olunacaq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sərgi iştirakçıları və ziyarətçilərini icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlandıracaq. Qeyd edim ki, Agentlik sərgidə 72 kvadrat metr sahədə quraşdırılmış xüsusi stendlə təmsil olunur. Stenddə yerləşdiriləcək maketlər vasitəsilə ziyarətçilərə icbari tibbi sığorta sisteminin işləmə mexanizmi aydın şəkildə təqdim olunacaq. Həmçinin stenddə quraşdırılan toxunma ekranlı monitor (touch screen) və çap materialları vasitəsi ilə ziyarətçilər icbari tibbi sığortaya aid məsələlər haqqında ətraflı məlumat əldə edə biləcəklər. Monitorda vətəndaşlar və həkimlər üçün məlumatlar ayrı-ayrı səhifələrdə təqdim ediləcək. Bu həm vətəndaşların, həm də həkimlərin onlara lazım olan məlumatları daha rahat tapmasına şərait yaratmaq məqsədilə edilib.

Ziyarətçilər eyni zamanda icbari tibbi sığorta ilə bağlı onları maraqlandıran sualları şəxsən Agentliyin stendində təmsil olunan əməkdaşlara da ünvanlaya biləcəklər.

Bununla yanaşı, Agentliyin informasiya texnologiyaları sahəsindəki layihələri – “e-Təbib” mobil tətbiqi və “Diabetim.az – Virtual Diabet Məktəbi” də sərgi iştirakçıları və ziyarətçilərinə təqdim olunacaq. İştirakçılara və ziyarətçilərə Agentliyin İT layihələri və gələcək planları ilə bağlı ətraflı məlumatlar veriləcək.

Stenddə sərgi iştirakçıları icbari tibbi sığorta ilə bağlı 7 mövzuda maarifləndirici çap materialımız ilə də tanış olmaq imkanı əldə edəcəklər.

Bilirsiniz ki, sərginin əhəmiyyəti çoxşaxəlidir və nəticələri uzunmüddətlidir. Burada yalnız konkret olaraq hansısa məqsədə çatmağa istiqamətlənmək doğru olmaz. Sərgi dövlət və özəl sektor arasında yeni tərəfdaşlıqların inkişafına, əməkdaşlıq əlaqələrinin qurulmasına, kommunikasiya münasibətlərinin güclənməsinə bir imkan yaradır.

Eyni zamanda sərginin ekspozisiyası dünyanın bir sıra ölkələrindən 90-dan çox şirkəti birləşdirir. Bu da beynəlxalq müstəvidə əməkdaşlıq platformasında yeni imkanların yaradılması deməkdir.

Bütün bu üstünlüklərlə yanaşı, əlbəttə ki, Agentliyin sərgidə iştirakının sırf fəaliyyəti ilə bağlı məqsədi var. Bu da Azərbaycanda tətbiq olunan icbari tibbi sığorta sisteminin həm yerli, həm də beynəlxalq müstəvidə nümayişidir. Az öncə qeyd etdiyim kimi burada ziyarətçilər ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta sistemindən istifadə qaydası, Xidmətlər Zərfi, sığortanın tətbiq olunduğu tibb müəssisələri və fəaliyyətimizlə bağlı digər məsələlər barədə məlumat əldə edəcəklər.

Ölkəmizdə ilk dəfə belə əsaslı bir səhiyyə islahatının – icbari tibbi sığortanın həyata keçirildiyini nəzərə alsaq, bütün sərgi iştirakçılarını və ziyarətçilərini Agentliyin stendində görmək, onlarla sığorta barədə məlumatları paylaşmaq maraqlı olardı.

Düşünürəm ki, ixtisaslaşmış beynəlxalq sərgilər qarşılıqlı təbliğat üçün əlverişli platformadır. Beynəlxalq sərgilər ölkənin tanıdılmasında, yeni tərəfdaşların qazanılmasında, iştirakçı ölkələr arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafının təmin edilməsində mühüm yer tutur. İnnovativ texnologiyaların ildən-ilə sürətlə inkişaf etdiyini də nəzərə alsaq, bütün sahələrdə, istər tibb olsun, istər təhsil, turizm və digər sahələrdə tətbiq edilən yeniliklərdən xəbərdar olmaq üçün sərginin təşkili mükəmməl fürsətdir.

Tibb sahəsində keçirilən sərgilər də Azərbaycan səhiyyəsinin inkişafında böyük rol oynayır. Sərgi tibb sahəsindəki müasir təcrübələrə əsaslanan innovativ yeniliklərin ölkəmizin istər özəl, istərsə də dövlət tibb müəssisələrində tətbiqinə xidmət etmiş olacaq. Nəticə etibarı ilə tibb müəssisələrinin maddi-texniki təminatı daha da yaxşılaşacaq, bu da öz növbəsində ölkədə icbari tibbi sığortanın uğurlu tətbiqinə, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə və vətəndaş məmnunluğunun artmasına imkan yaradacaq.

Tibbi xidmətlərin keyfiyyətinin artırılması əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşmasına xidmət edir. Tibbi innovasiyaların məqsədi müayinə və müalicə proseslərinin səmərəliyinin, effektivliyinin yüksəldilməsinə imkan açır. Belə ki, tibdə yeni texnologiyaların tətbiqi tibbi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, nəticə etibarı ilə sonrakı mərhələlərdə tibbi xərclərin azalması deməkdir. Bu da əhaliyə daha çox sayda tibbi xidmətin göstərilməsi üçün maliyyə resurslarının həmin istiqamətdə ayrılmasına və beləliklə də, icbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsinin genişləndirilməsinə öz töhfəsini verə bilər. Bu vəzifələrin yerinə yetirilməsində maraqlı tərəflərin hər biri ilə əməkdaşlıq etməyə hazırıq.

Bu səbəbdən Agentlik olaraq biz də yeni texnologiyaların tətbiqində ən maraqlı qurumlardan biriyik. Əminik ki, açılışına hazırlaşdığımız sərgi əməkdaşlığımızın hüdudlarını daha da genişləndirəcək.

Medinex

Zəng sifariş et