04 Mart 2021 16:22

Tibbi xidmətlərin dəyərinin hesablanması aləti mövzusunda onlayn təlim keçirilib

3-4 mart 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Maliyyə, Strateji təhlil və Tibbi iddialar departamentlərinin əməkdaşları üçün “Tibbi xidmətlərin dəyərinin hesablanması aləti” mövzusunda onlayn təlim keçirilib. Təlim Agentliyin təşəbbüsü və BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə təşkil olunub.

Təlimin keçirilməsində məqsəd Agentliyin müvafiq sahə üzrə struktur bölmələrinin əməkdaşlarının tibbi xidmətlərin dəyərinin hesablanması üzrə bilik və bacarıqlarının artırılmasıdır. Təlim iştirakçıları əldə etdikləri bilikləri gələcəkdə tibbi xərclərin daha effektiv planlaşdırılmasında istifadə edə biləcəklər. Təlim səhiyyənin planlaşdırılması və maliyyələşdirilməsi üzrə beynəlxalq ekspert Afif Mahmud tərəfindən keçirilib. Tibbi xidmətlərin dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan məqamları diqqətə çatdıran ekspert bu sahədə qəbul olunmuş beynəlxalq prinsiplər haqqında iştirakçılara məlumat verib. Təlimçi qeyd edib ki, beynəlxalq təcrübədə tibbi xidmət dəyərinin hesablanması zamanı iki komponent nəzərə alınır: birbaşa və dolayısı xərclər. Birbaşa xərclərə xidmətin göstərilməsinə cəlb olunan tibb işçilərinin əməyinin ödənişi, müalicə zamanı istifadə olunan dərman preparatları, tibbi ləvazimatlar və müayinələr daxildir. Dolayısı xərclər isə kommunal ödənişlər, təmir və saxlanma xərclərindən ibarətdir. 

A.Mahmud icbari tibbi sığorta çərçivəsində Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Xidmətlər Zərfi ilə təminata alınan ana və uşaq sağlamlığı üzrə tibb xidmətlərin, o cümlədən antenatal, perinatal və doğuşayardım, doğuşdan sonrakı xidmətlərin dəyərinin müəyyən edilməsi ilə bağlı hazırlanmış hesabatı təqdim edib.

Təlimdə hesabata əsaslanaraq ana və uşaqlara göstərilən tibbi xidmətlərin dəyərinin hesablanması metodikası praktik tapşırıqlar və məşğələlərlə iştirakçılara təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə dəstək məqsədi ilə UNICEF tərəfindən 2021-2022-ci illər ərzində davamlı texniki dəstəyin göstərilməsi nəzərdə tutulub.

Zəng sifariş et