17 Dekabr 2018 10:24

Yaşam həmrəyliyi

Bacım qızı iki ilə yaxındır ki, Amerikada yaşayır. Həyat yoldaşı doktorantura təhsilini okeanın o üzündə almağa üstünlük verdiyindən ailə bir yerdə olsun deyə, ikiyaşlı qızını götürüb o da ABŞ-a getmək məcburiyyətində qalıb. Əslində, Azərbaycandan min kilometrlərlə uzaqda olan bu ölkəyə böyük ümidlərlə getmişdilər. Amma indi günləri sayırlar ki, Vətənə nə vaxt qayıdacaqlar... Belə ki, ailə Amerikada bir çox problemlərlə qarşılaşıb. Tibbi sığortaları olmadığından sağlamlıqla bağlı həkimə müraciət edəndə daha çox çətinlik çəkirlər.

Bir dişin hekayəti

Bacım qızının ABŞ-da həkim xidmətlərinin baha olduğu barədə telefon danışıqlarını xatırlayıb doğrusu, mən də heyrətlənməyə bilmirəm.

Bir gün zəng edəndə demişdi ki, uşağı həkimə aparıblarmış. Bir neçə gün sonra yaşadıqları ünvana iki qəbz gəlib. Adi müayinədən ötrü 470 dollar həkimə, həmin məbləğdən bir az da artıq tibb müəssisəsinə ödəməli olublar.

Daha bir zəngini yaxşı xatırlayıram. Dedi ki, dişi bərk ağrıyanda dözməyib, 300 dollar verib dişini çəkdirib. Həkim onu da deyib ki, o biri dişi də müalicə olunmalıdır. 2500 dollar ödəməlidir ki, müalicə etdirsin.

Vətəndən minlərlə kilometr uzaqda yaşayasan, tibbi sığortan da olmaya... Deməli, tibbi sığorta çox gərəkliymiş... Mənimsə əlimdən bacım qızına ürək-dirək verməkdən başqa nə gələ bilərdi?! Amma təkcə bu xəbəri dedim ki, tezliklə Azərbaycanda da əhali icbari tibbi sığorta ediləcək, o da Vətənə qayıdanda dişini elə öz ölkəmizdə müalicə etdirər.

Dediklərim onunçün yeni xəbər oldu və hiss etdim ki, sevindi.

İcbari tibbi sığorta nədir

Azərbaycanda əhalinin sağlamlığı naminə görüləcək bu həllivacib iş – insanların icbari tibbi sığortadan yararlanması tezliklə həyata keçiriləcək. Bu barədə demək olar ki, hər kəs məlumatlıdır. Hami yaxşı bilir ki, bu prosesin reallaşması o qədər də asan deyil. Prezident İlham Əliyev 2007-ci ildə İcbari Tibbi Sığorta Agentliyinin yaradılması haqqında qərar verib, amma bəzi çətinliklər səbəbindən bu iş, yəni Agentliyin strukturunun formalaşması 8 il yubanıb. Struktur yalnız 2016-cı ilin dekabrında

təsdiqlənib. Elə həmin vaxtdan da əhali arasında icbari tibbi sığortanın əhəmiyyəti barədə maarifləndirmə işləri aparılır. Sosial layihə olaraq Mingəçevir şəhərinin və Yevlax rayonunun əraziləri pilot ərazilər seçilib və 2018-ci ilin yanvarından həmin ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar dövlət səviyyəsində icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərdən istifadə edirlər.

Yaşam – bəşəriyyət tarixində insanlığın ən böyük mücadiləsidir. Dünyaya gələn hər kəs Allahdan ona verilən ömür payını sağlam yaşamaq istəyir. Bir-birinə cansağlığı arzulamaq da çox yəqin ki, ta qədimdən insanların yaşam həmrəyliyinə çağırışının əks-sədası olub. İcbari tibbi sığorta fondunun açılması və əhaliyə icbari tibbi sığorta kartının verilməsi həmrəyliyə verilən dəstəyə əyani sübutdur. Hər kəs fonda vəsait keçirəcək ki, bu pul da cəmlənəcək, xəstələnəndə özünə və ya digər xəstələrin müalicəsinə sərf olunacaq. Fonda vəsait köçürən hər kəs ona verilən kartla dövlətin zəmanət verdiyi tibbi xidmətlərdən istifadə edə biləcək. Beləcə, bir-birimizə qarşılıqlı yardım edəcəyik.

İcbari tibbi sığortanın tətbiqindən sonra, şəffaflığın təmin olunması məqsədilə, həkimlərin xəstələrə yazdıqları müalicənin düzgünlüyünə isə 3-cü tərəf nəzarət edəcək. Müalicə və dərmanlar barədə bütün məlumatlar İcbari Tibbi Sığorta Agentliyində toplanacaq. Müayinənin düzgünlüyünü yoxlamaq və müalicənin keyfiyyəti ilə maraqlanmaq Agentliyin üzərinə düşür.

