31 Avqust 2022 09:53

Ürək qüsurlu uşaqlar icbari tibbi sığortanın diqqət mərkəzindədir

Bir qadın analığı bətnindəki dölün ürək döyüntülərini eşidəndən sonra hiss edir, deyirlər. O gündən onun da qəlbi bətnindəki körpə ürəklə bərabər döyünməyə başlayır. Sonra həsrətlə onun böyüyüb canına can, ruhuna məlhəm olacağı günü gözləyir. O gün gəlir, səsini eşitdiyi ürəyin sahibini qucağına verirlər və...

Ağlayarkən bənizi göyərən körpəsi yarasına məlhəm yox, ürəyinə dərd olur. Balasının mavi və ya solğun boz dərisi, yeyərkən çətinlik çəkməyi onu düşündürür, inkişafının ləngiməyindən narahat olur. Hələ bir də həkimə getməyə pulu yoxdursa, uşağı böyüdükcə böyüyən problemdən xəbərsiz “düzələr” deyib, qonum-qonşu ilə, tanış-bilişlə məsləhətləşir. Bu arada uşaq böyüyür, böyüdükcə sinəsindəki göynəmə və çırpınmanın fərqinə varır, fiziki aktivlik zamanı tez yorulduğunu, sürətlə və ya narahat nəfəs aldığını, halsızlığını, göz ətrafındakı şişkinliyi görür. Uşağın şişkin qarnı və ayaqları, gecə-gündüz davam edən yuxusuzluğu, havadan asılı olmayan və həddindən çox tərləməsi ona əslində başının üstündə olan bəlanın siqnallarını verir. Bütün bunlar həkimə getməyi gecikdirən çarəsiz ana üçün fidanı əlindəcə huşunu itirənə qədər davam edir.

Ancaq belə olmaya da bilər. Ana bətnindəki dölün ürəyinin ilk atışlarından da bilmək olar ki, doğulacaq körpə ürək qüsurludur. Axı, qadına analıq hissi ötürən çırpınışlar həkimlərə də böyüyən canda hər şeyin qaydasında olub-olmadığına dair siqnal ötürür.

Peyvənd üçün getdi, ürək qüsuru çıxdı

Xəyal cəmi 4 aydır bir yaşını tamamlayıb. Amma kiçik bədəni artıq 2 dəfə əməliyyat masasına yatıb, cərrah müdaxiləsi ilə qarşılaşıb. Dünyaya gələr-gəlməz əvvəlcə sarılıqla boğuşub, sonra boğulmalar və göyərmə ilə üzə çıxan ağır ürək problemləri ilə mübarizə aparmalı olub. Atası Taleh Dövlətov deyir ki, əgər icbari tibbi sığortadan istifadə imkanı olmasaydı, dövlət oğlunun əməliyyat xərclərini öz üzərinə götürməsəydi, ailənin bu bəlanın öhdəsindən gəlməsi mümkün olmayacaqdı. “Ürəyində qüsur olduğu ağlımıza da gəlmirdi. Sabirabad Rayon Mərkəzi Xəstəxanasına peyvənd üçün apardıq, təsadüfən ürəyində dəlik olduğunu öyrəndik. Həkim dedi ki, uşaqdan şübhələnir. Əmin olmaq üçün özəl tibb müəssisəsinə göndərdi, dediyi kimi də çıxdı” - deyən Taleh Dövlətovun sözlərinə görə, oğluna qoyulan mədəciklərarası çəpər və qulaqcıqlararası çəpər qüsuru diaqnozu ailəni sarsıdıb. Xəyal ilk dəfə özəl tibb müəssisəsində əməliyyat  olunub: “Birinci əməliyyata endirim eləsələr də, pulum çıxdı. İkinci əməliyyata artıq gücüm qalmamışdı. Xəyalda həm də daun sindromu var. Onun  2 qardaşından biri qıcolmalardan, digəri isə talassemiya xəstəliyindən əziyyət çəkir. Əlimdə 3 xəstə uşaqla problemlərin öhdəsindən gələ bilmirdim. İcbari tibbi sığorta dadıma yetişdi. İkinci əməliyyat akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində oldu. Uşaq indi nisbətən yaxşıdır. Oktyabr ayında müayinə olunacaq. Vəziyyətinin necə olduğunu onda qiymətləndirəcəklər”.

