01 İyun 2018 16:43

İcbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə uşaqlar üçün bayram şənlikləri təşkil olunub

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə - Mingəçevir şəhər, Yevlax və Ağdaş rayon Mərkəzi Xəstəxanalarında bayram şənlikləri təşkil edilib. Uşaqları əyləndirmək məqsədilə təşkil olunan tədbirlərdə Mingəçevir Dövlət Dram teatrının və Bəşir Səfəroğlu adına “Xalq” teatrının aktyorları maraqlı proqramla çıxış ediblər.

Bayram tədbirlərində iştirak edən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov, Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov və Ağdaş rayon Mərkəzi Xəstəxanasının direktoru Nuru Nuruyev rəhbərlik etdikləri xəstəxanada icbari tibbi sığortanın tətbiqi nəticəsində əldə olunan nailiyyətlərdən danışaraq ilk növbədə uşaqların sağlamlığının dövlətin diqqət mərkəzində olduğunu vurğulayıblar. Xəstəxana direktorları stasionarda müalicə alan uşaqlara bayram münasibətilə hədiyyələr paylayıblar.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında əhalinin (337800 nəfər) 27%-ni (92100 nəfər) uşaqlar təşkil edir. İcbari tibbi sığorta tətbiq olunduqdan sonra pilot ərazilərdə yaşayan uşaqlar sığortadan yararlanaraq baza zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz olaraq istifadə edirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə rəsmi qeydiyyatda olan və anadangəlmə ürək qüsuru ilə doğulan 8 uşağın əməliyyat olunmasını təmin edib.

Nəzərinizə çatdıraq ki, Agentlik valideynlərə pilot ərazilərdəki mərkəzi xəstəxanalarda yeni doğulmuşlara qulluq zamanı gigiyenik proseduralara riayət olunmasının və ana südünün əhəmiyyəti, körpənin düzgün əmizdirilməsi qaydaları və s. barədə məlumatı özündə əks etdirən “Uşağın sağlamlıq kitabçası”nı paylayır.

Agentlik Uşaqların Beynəlxalq Müdafiəsi Günü məqsədilə anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların əməliyyat olunaraq sağlamlıqlarına qovuşmaları barədə video çarx cəkmişdir.

Videonu bu linkdən izləyə bilərsiniz.

Zəng sifariş et