16 Oktyabr 2018 17:29

İcbari Tibbi Sığorta sistemi çərçivəsində çalışan bir həkimin uğur hekayəsi

“ƏCABA, NƏ ÜÇÜN CAHANA GƏLDİM?”

Alatoranlıqdır. Hələ şəhər mürgü döyür. Bir azdan küçələr adamla dolacaq, şəhərimiz o qədər də səsli-küylü olmayan günlərindən birini yaşayacaq. İndilikdə isə təkəm. Evimin eyvanından küçəyə baxır, düşünürəm. Xəyalımdan çeşidli anlar axıb keçir, günəş yavaş-yavaş öz zərrin şəfəqlərini yerə yollayır. Addım səslərinə sağa boylanıram. Şəhərimizdə yaxşı tanınan həkim-terapevt, indilikdə İcbari Tibbi Sığortanın uğurlu fəaliyyət sistemi sayəsində Ailə həkimi adına yiyələnən Nüşabə xanımdır. Bizim küçədə yaşayanların ailə həkimi, sevimlisi, arzu olunanı… Elə eyvandan salamlaşırıq. Dünən də xəstə qonşumuza baş çəkmişdi.

-Əslində sağalıb, -dedi. – Hələ iş vaxtıma var, yolüstü dəymək istədim.

Əvvəllər mənə çox ciddi, həm də darıxdırıcı adam təsiri bağışlayan bu qadının son zamanlar çox gülərüz olması, çöhrəsindən bir rahatlıq, əminlik yağması diqqətimi cəlb edirdi.

-Gəlib sizinlə Ailə Sağlamlıq Mərkəzində görüşəcəyəm,-dedim.

Və sözümü tutdum. Axı, jurnalist təkcə öz ömrünü yaşamır. İçi işıqla dolu olanları, peşəsinin ucalığını, şərəfini dərk edənləri, çevrəsini yeniliklərlə zənginləşdirənləri həmişə hamıya tanıtmağa çalışır.

Və buyurun, Nüşabə İsmayıl qızı Orucovanın İcbari Tibbi Sığorta ilə bağlı hekayəsini sizə təqdim edirəm.

O, Yevlaxda məşhur bir həkimin ailəsində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuduğu illərdən qəlbində həkim olmaq arzusu onu Tibb İnstitutuna gətirib. Müalicə həkimi ixtisasına yiyələnib. Təyinatını da doğma şəhərinə alıb. Uzun illər müalicə həkimi, terapevt kimi fəaliyyət göstərib. Amma… Gəlin bu “amma”nın açmasını Nüşabə həkimin öz dilindən eşidək:

– İcbari Tibbi Sığorta barədə çox eşitmiş, çox oxumuşdum. Sadəcə, bilmirdim ki, gün gələcək, mənim həkimlik praktikam humanist, insanlara olduqca gərəkli olan bu səhiyyə sistemi ilə bağlı olacaq. Azərbaycan Prezidentinin 26 noyabr 2016-cı il tarixli “Mingəçevir şəhəri və Yevlax rayonu inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Fərman”ı ölkənin tibb tarixində unudulmaz, unikal bir səhifədir. Bununla Yevlax səhiyyəsində keyfiyyət erası başlandı.

-Ailə Sağlamlıq Mərkəzində 83 nəfər işçi çalışır. Onlardan 22 nəfəri ailə həkimi, 32 nəfəri patronaj – tibb bacısı, 10 nəfəri isə pediatrdır. Ailə Sağlamlıq Mərkəzinin nəzdində 4 kənddə hər cür avadanlıqlarla təchiz olunmuş ASM-lər fəaliyyət göstərir və hər biri rahatlığı təmin etmək üçün minik maşınları ilə təchiz edilmişlər. Daha 7 kənddə belə ASM-lərin yaradılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ayırdığı maliyyə əsasında təmir işləri görülür. Bilirsiniz, həm şəhərimizdə, həm də kəndlərimizdə yaşayanlar İcbari Tibbi Sığortanın tətbiqindən necə razıdırlar?! Axı ilkin səhiyyə xidməti göstərən mərkəzlərimiz onlara diaqnoz qoyur, lazım gəldikdə xəstələri Mərkəzi Rayon Xəstəxanasına yönləndirir, buradan isə onlar müqavilə əsasında respublikanın müxtəlif tibb müəssisələrinə göndərilərək müalicə olunur, üzərlərində müxtəlif cərrahi əməliyyatlar keçirilir. Bu zaman pasiyent heç bir ödəniş etmir, maliyyələşməni son qəpiyinədək İcbari Tibbi Sığorta yerinə yetirir. Ötən il ölkə başçısının Sərəncamı ilə İTS-nin baza zərfinə daxil olan xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Baza zərfində ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə və müalicə təminatı, digər yüksək, həyati vacib əməliyyatlar ilə əhatə olunan 1800-dən çox xidmət öz əksini tapıb.

Təsəvvür edirsinizmi, illərlə müxtəlif ağrılardan əziyyət çəkən, lakin vəsait çatışmazlığı üzündən buna dözməyə məcbur qalan insanlar bu məqamda nələr hiss edirlər?! Onların məsudluğunu, xoşbəxtliyini görmək, cənab Prezidentə, biz həkimlərə alqışlarını eşitmək çox qürurvericidir.