Boğulmalarının səbəbi ürəyindəki qüsurdur

Digər balaca qəhrəmanımız Raul isə oktyabrda 3 yaşını qeyd edəcək. Ancaq artıq çoxdan ağrı-acı ilə tanış olub. 1 yaşından özünü büruzə verməyə başlayan xəstəliyi ilə mücadiləsində ən böyük dəstəkçisi ailəsi olub. Atası Nüsrət Sadıqov əməliyyata qədər həyəcanlı günlər keçirdiklərini deyir: “1 yaşından narahatlığını hiss etdik. Təngnəfəs olur, boğulurdu. Goranboy rayonundakı Dəliməmmədli Ailə Sağlamlıq Mərkəzində pediatrın yanına apardıq. Həkim dedi uşağın ürəyində küy eşidir, bir də kardioloq müayinəsini tövsiyə etdi. Sonra əməliyyat lazım olduğunu öyrəndik. Bu yıxıcı xəbərin qarşısında ən böyük təsəllimiz isə oğlumuzun icbari tibbi sığorta ilə tamamilə pulsuz əməliyyat olunacağı idi. Bizi akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə göndərsələr də, əməliyyat dərhal olmadı. Bu müddət ərzində uşağı mütəmadi müayinələrə apardıq. Xəstəlik müəyyən mərhələyə çatmalı idi ki, əməliyyat edə bilsinlər. Sonra Vətən müharibəsi başladı, getdim-qayıtdım, ara bir az da uzandı. Nəhayət, bu il, iyunun 18-də akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində Raulu pulsuz-parasız əməliyyat etdilər. İndi lap yaxşıdır. Ancaq cərrah dedi ki, hələ bir dəlik qalıb, uşağı riskə atmamaq üçün onu bağlamayıblar. 5-7 il ərzində həmin dəliyin qapana biləcəyini düşünürlər. Bu müddət ərzində gözlədikləri kimi olmasa, Raul daha bir əməliyyat keçirəcək”.

Ürək problemləri hamiləliyin ilk 7 həftəsində formalaşır

Ürək qüsuru ana bətnində yaranan qüsurların ən çox yayılmış növlərindəndir və vaxtında aşkarlanıb müdaxilə edilməzsə, ciddi fəsadlara - əlillik və hətta ölümə belə səbəb ola bilər. Ölkəmizdə ürək qüsurlarına icbari tibbi sığorta çərçivəsində akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində müdaxilə edilir. Mərkəzdə böyük elmi işçi vəzifəsində çalışan ürək-damar cərrahı Faiq Mirzəzadə deyir ki, əksər hallarda analar hamiləlik dövründə müayinələrdən keçsə də, təəssüf ki, müayinə zamanı onlara uşağın ürək qüsuru ilə doğulacağı barədə heç nə deyilmir: “Halbuki ürək problemləri hamiləliyin ilk 7 həftəsində formalaşır. Hazırda ölkəmizdə diaqnostika sahəsi inkişaf etmədiyindən ürək qüsuru ilə doğulanlar çox olur. Amma vaxtında aşkarlananlar da var. Dəqiq diaqnoz qoyan həkimlər mürəkkəb, yoxsa sadə ürək qüsuru olduğunu müəyyənləşdirir və ananı bizə yönləndirir”.

Cərrah deyir ki, ürək problemləri “göy” və “göy olmayan qüsurlar” adlı 2 qrupa bölünüb. Göy qüsurlar körpə doğulandan dərhal, göy olmayan qüsurlar isə 3-5 il ərzində ortaya çıxır: “Mərkəzimizə yönləndirilən uşaqların müayinəsindən sonra onların probleminin nə qədər təcili olduğu müəyyən edilir. Təcili göstərişi olanlar dərhal əməliyyat olunur. Gözləyə bilməsi mümkün olan qüsurları isə növbəli əsaslarla aradan qaldırırıq”.

