10 Mart 2021 15:58

Agentlik tibbi iddiaların idarəolunması sisteminin təkmilləşdirilməsi üzərində iş aparır

10 mart 2021-ci il tarixində “Tibbi iddiaların idarəedilməsi sisteminin operativ qiymətləndirilməsi” üzrə layihənin nəticələrinin müzakirəsinə həsr olunmuş onlayn seminar keçirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi icbari tibbi sığorta ilə bağlı tibbi iddiaların idarəedilməsi sisteminin mövcud vəziyyətini təhlil etmək olub.

Seminarda Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev, ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı çıxış edərək tibbi iddiaların idarəedilməsi sisteminin təkmilləşdirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Daha sonra sözügedən layihənin nəticələrindən danışan ÜST-ün eksperti Kristina Kahur tibbi iddiaların idarəedilməsi sisteminin mövcud vəziyyəti ilə bağlı boşluqlar və onların aradan qaldırılması üçün tövsiyələrin yer aldığı təqdimatla çıxış edib.

Qeyd edək ki, ötən ilin dekabr ayından icra olunan layihə çərçivəsində ÜST-ün eksperti Agentlik daxilində yaradılmış işçi qrupla yaxından əməkdaşlıq edib, işçi qrupla keçirilmiş yazılı sorğu və  görüşlər əsasında hesabat hazırlanıb. Hesabatdakı tövsiyələri nəzərə alaraq Agentliyin digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı planlaşdırılır.

Zəng sifariş et