15 Noyabr 2016 16:06

Pilot ərazilərdə İcbari Tibbi Sığorta sistemi haqqında maarifləndirmə tədbirləri keçirilib

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri 14-15 noyabr tarixlərində pilot ərazilərdə - Yevlax rayonunda və Mingəçevir şəhərində əhalinin İcbari Tibbi Sığorta (İTS) sistemi haqqında maarifləndirilməsi məqsədilə sakinlərlə görüşlər keçiriblər.

Yevlax rayonunda Heydər Əliyev Sarayında və Bəşir Səfəroğlu adına Xalq Teatrında tibb ictimaiyyəti, pedaqoji fəaliyyətlə məşğul olanlar, Yevlax rayonunun 48 kəndinin, 29 bələdiyyənin və 1 qəsəbənin icra nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə bildirilib ki, İTS-in tətbiqi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə dəstək verəcək. Səhiyyənin uzunmüddətli inkişafına nail olmaq məqsədilə bu sahədə dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması və mövcud resursların daha səmərəli istifadəsi tələb olunur.

Mingəçevirdə isə Mingəçevir Dövlət Dram Teatrında, Energetiklər klubunda, Mingəçevir Dövlət Universitetində şəhər ictimaiyyəti ilə keçirilən görüşlərdə qeyd olunub ki, İTS-in tətbiqi yeni maliyyə mənbələrinin yaradılmasına təkan verəcək.Azərbaycanda səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığorta modelini tətbiq etmək Agentliyin əsas prioritetidir.

Pilot ərazilərdə keçirilən tədbirlərdə İTS-in əhəmiyyəti, üstünlükləri və səhiyyədə tətbiqi haqqında təqdimatlar edilib. İTSDA-nın şöbə müdirləri Vüqar Qurbanov və İsa Əliyev, Agentliyin əməkdaşları Sadiq Mədətov və Tural Qulu sakinlərin suallarını cavablandırıblar.

Agentlik əhalinin məlumatlandırmaq məqsədilə Yevlax rayonunda və Mingəçevir şəhərində posterlər vurub.

Zəng sifariş et