07 Dekabr 2021 11:00

İcbarı tibbi sığortanın tətbiqi özünü doğruldur

Dövlət qayğısının, həyata keçirilən islahatların, ayrı-ayrı proqramların nəticəsi olaraq respublikamızın səhiyyə sistemində son dövrlərdə mühüm dəyişikliklər baş vermiş, müasir tibb mərkəzləri yaradılmış, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti daha da yüksəlmişdir. Bütün bunlar ilk növbədə belə bir həqiqətin təsdiqidir ki, əhalinin sağlamlığının qorunması, tibbi təminatın hər kəs üçün əlçatan olması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritet istiqamətlərini təşkil edir və dövlət bu məsələdə həmişə vətəndaşının yanındadır.

“İslahatlar səhiyyə sisteminin təkmilləşdirilməsinə yol açıb”

Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın son illərdə  nail olduğu inkişaf göstəriciləri də islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələridir. Siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.

Son illərdə  isə Azərbaycan öz inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyub. Həm iqtisadiyyatda, həm sosial sferada tamamilə yeni, köklü islahatların təməli qoyulub. Xüsusən 2019-cu ilin ilin əvvəlindən idarəetmədə çevikliyi artırmaq məqsədilə başlanan struktur islahatları daha sonra sosial sferanı əhatə etdi. Bütün bu islahatlar nəticə etibarilə ölkəmizin yüksəlişinə, möhtərəm İlham Əliyevin inkişaf siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verdi.

Azərbaycanda idarəçiliyinin zamanın tələblərinə uyğun formalaşdırılması da strateji xətt olaraq diqqəti cəlb edir. Bu baxımdan islahatlar ayrı-ayrı sahələrin idarəçiliyinin təkmilləşdirilməsinə də yol açdı. Ümumiyyətlə, idarəçilikdə həyata keçirilən istənilən xarakterli islahatlar mövcud reallıqlarla uzlaşmalıdır. Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycan dövləti zamanın çağırışlarına uyğun olaraq idarəçilik islahatlarına nəinki önəm verir, həm də onları sürətlə həyata keçirir. Bu kontekstdə xüsusən struktur islahatları prosesi günümüzdə də davam edir və nəticə etibarilə idarəetmədə daha təkmilləşdirilmə həyata keçirilir.

Struktur islahatları səhiyyəni də əhatə edir. Belə ki, respublikamızda icbari tibbi sığorta sisteminin işə düşməsi isə səhiyyə sahəsində aparılan struktur islahatlarının mühüm tərkib hissəsi sayıla bilər. 2016-cı ildə respublikamızda icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxs - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin fəaliyyətinin məqsədləri əhalini icbari tibbi sığortaya cəlb etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB)  yaradılıb. Nazirlər Kabinetinin hələ bu ilin əvvəlindəki müvafiq qərarı ilə Səhiyyə Nazirliyinin böyük sayda müəssisələri ölkədə icbari tibbi sığortanı tətbiq etmək məqsədilə təsis edilən TƏBİB-ə verilib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradır, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edir.

Bununla da ölkəmizdə səhiyyə sistemində struktur islahatına gedilməklə dövlətin və hökumətin sosial siyasəti istiqamətində bir növ yeniliyə imza atılıb. Bu, həm də səhiyyədə idarəetmənin təkmilləşdirilməsidir. Ümumiyyətlə, icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaqda və sahəni maliyyələşdirmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltməkdə xüsusi əhəmiyyət kəsb etdiyindən, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə keçirilməsi zəruri xarakter daşıyır.

“İcbari tibbi sığorta artıq bütün ölkəni əhatə edir”

İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Məqsədi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin etməkdir. Ona görə bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. İcbari tibbi sığorta həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə zəmin yaradır.

