25 May 2021 16:41

Agentliyin əməkdaşları Layihə İdarəetmə Məktəbinin tədris proqramında iştirak edəcəklər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) 10 əməkdaşı Layihə İdarəetmə Məktəbinin (School of Project Management-SPM) tədris proqramında iştirak edəcək. “bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi, Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə həyata keçirilən tədris proqramı 6 ay davam edəcək.

Proqramın açılış mərasimində çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda təhsil və sosial layihələrə dəstək verdiyi üçün “bp Azərbaycan” şirkətinə təşəkkürünü ifadə edib. “Əməkdaşlarımıza bu mühüm təlimlərdə iştirak etmə imkanını yaratdığı üçün “bp  Azərbaycan” şirkətinə öz dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, SPM proqramı Agentliyin mütəxəssislərinin inkişafına töhfə verəcək və ölkədə icbari tibbi  sığorta sisteminin fəaliyyətinə müsbət təsir göstərəcəkdir. “bp Azərbaycan” şirkəti və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığımız qarşılıqlı etimad prinsipinə əsaslanır. Bu əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə və uğurla davam edəcəyinə əminəm”  - deyə Z. Əliyev bildirib.

Bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Agentliyin 10 nümayəndəsinin Layihə İdarəetmə Məktəbində iştirakını maliyyələşdirməkdən məmnunluğunu bildirib: “İşçilərin potensial və bacarıqlarının gücləndirilməsinə yönəlmiş dəstəyimiz sayəsində inanırıq ki, təlim zamanı əldə edilən bilik və səriştələr  əməkdaşlara öz işlərində layihələri daha səmərəli və peşəkar səviyyədə idarə etmək, bununla da təmsil etdikləri qurumun uğurlu fəaliyyətinə ciddi töhfələr vermək imkanı yaradacaq”.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin iştirakçılarını tədrisə başlamaları münasibətilə təbrik edib: “BANM-də davamlı formada reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarından bir çoxu proqramı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər. 6 ay davam edəcək kursu bütün modullar üzrə bitirən məzunlar adlarının qarşısına PMP və ya PhD kimi DCPM yəni “Duke Certified Project Manager” inisiallarını da əlavə edə biləcəklər”.

Qeyd edək ki, təlim iştirakçılarına layihələrin idarə olunmasının 8 modulu üzrə ABŞ-ın Duke Universitetinin Magistr Proqramı əsasında təlim keçirilir. Həmin modullara “Layihələrin idarəedilməsi”, “Qrafik və xərclərə nəzarət”, “Risklərin idarəedilməsi”, “Çevik idarəçilik”, “Layihəyə rəhbərlik. İdarəetmə və kommunikasiya”, “Müqavilələrin idarəedilməsi”, “Layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq”, “Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları” kimi kurslar daxildir.

Layihə İdarəetmə Məktəbinin tədris proqramını uğurla başa vuranlara ABŞ-ın Duke Universitetinin sertifikatları təqdim olunacaq.

Zəng sifariş et