İndi təkcə müalicə olunanlar deyil, elə biz həkimlər də mənən rahat olmuşuq. Həm də iqtisadi cəhətdən təmin olunmuşuq. Daha ailələrimizi “bu az maaşla ayı necə başa vuracağıq fikri” narahat etmir. Boynuma alım ki, belə tarazlıq olanda, insan daha həvəslə çalışır, fədakarlıq göstərmək istəyir. Əvvəllər də sahə tibb həkimləri var idi. Vallah ayda, ildə bir dəfə xəstəxanada gəlib qapımızı döymürdülər. Elə biz də küçələrə çıxmağa ərinərdik. Amma indi… Sağlamlıqlarına cavabdeh olduğum küçələrin sakinləri ilə daim təmasdayam. Digər həmkarlarım kimi mən və mənimlə işləyən tibb bacısı həftədə üç dəfə C.Mustafayev, şəhid Heydər Əliyev, Koroğlu, Q.Nəbi, Q.B.Zakir… küçələrində oluruq. Pasiyentlərə baş çəkir, yataq xəstələrinin problemləri ilə maraqlanır, onkoloji, şəkər, qan təzyiqli xəstələrə ayrılan pulsuz tibbi preparatları çatdırır, ən yaşlı insanların sənədləri əsasında onlara Ailə Sağlamlıq Mərkəzində anketlər açırıq. Beləcə, bir həkim olaraq xəstələr və onların ailəsi ilə daha sıx əlaqələr yaradır, daha çox doğmalaşır, bir ailənin üzvü kimi oluruq. İndi şəhərimizdə mənim qapılarını tərəddütsüz döyə biləcəyim onlarla dostlarım var.

Nüşabə həkimin bu fikirləri söyləyərkən çox qürurlu görünməsi olduqca başa düşülən idi.

-Çalışdığımız ASM səhiyyədə ilkin tibbi xidmət göstərən müəssisədir, bütün xidmətlər pulsuzdur. Burada fəaliyyət göstərən UZİ, Rentgen, Manipulyasiya, qan analizi edən laboratoriya, digər prosedur otaqları da vətəndaşlara təmənnasız xidmət edir. Hər bir tibb işçisinin maaşına 360 manat artırılıb. Bizdən fərqli olaraq MRX-da isə hər bir həkim aylıq məvacibindən əlavə xəstələrin sayına və müalicəsinə görə bonuslarla təmin olunur ki, bu da çox yüksək məbləğ deməkdir.

Bu sözləri isə Ailə Sağlamlıq Mərkəzinin baş tibb bacısı, öz işinin vurğunu olan Hüsniyyə Əmrahova söyləyir.

Mən hər dəfə ASM-də olarkən Nüşabə Orucovanın iş həyatında coşqu, həyəcan, gərgin fəaliyyət görürəm. Əvvəllər, hər gün bir neçə xəstənin gəlməsi həsrəti ilə yaşayan həkim indi ona müraciət edənlərin toplusu ilə üz-üzə qalır. Onun sözləridir: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəsmilərinin tövsiyələri, istiqamətverici məsləhətləri, treninqlərdə, seminarlarda öyrəndiklərimiz karımıza gəlir, çalışdığımız sahədə püxtələşməyimizə imkan yaradır. “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru, bacarıqlı uzman-cərrah, öz peşəsinin vurğunu Azər İsmayılovun bu sözləri yaddaşımıza həkk olunub: “Elə çalışmalısınız ki, hər bir sakin, hər bir xəstə müalicənin əlçatan və şəffaf olduğunu görməli, bunu hər an öz həyatında hiss etməlidir”.

Ailə həkimi işindən o qədər məhəbbətlə, sevgiylə söz açır ki… Dedikləri, məncə, İTS və onun Yevlaxda fəaliyyəti üçün ən yaxşı, ən uğurlu reklamdır.

Bəli, İTS-nin fəaliyyətə başlamasından sonra rayonumuzun səhiyyəsində köklü dəyişikliklər baş verib. Bu gün hər bir Yevlax sakini bilir ki, onun sağlamlığı etibarlı əllərdədir, tam sağalması üçün İcbari Tibbi Sığorta deyilən bir sistem fəaliyyət göstərir və o səhhətini bərpa etmək üçün heç bir vəsait ödəmək narahatlığını yaşamayacaq.

Bu rahatlığı onlar üçün yaradanlardan biri də barəsində söz açdığımız ailə həkimi Nüşabə Orucovadır.

Bütün bu söylədiklərim, Yevlaxda İTS-nın çox qısa zaman ərzində əldə etdikləri, qazanılan uğurlar və onların kökündə dayanan məqsədlər, prioritetlər, qayə və faktorlardır. Sonda qeydlərimi elə Nüşabə xanımın öz söylədikləri ilə tamamlamaq istəyirəm:

-Ömər Xəyyamın bir beytini tez-tez xatırlayıram:

Mənsiz də dünyanın işi keçərmiş,

Əcaba, nə üçün cahana gəldim?!

Ailə Sağlamlıq Mərkəzində ailə həkimi kimi özümü təsdiq edəndən sonra əslində cavabsız olan bu sualın da cavabını tapmışam. Bu dünyaya ona görə gəlmişəm ki, cənab Prezidentimizin sərəncamı ilə İcbari Tibbi Sığortanın məhz Yevlaxdan başlayıb, uğurla reallaşmasının şahidi olum. Bu dünyaya ona görə gəlmişəm ki, potensialımı üzə çıxarmaq üçün yeni meydan alım, məhz bu sistemdə ailə həkimi adına layiq olum, özümü indiki kimi əsl mütəxəssis, lazımlı bir insan kimi hiss edim. Bundan gözəl nə ola bilər?!

Afaq BAYRAMOVA,

Yevlaxda çıxan “Kür” qəzetinin “Tərəqqi” medallı əməkdaşı

Zəng sifariş et