Prezident İlham Əliyevin  fərmanlarına əsasən Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta pilot layihə kimi həyata keçirilib. 2017-2019-cu illər ərzində keçirilmiş layihənin nəticələri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib və sistemin ölkənin digər ərazilərində mərhələli tətbiqinə dair qərar verilib. Bu il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb. Ölkənin Gəncə, Şirvan, Qazax, Lənkəran, Salyan da daxil olmaqla daha 36 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulub. Aprelin 1-dən isə tibbi sığorta bütövlükdə ölkə ərazisini əhatə edib. Sonuncu -  üçüncü mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta sisteminə cəlb olunublar. Beləliklə, 2021-ci ilin 1 aprel tarixindən isə icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir.

Əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sosial layihə olan icbari tibbi sığortanın 2021-ci ildən etibarən respublikamızda tam tətbiqi də bir daha təsdiq edir ki, həyata keçirilən dövlət siyasətinin mərkəzində ilk növbədə insan amili dayanır.

“Vətəndaşlar Xidmətlər Zərfi çərçivəsində təminata alınan 2550 sayda tibbi xidmətdən istifadə edə bilərlər”

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər Xidmətlər Zərfində əks olunub. Hazırda Xidmətlər Zərfinə 2550-yə yaxın tibbi xidmət daxildir. Vətəndaşlar 35 ilkin səhiyyə, 6 təcili və təxirəsalınmaz tibbi yardım, 508 ixtisaslaşdırılmış ambulator yardım, 731 laboratoriya, 26 fizioterapiya,  39 invaziv radiologiya və 1205 stasionar tibbi xidmətdən istifadə edə bilirlər.

İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün ilkin səhiyyə xidmətinin inkişafı və səmərəli təşkili əsas məsələdir. Bu xidmət sayəsində xəstəliklərin erkən aşkarlanması və xəstənin vaxtında müalicəsi mümkün olur. İcbari tibbi sığortada ilkin səhiyyə xidməti ailə həkimi (sahə-terapevti, sahə-pediatrı) tərəfindən göstərilir. Burada tibbi xidmət çərçivəsində ixtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi, ixtisaslı həkimlərə sığortaolunanların müayinə və müalicəsi üçün göndərişlərin verilməsi, tibbi profilaktik tədbirlər və tibbi-sanitar maarifləndirmə işinin aparılması, eyni zamanda qanın ümumi analizi üçün qan nümunəsinin alınması və s. xidmətlər qarşılanır.

 Xidmətlər Zərfində daha çox yer alan stasionar tibbi xidmət terapevtik və cərrahi növlərdən ibarətdir. Buraya ixtisaslı həkimin müayinəsi, stasionar müalicə önü tələb olunan müayinələr, instrumental və laborator müayinələrin aparılması, cərrahi əməliyyat, stasionar və ya reanimasiyada yatış və s. aiddir. Daha dəqiq ifadə etsək stasionar tibbi xidmətlərə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər qan dövranı sistemi xəstəlikləri, eləcə də mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, o cümlədən hamiləlik, doğuş və zahılıq dövründə xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı müalicə və digər xəstəliklərin müalicəsi daxildir. Bu xidmətlər 3500-dən artıq diaqnozu əhatə edir.

Xidmətlər Zərfi ilə fizioterapiya xidmətləri də təminata alınır. Bunlara elektroforez, fonoforez, müalicəvi masaj, maqnitterapiya, vakum terapiya və s. xidmətlər daxildir. Fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq olunur. Belə ki, il ərzində hər bir fizioterapiya xidməti üzrə 10 prosedurdanartıq olmamaq şərtilə həkimin göndərişi əsasında sığortaolunana xidmət göstərilir. 

Xidmətlər Zərfi ilə 950 sayda cərrahi əməliyyat təminata alınıb. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcədə minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və s. bir sıra digər əməliyyatlar daxildir.

Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmursa, müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir.Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-intabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.

