10 Yanvar 2020 09:21

İcbari tibbi sığorta mərhələli şəkildə tətbiq olunacaqdır

Son illərdə dünyada xəstəliklərin və bu xəstəliklərdən ölənlərin sayı artmaqdadır. Yalnız 2015-ci ildə dünyada 56,4 milyon nəfər müxtəlif xəstəliklər səbəbindən dünyasını dəyişmişdir.

Dünya Bankının məlumatlarına əsasən, hər həftə xəstəlikdən 200 min 5 yaşına çatmamış uşaq dünyasını dəyişir, 10 min qadın isə doğuş vaxtı ölür. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, hər il 7 milyon nəfər ekoloji çirklənmədən dünyasını dəyişir. Proqnozlara görə, 2030-2050-ci illər arasında iqlim dəyişikliyi dünyada 250 min xəstəliyin yaranmasına gətirib çıxaracaqdır. Qeyd olunanlar səhiyyə sisteminin rolunun getdikcə artacağını xəbər verir. Səhiyyə sisteminin səmərəli fəaliyyəti isə onun maliyyələşməsindən birbaşa asılıdır. Dünyada səhiyyənin maliyyələşməsinin mütərəqqi metodlarından biri icbari tibbi sığortadır.

2020-ci ilin yanvarın 1-dən ölkəmizdə də mərhələli şəkildə icbari tibbi sığorta tətbiq olunacaqdır. İcbari tibbi sığorta əhalinin sosial müdafiəsinin gücləndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığorta əhalinin həmrəylik prinsipi əsasında tibbi yardım almaq hüququnu təmin edən sistemdir.

Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardımdan istifadəsinə imkan verir. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqda bərabər hüquqa malikdir.

İcbari tibbi sığortanın bir sıra üstünlükləri var. İcbari tibbi sığorta səhiyyə sistemində şəffaflığı və tibbi xidmətlərin keyfiyyətini artırır, əhalinin sağlamlığı isə daha etibarlı şəkildə qorunur. Bunlarla yanaşı, əhalinin tibbi xidmətlərə xərclədiyi vəsaitlərin payı azalır və s. Onu da qeyd edim ki, icbari tibbi sığorta sisteminin tətbiqi təkcə vətəndaşların deyil, eyni zamanda tibbi heyətin də sosial müdafiəsini gücləndirəcəkdir. Belə ki, icbari tibbi sığorta sisteminin tətbiqi tibbi personalın əməkhaqlarının artımına gətirib çıxaracaqdır. Tibbi personalın əməkhaqları iki - baza və bonus hissələrindən ibarət olacaqdır. Hansı həkim və ya tibb bacısı daha çox xəstə qəbul edib keyfiyyətli xidmət göstərəcəksə, o daha çox qazanacaqdır. Bu da tibbi personalı bilik və bacarıqlarını artırmağa sövq edəcəkdir və səhiyyə sahəsində orta aylıq əməkhaqqının artmasına gətirib çıxaracaqdır. Hazırda isə səhiyyə sahəsində əməkhaqları ölkə üzrə orta aylıq əməkhaqlarından geri qalır.

Bütün bunlar icbari tibbi sığortaya keçidin nə qədər zəruri olduğunu bir daha sübut edir. Lakin ən mütərəqqi sistemin də tətbiqi zamanı müəyyən problemlər meydana çıxa bilər. Bu problemlərin öyrənilməsi və aradan qaldırılması digər iqtisadi rayonlarda və ya bölgələrdə bu sistemin səmərəli fəaliyyətinə zəmin yaradacaqdır. Odur ki, ölkəmizdə icbari tibbi sığortaya keçidin mərhələli şəkildə, yəni əvvəlcə bir və ya bir neçə iqtisadi rayonda tətbiq olunması onun səmərəli fəaliyyəti baxımından vacibdir. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə reallaşdırdığımız "İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” layihəsinin icrası zamanı da ölkəmizdə icbari tibbi sığortaya keçidin mərhələli xarakter daşımasının daha səmərəli olacağına bir daha inam yaratdı. Onu da qeyd edək ki, hazırda icbari tibbi sığorta sisteminin çox uğurla fəaliyyət göstərdiyi ölkələrdə də bu mexanizmin tətbiqi mərhələlərlə həyata keçirilmişdir.


