28 Aprel 2022 16:26

İcbari tibbi sığorta ilə bağlı 5 milyona yaxın nömrəyə SMS göndərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə genişmiqyaslı maarifləndirmə kampaniyasına başlanılıb. Kampaniyanın əsas istiqamətlərindən biri SMS maarifləndirmə işinin həyata keçirilməsidir. Görülən tədbirlər çərçivəsində Azərbaycanın müxtəlif mobil operatorlarına aid 4 860 000 mobil (dörd milyon səkkiz yüz altmış min) nömrəyə məlumatlandırıcı SMS göndərilib.

SMS-lərdə hər kəsin icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilməsi ilə bağlı məlumat və Agentliyin rəsmi internet səhifəsinə keçid etmək üçün link təqdim edilir. Linkə daxil olarkən açılan səhifədə icbari tibbi sığorta ilə bağlı vətəndaşa  lazımi bütün məlumatlar və təlimat videosu yer alıb.

Maarifləndirmə tədbirlərinin digər bir istiqaməti ölkədə fəaliyyət göstərən bütün 25 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də TƏBİB-in tabeliyindəki 16 tibb müəssisəsində quraşdırılan monitorlarda icbari tibbi sığorta ilə bağlı maarifləndirici videoçarxların nümayişidir. Videolarda icbari tibbi sığorta hesabına tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər, özəl tibb müəssisələrinə göndərişlərin verilməsi, habelə Çağrı mərkəzi haqqında məlumatlar öz əksini tapıb.

Bundan başqa, ASAN radioda yayımlanan “Bir sual, bir cavab” rubrikası vasitəsilə “İcbari tibbi sığorta ilə tibbi xidmətlərdən istifadə qaydası”, “Xidmətlər Zərfi”, “İcbari tibbi sığorta ilə özəl tibb müəssisələrində tibbi xidmətdən istifadə imkanı”, “Göndərişlərin verilməsi qaydası”, “İcbari tibbi sığorta çərçivəsində dərmanlarla təminat”, “Rayon qeydiyyatında olan şəxslərin Bakıda tibbi xidmətlər alması” kimi mövzularda dinləyicilərə məlumatlar çatdırılır.

Həmçinin “Real TV”-nin canlı efirində hər həftənin çərşənbə günü “Tibbi sığorta saatı” verilişi yayımlanır. Sözügedən verilişin yayımına ötən ilin dekabr ayından başlanılıb. Agentliyin və “Real TV”-nin birgə əməkdaşlığının nəticəsi olan bu layihə çərçivəsində izləyicilərə Agentliyin məsul əməkdaşları, həkimlər və digər ekspertlər tərəfindən icbari tibbi sığorta, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər və digər mövzular haqqında ətraflı məlumat verilir. Veriliş  Agentliyin və “Real TV”-nin sosial şəbəkələrdəki səhifələrində də yayımlanır. Canlı yayım zamanı və ondan sonrakı müddətdə sosial şəbəkə istifadəçiləri tərəfindən daxil olan suallar Agentliyin nümayəndəsi tərəfindən operativ cavablandırılır.

Maarifləndirmə kampaniyası istiqamətində dövlət və qeyri-dövlət qurumlarının əməkdaşlarının icbari tibbi sığorta haqqında məlumatlandırılması da həyata keçirilir. Bu məqsədlə 59 quruma ödənişsiz əsaslarla məlumatlandırıcı seminarların keçirilməsi barədə müraciət edilib. Müraciətlərə əsasən cari ildə artıq 14 məlumatlandırıcı seminar keçirilib.

Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentliyə dəstək olan bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildiririk və əməkdaşlığımızın davamlı olmasını arzulayırıq.

 

Zəng sifariş et