21 Dekabr 2022 17:25

Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb

21 dekabr 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd vətəndaş cəmiyyəti və media nümayəndələrinin icbari tibbi sığorta sisteminin işləmə mexanizmi haqqında məlumatlılıq səviyyəsini artırmaq, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək və gücləndirməkdir.

Tədbirdə təqdimatla çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, əhalinin icbari tibbi sığorta barədə məlumatlandırılmasında qeyri-hökumət təşkilatları və media mənsublarının rolu böyük əhəmiyyət daşıyır. Bu səbəbdən media mənsublarına və bu sahədə maarifləndirmə tədbirləri təşkil edən vətəndaş cəmiyyətinə icbari tibbi sığorta sisteminin qaydaları barədə dolğun məlumatlar vermək zəruridir.

Təqdimat zamanı iştirakçılar icbari tibbi sığorta sistemindən istifadə qaydası, sığortahaqlarının məbləği, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, göndərişlərin verilməsi qaydası və digər məsələlər haqqında məlumatlar əldə ediblər.

Sual-cavab sessiyasında Agentliyin Tibbi ekspertiza şöbəsinin əməkdaşları Tərlan Paşayev və Arzu İbrahimova iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Sonda iştirakçılar icbari tibbi sığorta sistemi barədə məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə yazılı sorğuda iştirak ediblər.


 

Zəng sifariş et