Ürək əməliyyatları daha əlçatan olub

Son vaxtlar ürək əməliyyatlarının sayı artıb. Uşaq ürək cərrahının fikrincə, icbari tibbi sığortanın tətbiqindən sonra müşahidə edilən bu artımın səbəblərindən biri də məlumatlılığın artmasıdır: “İkinci bir tərəfdən rayonlarda həkimlər diaqnoz qoyduqları xəstələri əllərində saxlamır, əməliyyat üçün müvafiq xəstəxanalara yönləndirirlər. Nəticədə problemlər gecikmədən, vaxtında həllini tapır. Bu da xəstə sayında özünü göstərir”.

Xəstənin probleminin vaxtında və pulsuz həllini tapması cərrahlar üçün də gəlirin artması deməkdir: “İcbari tibbi sığorta sayəsində ürək əməliyyatları əlçatan olub, biz həm uşaqların, həm böyüklərin həyatını xilas edirik. Əməliyyatların sayı artdıqca bizim də aldığımız ödənişlərin məbləği artır. Hər əməliyyatın dəyərinin 20-23 %-i əməliyyat edən həkim heyətinə çatır”.

F.Mirzəzadənin sözlərinə görə, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan əməliyyatlar ən çox rast gəlinən ürək qüsurlarının müalicəsini təmin edir:  “Xidmətlər Zərfi ilə 950 sayda cərrahi əməliyyat təminata alınıb. Həmin əməliyyatlar sırasında mühüm yer ürək-damar cərrahiyyəsinə ayrılmışdır. Cərrahi əməliyyatların tarifləri isə ixtisaslı həkimlərin rəyi nəzərə alınaraq müəyyən edilmişdir. Əməliyyatdan öncəki müayinələr, əməliyyat və ondan sonra göstərilən xidmətlər də nəzərə alınıb. Məsələn, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsinə aid olan, anadangəlmə magistral damarların transpozisiyası ən bahalı əməliyyatlardan hesab olunur və qiyməti 14 min manatdır. Sadə gedişli qüsurlarda əməliyyatın qiyməti 4 min manatdır. Qiymət strategiyasına təsir edən əsas amil əməliyyatın ağırlığı və sonrakı dövrdə xəstəxanada qalma müddətidir”.

İcbari tibbi sığorta anadangəlmə ürək qüsurlu uşaqları daim diqqət mərkəzində saxlayacaq

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə anadangəlmə ürək qüsurları ilə bağlı 15 tibbi xidmət daxildir. Həmin xidmətlər üzrə icbari tibbi sığorta çərçivəsində 2021-ci il ərzində 393 uşaq, 2022-ci ilin yanvar-iyul aylarında isə 216 uşaq üzərində kardiocərrahi əməliyyat aparılıb. Maraqlısı odur ki, əməliyyat olunanlar arasında 2-3 aylıq körpələr də var. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan pasiyentlər növbəlilik prinsipi əsasında əməliyyat olunublar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentlik) bildirilib ki, gələcək nəsillərin sağlam həyat tərzini təmin etmək üçün anadangəlmə ürək qüsurlu uşaqlar daim diqqət mərkəzində saxlanacaq.

Sadəcə ürək qüsurlularmı? Təbii ki, yox. Agentlik qeyd edir ki, hər kəsin icbari tibbi sığortadan istifadə edə bilməsi üçün müvafiq şərait yaradılıb. Bunun üçün TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət etmək yetərlidir. Səhhətində narahatlıq olan şəxslər həmin tibb müəssisələrində müayinə oluna, müvafiq müalicə ala bilərlər. TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində müvafiq tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, pasiyentə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanmaq mümkündür. Vətəndaşlar qarşılaşdıqları problemlər də daxil olmaqla, istənilən sualla bağlı Agentliyin “1542” Çağrı mərkəzinə müraciət edərək məlumat əldə edə bilərlər.

qafqazinfo.az

Zəng sifariş et