10 İyun 2019 15:58

Mingəçevirdə “Kəskin zəhərlənmələrin diaqnostika və müalicəsinə dair müasir yanaşmalar” mövzusunda tədris kursu keçirilib

10 iyun 2019-cu il tarixində Mingəçevir şəhərində Azəri Toksikoloqlarının Dərnəyi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxslə birgə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Kəskin zəhərlənmələrin diaqnostika və müalicəsinə dair müasir yanaşmalar" mövzusunda regional tədris kursu keçirib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən təsdiqlənmiş tədris kursuna Mingəçevir, Ağdaş, Yevlax, Gəncə, Oğuz və Bakıdan olan həkim anestezioloq-reanimatoloq, həkim-toksikoloq, təcili yardım üzrə həkim, ailə həkimi, həkim-terapevt, həkim-pediatr, həkim allerqoloq, həkim narkoloq, həkim-psixiatr ixtisasları üzrə 120 nəfərədək mütəxəssis cəlb olunub. Kursda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru t.ü.f.d. Könül Ələkbərov, Azəri Toksikoloqlarının Dərnəyinin sədri t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, t.ü.f.d. İnci Bağırova tərəfindən “Azərbaycanda kəskin zəhərlənmələrin epidemiologiyası. Əsas toksikoloji sindromlar, Antidot terapiyanın əsasları”, “Zəhərli heyvanların (ilan, əqrəb, qaraqurd) zəhəri ilə, zəhərli göbələklər və bitkilər ilə intoksikasiyanın diaqnostika və müalicəsi”, “Alkoqol, narkotik maddələr və hallüsinogenlər ilə zəhərlənmələrin diaqnostika və müalicəsi”, “Dəm qazı və başqa toksik qazlar ilə zəhərlənmələrin diaqnostika və müalicəsi” və “Yandırıcı məhlullar və pestisidlər ilə zəhərlənmələrin diaqnostika və müalicəsi” mövzularında mühazirələr söylənilib.

Kursu müvəffəqiyyət ilə bitirmiş mütəxəssislər Davamlı Tibbi Təhsil Proqramı üzrə 7 kredit balı qazanıblar.

Zəng sifariş et