Müqaviləli tibb müəssisələrinə təkcə dövlət tibb müəssisələri deyil, özəl xəstəxanalar da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası göstərə bilmir. Ona görə də özəl tibb müəssisələri ilə müqavilələr imzalanır. Özəl xəstəxanaların seçimi prosesində müəyyən meyarlar nəzərə alınır. Məsələn, belə müəssisələr daha geniş spektrda xidmət təklif edən xəstəxanalar olmalıdır ki, vətəndaş ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə edə bilsin. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin həyata keçirilməsi məqsədilə 19 tibb müəssisəsi ilə müqavilə bağlayıb.

Beləliklə, vətəndaş ödəniş etmədən həmin xidmətlərdən yararlana bilir. Məsələn, icbari tibbi sığorta tətbiq edilmədən öncə vətəndaş açıq ürək əməliyyatı  üçün  on min manata yaxın ödəniş etməli idi. Hazırda isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müqaviləli özəl tibb müəssisələrində bu xidmətləri ödənişsiz şəkildə təmin edir. Bunun üçün ilkin mərhələdə vətəndaşın tibbi müayinələrdən keçməsi lazımdır. Həmin müayinələr TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində həyata keçirilir. Diaqnoz təsdiq olunduqdan sonra növbəti mərhələdə həmin şəxsin açıq və ya qapalı ürək əməliyyatına ehtiyacı varsa, bu xidməti göstərmək imkanına malik olan müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

Yatış  və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi, nitq prosessoru, stent, endoprotez və digər xüsusi tibbi sərflər də Xidmətlər Zərfi ilə təminata alınıb.

“2021-ci ilin 9 ayında 16 milyona yaxın tibbi xidmət göstərilib”

1 aprel 2021-ci il tarixindən bütün ölkə ərazisində icbari tibbi sığorta tətbiq edilir. Cari ilin 9 ayı ərzindəərzində bütün ölkə üzrə 3 189 704 şəxs tibb müəssisələrinə müraciət edib.Bu dövr ərzində onlara 15 milyon 793 min 776 tibbi xidmət göstərilib. Göstərilmiş tibbi xidmətlərin yaş kateqoriyasına gəldikdə, 12 milyon 477 min 83 xidmət (79%) 18 yaşdan yuxarı, 3 milyon 316 min 693 xidmət isə (21%)  18 yaşdan aşağı vətəndaşların payına düşür..

Bakı və Sumqayıt Tibbi Ərazi Bölmələri üzrə 3 milyon 47 min nəfər, 58 şəhər və rayon üzrə 6 milyon 560 min 500 nəfər icbari tibbi sığortadan yararlana bilir.

Göndərişlərə gəldikdə, 2021-ci ilin hesabatın aparılmış 8 ayının göstəricilərinə əsasən ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 19 min 238 göndəriş verilib.

9 664 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə müraciət edib. Bu şəxslərin 297 nəfərini uşaqlar təşkil edib.

Həyata keçirilmiş əməliyyatlar və göstərilən xidmətlər üzrə ümumi say bölgüsü belədir: İnvaziv radiologiya (angioqrafiya) üzrə 3712, ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 3057, oftalmologiya üzrə 1347, urologiya üzrə 641, nevrologiya/neyrocərrahiyyə üzrə 383, travmatologiya üzrə 279, LOR üzrə 137, digər sahələr üzrə 55, ümumi cərrahiyə üzrə 43 nəfər, ginekologiya və doğuş üzrə 10 nəfər əməliyyat olunub.

Cari ilin 9 ayı ərzində MRT və kontrastlı KT müayinələri üçün müqaviləli tibb müəssisələrinə 3708 göndəriş verilib.

Bunlarla yanaşı, 2021-ci ilin 8 ayının statistikasına əsasən ölkə üzrə 97 nəfər icbari tibbi sığorta çərçivəsində koxlear implantasiya  əməliyyatı olunub. Onlardan 91 nəfəri uşaqlar, 6 nəfəri isə böyüklər təşkil edib. O cümlədən bu ilin birinci yarısında 180-dən çox şəxs icbari tibbi sığorta çərçivəsində oynaq daxili endoprotez əməliyyatı olunub.