İcbari tibbi sığorta haqları


Milli Məclisin 3 dekabr 2019-cu ildə keçirilən plenar iclasında "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcəkdir. Qanuna görə, 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaqdır.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaqdır. Əgər vətəndaş aylıq 8500 manat əməkhaqqı alırsa, 8000 manatın 2 faizi, qalan 500 manatın isə 0,5 faizi miqdarında icbari tibbi sığorta haqqı hesablanacaqdır. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaqdır. 2021-ci ildən etibarən isə qeyri-dövlət və qeyri-neft sektoru üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunmuşdur. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilmişdir.

Qeyd edək ki, icbari tibbi sığorta tarifləri istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrlə müqayisədə respublikamızda daha az nəzərdə tutulmuşdur. Bu tariflər işçilər və işəgötürənlər üçün müvafiq qaydada qonşu Türkiyədə 5 və 8,5 faiz, Almaniyada 9,23 və 8,3 faiz, Litvada 6 və 6,4 faiz, Bolqarıstanda 4,6 və 6,9 faiz, Belarusda 6 faiz təşkil edir.

Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

"Tibbi sığorta haqqında” Qanuna əsasən, 2023-cü ildən etibarən isə müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48 faizi miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulmuşdur. Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır. Həmin məbləğin 48 faizi miqdarında - təqvim ili üçün 120 manat icbari tibbi sığorta haqqı hesablanacaqdır.

İcbari tibbi sığorta haqlarının bir qisminin Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qaza (hər litrinə görə) və energetik içkilərə (alkoqollu və alkoqolsuz), elektron siqaret üçün mayeyə, tütün məmulatlarına, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə formalaşması məntiqidir. Bu, qeyd edilən malların istər ekologiyaya, istərsə də insan orqanizminə vurduğu ziyanın kompensasiya edilməsi baxımından olduqca vacibdir. Qanunun bu bəndinin tətbiqi, eyni zamanda zərərli vərdişlərdən imtina edilməsi kimi də sosial əhəmiyyətli bir aksiya hesab oluna bilər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatlarına görə, 2020-ci il üçün icbari tibbi sığorta fondunun büdcəsinin gəlir və xərc istiqamətləri müəyyənləşdirilmişdir. Dövlət büdcəsi tərəfindən adambaşına illik 90 manat olmaqla, ümumilikdə 900 milyon manat, işçi və işəgötürənlərdən hər biri üzrə 229 milyon manat, digər mənbələrdən 185 milyon manat vəsaitin toplanılması proqnozlaşdırılır.

Maarifləndirmə genişləndirilməlidir

İcbari tibbi sığortanın tətbiqi zamanı zəruri olan işlərdən biri də əhalinin maarifləndirilməsidir. Bu istiqamətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə vətəndaş cəmiyyəti institutlarının apardığı işlər təqdirəlayiqdir. Ümumiyyətlə, Azərbaycanda dövlət-vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlıq gündən-günə güclənməkdədir. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 20 noyabr 2019-cu il tarixində 18 dövlət qurumu, o cümlədən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi müsabiqə bunun bariz nümunəsidir.

Fikrimizcə, əhalinin maarifləndirilməsi işi 2020-ci ildən daha da genişləndirilməlidir. Vətəndaş ailə həkimini necə seçəcəyini, hansı tibbi xidmətlərdən istifadə edəcəyini və s. bilməlidir. Odur ki, icbari tibbi sığortadan istifadə mexanizmi ilə bağlı sosial çarxların hazırlanması və KİV-də, sosial şəbəkələrdə yayımlanması, posterlərin artırılması, bukletlərin paylanması, təlimlərin verilməsi zəruridir. Nəzərə alsaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2020-ci ildən bu sistemin tətbiqi ilə bağlı işləri daha da artacaqdır, o zaman prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb olunması məsələsi daha da aktuallaşacaqdır. Qeyri-hökumət təşkilatlarının, könüllülərin daha yaxından cəlb olunması bu işin səmərəliliyini artıracaqdır. Əhalinin müxtəlif sosial-demoqrafik qruplarının maarifləndirilməsi ilə bağlı təlimlərə xüsusi yer vermək lazımdır. Tibbi personalın özünün də təlimlərə cəlb olunması olduqca vacibdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birlikdə elan etdiyi qrant müsabiqəsi kimi fəaliyyətlər bu işə öz töhfələrini verəcəkdir.

azerbaijan-news.az

Zəng sifariş et