08 Oktyabr 2019 17:08

Yüz günü gözləyənlər: onlar icbari tibbi sığortaya hazırlaşırlar

Regionlarda yaşayan vətəndaşlar İcbari tibbi sığortanın tətbiqini indi daha çox səbirsizliklə gözləyənlərdəndirlər.

Ölkədə 2020-ci ilin birinci günündən icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Hamının səbirsizliklə gözlədiyi tarixə yaxınlaşmağımıza az vaxt qalsa da, prosesin necə aparılacağı barədə, demək olar ki, az sayda vətəndaş məlumatlı ola bilər. Xüsusilə də regionlarda işin təşkili və maarifləndirmənin aparılması hiss edilmir. Sputnik Azərbaycan-ın bölgə müxbiri Bərdə rayon Səhiyyə Şöbəsinə baş çəkərək görülən tədbirlər ilə maraqlanıb.

Bərdə rayon Səhiyyə Şöbəsinin baş mühasibi Cəlal Qocayevin sözlərinə görə, icbari sığorta ilə bağlı ilkin işlər görülməyə başlayıb: "Baş həkimin göstərişi ilə server otağı ayrılıb. Oradan bütün otaqlara kabel vasitəsilə internet xətti verilib. Paralel şəkildə bütün xətlər əlaqələndiriləcək. Texniki imkanların qurulması ilə yanaşı, qeydiyyat aparacaq tibb işçilərinə vətəndaşları qarşılamaq qaydaları ilə tanışlıq üçün həm də Bakıdan gələn nümayəndələr tərəfindən təlimlər keçirilir.

İcbari tibbi sığortaya keçidin son 100 günü devizi altında ilkin tədbirlərin görülməsinə başlanıb. Maddi-texniki bazanın formalaşdırılması istiqamətində 48 kompüter gətirilib. Uyğun qəbul şöbələrində quraşdırılmaqla əhalinin istifadəsinə veriləcək”.

Taleyimizi həll edəcək yenilik – Hər kəsi maraqlandıran sual yaranıb>>

Cəlal Qocayev bildirir ki, icbari tibbi sığortaya keçidlə bağlı görülən tədbirlərdən biri də maarifləndirmə işlərinin aparılmasıdır: "Hər bir xəstəxana üzrə: Uşaq xəstəxanası üzrə 3 nəfər, poliklinika üzrə 3 nəfər, Mərkəzi Xəstəxana üzrə 3 nəfər, Doğum evi üzrə 3 nəfər işçi ayrılaraq onlara gələn vətəndaşlarımızla maarifləndirmə işlərinin aparılması tapşırılıb. Bunda məqsəd vətəndaşlara icbari tibbi sığortanın mahiyyəti, mövcud mexanizmlər barədə məlumat verməkdir".

İcbari tibbi sığortadan bəhrələnmək üçün vətəndaşlar nə etməlidirlər?

Cəlal Qocayevin dediyinə görə, uşaqlar və təqaüdçü ahıllar sığorta imtiyazına malik olacaqlar. Yəni onların sığorta haqqı dövlət hesabına ödəniləcək.

"Adambaşına tibbi sığorta üçün vətəndaşlar 10 manat pul ödəyəcəklər. Uşaq və ahıl insanlar isə hökumətin nəzərdə tutduğu güzəşt siyahısında olacaqlar. Yəni onlar ödəniş etməsələr belə, icbari tibbi sığortanın yaratdığı imkanlardan faydalanacaqlar", - deyə Səhiyyə şöbəsinin rəsmisi bildirib.

Regionlarda yaşayan vətəndaşlar İcbari tibbi sığortanın tətbiqini indi daha çox səbirsizliklə gözləyənlərdəndirlər. Ümid edək ki, növbəti ildən sonra icbari tibbi sığorta hamını razı sala biləcək yeni bir sistem olmaqla keyfiyyətli tibbi xidmətin reallaşmasına xidmət göstərəcək. 

Musa Muradlı, Sputnik Azərbaycan

Zəng sifariş et