26 İyul 2020 12:02

İqtisadçı alimlərin icbari tibbi sığorta ilə bağlı məruzələri dinlənilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda vebinar təşkil edib.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçirilən tədbiri açan “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyinin sədri, dosent Rəsmiyyə Abdullayeva icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Vebinarda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli “İcbari tibbi sığortaya keçidin zəruriliyi və onun üstünlükləri”, dosent Allahyar Muradov “İcbari tibbi sığorta: dünya təcrübəsi”, tədqiqatçılar Samir Mahmudov “Sosial müdafiənin gücləndirilməsində icbari tibbi sığortanın rolu”, Mələk Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzularında məruzə ediblər. Məruzəçilər icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda formalaşması xüsusiyyətləri ilə bağlı sualları cavablandırıblar, geniş müzakirələr aparılıb.

AMEA-nın müxbir üzvü, professor Akif Musayev, Mingəçevir Dövlət Universitetinin prorektoru, professor Veysəl Əyyubov, Azərbaycan Kooperasiya Universitetinin prorektoru, dosent Fikrət Quliyev, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev, Azərbaycan Texniki Universitetinin müəllimi Günay Əliyeva və başqaları icbari tibbi sığorta haqqında danışıblar.

Vebinarda kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Xatırladaq ki, “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqədə “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır mövzusunda ictimai maarifləndirmə” layihəsi ilə qalib olub.

İyulun 1-dən layihənin icrasına başlanılıb. 4 aylıq layihə çərçivəsində 2 vebinarın (“Zoom” vasitəsilə) keçirilməsi və “İcbari tibbi sığorta” adlı kitabçanın nəşri nəzərdə tutulur.

Zəng sifariş et