01 Oktyabr 2019 10:57

İslahatlar paketi xalqın həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənib

Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda keçirdiyi konfransda Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib ki, cəmiyyətlərin, dövlətlərin həyatında baş verən köklü dəyişikliklər hər zaman bunları gerçəkləşdirən liderlərin adı ilə bağlıdır. Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər, onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Həmin prinsipləri əsas tutaraq Prezident İlham Əliyev uzunmüddətli ­dayanıqlı inkişaf strategiyasını müəyyən edib. 

Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycan görmüş olarıq. S.Yusifova Prezidentin çıxışlarında qeyd etdiyi “siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur” fikrini xatırladaraq bildirib ki, sosial rifah dövlətinin qurulması cənab İlham Əliyevin yeni islahatlar kursunun strateji xəttini təşkil edir. 
Sosial islahatların aparılması bütün dövrlərdə və bütün ölkələrdə çətin və daha çox məsuliyyət tələb edən işdir. Ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin fərmanları ilə təhsil, sosial təminat və sosial sığorta sahələrində islahatlar konsepsiyası işlənib hazırlanmışdır. Ölkənin səhiyyə siyasətinin həyata keçirilməsi üçün baza olan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla yanaşı, “Özəl tibb fəaliyyəti haqqında” və “Tibbi sığorta haqqında” qanunlar da məhz bu dövrdə qəbul edilmişdir. 
Konfransda qeyd edilib ki, ulu öndər Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərmanlarla onlarca proqram qəbul edilib və həyata keçirilir. 
Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra sosial, humanitar layihələr, o cümlədən ailə quran şəxslərin nikahdan əvvəl icbari tibbi müayinədən keçməsi, ana və uşaqların mühafizəsi, talassemiya və hemofiliya xəstələrinə dəstək haqqında, habelə valideyn himayəsindən məhrum uşaqların, I və II qrup əlil uşaqların təhsil haqlarının ödənilməsi təhsil və səhiyyə sahəsində islahatların bir mərhələsi kimi olduqca əhəmiyyətlidir.
Prezident İlham Əliyevin siyasəti həmişə belə olub ki, bizim iqtisadiyyatımız inkişaf etdikcə, əhalimizin sosial müdafiəsi də gücləndirilsin. Yəni, iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial müdafiəsinə, rifahının güclənməsinə yönəldilsin. Azərbaycanın siyasətində son dövürlərdə sosial sahə həmişə ­prioritet istiqamət təşkil edib.
Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə dövlət başçısı tərəfindən iki sosial paket, eyni zamanda, xeyli fərman və sərəncam imzalanıb. Bu sənədlərin icrası ilə bağlı 4 milyon 200 min nəfər Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşıb. Pensiyalar, əmək haqları, sosial müavinətlər, təqaüdlər artıb, banklara on min dollara qədər kredit borcu olanların problemi həll edilib. Bir il ərzində minimum əməkhaqqının iki dəfə artırılması dövlətin öz vətəndaşına münasibətinin göstəricisidir. Qeyd etmək lazımdır ki, maaş artımı təkcə büdcə təşkilatlarında deyil, eyni zamanda, özəl sektorda çalışanlara da şamil edilib. Artıq sentyabrın 1-dən bu fərman qüvvəyə minib və vətəndaşlar indən belə əməkhaqqını artımla alacaqlar.
Azərbaycan Prezidentinin ən əhəmiyyətli sosial islahat proqramlarından biri də gələn ildən fəaliyyətə başlayacaq icbari tibbi sığortadır (İTS). Bu layihə səhiyyə sahəsində bir çox problemlərin həllini asanlaşdıracaq, bəzilərini isə tamamilə aradan qaldıracaq. Qeyd edək ki, bu proqram bütün dünyada səhiyyənin maliyyələşməsinin və idarə edilməsinin ən optimal və sınaqdan çıxmış modelidir. Bu sistemə keçid Azərbaycan üçün daha vacibdir. Qeyd edək ki, icbari tibbi sığortadan pilot layihə kimi hazırda Yevlax və Mingəçevirdə qeydiyyatda olan şəxslər pulsuz yararlanırlar. Çünki hazırda icra edilən pilot layihədə vətəndaşlardan sığorta haqqının toplanması nəzərdə tutulmayıb. Yəni bu ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərdən ödənişsiz istifadə edirlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmiləri qeyd edirlər ki, ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə-müalicə təminatı, dəyəri yüksək, həyati vacib əməliyyatlar ilə əhatə olunan 1800-dən çox xidmət İTS-nin baza zərfinə daxildir. 
Gələn ildən Azərbaycanın bütün ərazisində fəaliyyətə başlayacaq icbari tibbi sığorta bəzi dünya ölkələrinin təcrübəsinə istinadən toplanıb, amma bu, sırf Azərbaycan modelidir. Burada Azərbaycan reallığı, əhalinin məşğulluğu, gəlirləri, səhiyyənin problemləri və digər məqamlar nəzərə alınıb. Təbii ki, bu gün səhiyyənin çətinlikləri, problemləri var. İcbari tibbi sığortanın tətbiqindən sonra isə, şübhəsiz ki, bu çətinliklər, problemlər aradan qalxacaq, əhaliyə xidmətin səviyyəsi, keyfiyyəti yüksələcək, sağlam rəqabət yaranacaq. Eyni zamanda, ölkədə sosial sahədə islahatlar bundan sonra da uğurla davam edəcək.
Azərbaycan vətəndaşı inanır ki, ölkədə ardıcıl olaraq həyata keçirilən sosial proqramlar, layihələr onların rifahının yüksəlməsi yolunda atılan addımlardır. İstər təhsil, istər səhiyyə, istərsə də digər sahələrdə aparılan islahatlar xalqın firavanlığına, həyat səviyyəsinin yüksəlməsinə, daha yaxşı yaşamasına istiqamətlənib.

Hicran BAĞIROVA, 
ATU-nun II mamalıq-ginekologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor

xalqqazeti.com

 

Zəng sifariş et