Əhalinin öz sağlamlığını sığortalamaqdan ötrü ödəyəcəyi rüsumları dövlət müəyyənləşdirəcək. Ödəniş isə yalnız bank köçürməsi və ödəniş aparatları vasitəsi ilə olacaq. Qeyd etdiyimiz kimi, İcbari Tibbi Sığorta prosesi həyata keçirilərkən şəffaflığı qorumaq çox vacibdir.

İcbari tibbi sığortanın ödənilməsi xərcləri

Çalışan insanlar öz maaşlarından, şirkətlər işçilərin adına, müvafiq dövlət qurumları isə çalışmayan şəxslər – təqaüdçülər, uşaqlar və işsizlər üçün fonda ödəniş etməlidirlər. İcbari tibbi sığorta haqqını birbaşa tibb işçilərinə təqdim etmək qanunla qadağandır. Çox önəmli bir məsələyə – 18 yaşına çatmamış uşaqların, əyani təhsil alan tələbələrin, işləməyən təqaüdçülərin və aztəminatlı ailələrin sığorta haqqı ödəməkdən azad edilməsi məsələsinə də baxılıb. Əhalinin adları çəkilən böyük bir qismi imtiyazlı olacaq ki, bu da insanların sağlamlığına göstərilən dövlət qayğısına ən dəyərli nümunədir.

İcbari tibbi sığorta xidmətləri

İcbari tibbi sığorta kartını tibb müəssisəsinə təqdim etməklə paketə daxil olan aşağıdakı xidmətlərdən pulsuz istifadə etmək mümkün olacaq:

– Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);

– İlkin səhiyyə (ailə həkimi) xidməti;

– Ambulator şəraitində müayinə və müalicə;

– Stasionar müalicə;

– Funksional- diaqnostik müayinələr (USM, KT, MRT və s.);

– Fizioterapevtik xidmətlər;

– Laborator müayinələr;

– Hamiləlik və doğuş xidməti;

– Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);

– Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;

– Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);

– Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

Ümumiyyətlə, İTC-nin baza zərfinə 1800-dən çox xidmət – ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə-müalicə təminatı, həyati vacib əməliyyatlar və s. daxildir. Baza zərfində nəzərdə tutulmayan digər xidmətlərə görə isə xəstəxanalara birbaşa ödəniş edilməlidir.

Günəbaxan çiçəyi

Almaniyada tibb təhsili alan rəfiqəmin qızı WhatsApp-la mənə bir şəkil yollamışdı. Əlindəki günəbaxan çiçəyini elə ürəklə bağrına basmışdı ki... Düzü, şəkilaltı yazmasaydı, çox təəccüblənəcəkdim. Yazmışdı ki, imtahanı əla verdiyinə görə günəbaxan çiçəyini ona təntənəli şəkildə təqdim ediblər. Niyə məhz günəbaxan çiçəyi, bax bunu o vaxt nə ondan soruşmuşdum, nə də mənasını özüm başa düşmüşdüm. Amma xeyli sonra günəbaxan çiçəyinin rəmzi mənasını aydınlaşdıra bildim: gələcəyin həkiminə Günəşli dünyamızdakı insanların həyatı etibar edilirdi. Həkim üçün bundan gözəl etimad ola bilməzdi.

Tezliklə hər dəfə imtahandan sonra əla biliyi günəbaxan çiçəyi ilə dəyərləndirilən rəfiqəmin qızı da Almaniyada tibbi təhsilini başa vurub savadlı, bacarıqlı, qayğıkeş

həkim kimi ölkəmizə dönəcək. O da respublikamızdakı yüzlərlə həkim və tibb bacısı kimi icbari tibbi sığorta olunmuş minlərlə insana xidmət edəcək. Ona da güvənib inanacaq, müalicəsindən şəfa tapacaqlar. Həmin günəbaxan çiçəkləri beləcə, çoxlarının ömür yolunu işıqlandıracaq.

Gəlin, yaşam həmtəyliyinə – hə, – deyib icbari tibbi sığortanı həyat tərzimiz kimi qəbul edək. Axı heç kəs xəstələnməkdən sığortalanmayıb. Amma qoy hər kəs sağlamlıqla bağlı sığortalansın ki, çətin vaxtda, dar ayaqda həyatımızı etibar etdiyimiz ağxalatlı cəfakeşlərimiz ona kömək edə bilsinlər. O cəfakeşlərimiz ki, hər birinin köksündə günəbaxan çiçəyinin hərarəti var.

Yazı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin «Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu» mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Aida Quliyeva, dunyaxeber.info 

Zəng sifariş et