“Tibbi xidmətlərin sayı artacaq”

Xidmətlər Zərfinə rəsmi statistik göstəricilərə əsasən, son 5 il müddətində əhali arasında əlillik və ölüm faizi yüksək olan xəstəliklər, eləcə də sayında davamlı artım müşahidə olunan sağlamlığın pozulması ilə bağlı digər xəstəliklər daxil olunub. Bununla belə hər il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların tibb müəssisələrinə müraciətlərini araşdırır, ən çox rast gəlinən xəstəlikləri, ən çox müraciət edilən tibbi xidmətləri və Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə ehtiyacları müəyyənləşdirir.Bütün bunların nəticəsində də Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi ilə bağlı əsaslandırılmış təklifin təqdim olunması barədə qərar verilir. Hazırda Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Dəyişikliyə əsasən 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

Məlum olduğu kimi bir sıra xəstəliklərlə bağlı tibbi xidmətlər dövlət hesabına, ödənişsiz göstərilir. Həmin xəstəliklərlə bağlı bir sıra dövlət proqramları, eləcə də tədbirlər proqramları mövcuddur və bu səbəbdən onlar Xidmətlər Zərfinə daxil edilməyib. Dövlət və tədbirlər proqramlarının icra müddəti bitdikdən sonra həmin xəstəliklərində müayinə və müalicəsi ilə bağlı xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur. Kosmetik prosedurlar və plastik cərrahiyyə,stomatoloji xidmətlər,orqan transplantasiya, süni mayalanma və s.kimi tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində təminata alınmır.

Hazırda qarşıda duran vəzifələrin ən mühümü səhiyyə strukturlarının idarə edilməsinin iqtisadi tələblərə və meyarlara uyğun tənzimlənməsi, eləcə də hansı dövlət strukturunun hansı funksiyanı yerinə yetirməsi ilə bağlı sərhədlərin müəyyən olunasılır. İnzibati idarəçilik metodlarını kənara qoyaraq, iqtisadi idarəetmə metodlarına keçdiyimizə və konkret olaraq,dövlət vətəndaşlara  tibbi xidmətlərin göstərilməsinin sifarişçisi kimi iştirak etdiyinə görə Səhiyyə Nazirliyi vahid səhiyyə siyasətini həyata keçirməli, səhiyyə strukturlarının standartlara uyğun fəaliyyətini tənzimləməli, dövlət-özəl sektor münasibətlərinin əlaqələndirilməsini təmin etməlidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm icbari tibbi sığorta haqlarının yığılmasını, həm də səhiyyə xidmətlərinin dövlət tərəfindən ödənilməsini təmin edən qurum kimi keçid dövründə səhiyyə təşkilatlarının vahid idarəçiliyini həyata keçirməlidir.

TƏBİB isə tabeçiliyində olan tibbi ərazi bölmələri və  publik hüquqi şəxslər vasitəsilə tibbi xidmətin keyfiyyətli, əlçatan və hər bir vətəndaşın dövlətin təminat verdiyi tibbi xidmətlərdən keyfiyyətlə  istifadəsini təmin etməlidir. Bütün bunların nəticəsində sosial modelə uyğun olaraq həm dövlət dövlət tərəfindən vahid səhiyyə siyasəti uğurla həyata keçiriləcək, həm də iqtisadi modelə uyğun olaraq xəstəxanalar tərəfindən daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi təmin olunacaq.

Ən mühüm məsələlərdən biri də səhiyyə orqanlarının konkret funksiyalarla təmin olunmuş səhiyyə qurumları tərəfindən idarə  olunması, kənar strukturların müdaxilə edərək prosesləri müxtəlif istiqamətlərə yönəltməsinin qarşısının qəti şəkildə alınmasıdır. İnanıram ki, bütün bu məsələlər tədricən öz həlli tapacaq.

Bütövlükdə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığoranın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır. Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq.

 Müşfiq Məmmədli, 

 Milli Məclisin deputatı,

 parlamentin Səhiyyə komitəsinin üzvü 

azertag.az

 

 

Zəng sifariş et