14 Oktyabr 2021 16:17

Agentliyin İdarə Heyəti sədrinin müavini Şuşa modul tipli xəstəxananın şəraiti ilə tanış olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova Şuşada yeni quraşdırılan modul tipli xəstəxananın şəraiti ilə tanış olub.

N.Bayramova bildirib ki, ölkə başçısının tapşırığına əsasən istifadəyə verilən Şuşa modul tipli xəstəxana ölkəmizdə səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır: “Xəstəxananın quraşdırılması tibbi xidmətləri əhali üçün əlçatan edir. Vətəndaşlar burada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana biləcəklər”.

Nərimanov Tibb Mərkəzinin rəhbəri, Şuşa modul tipli xəstəxanaya təhkim edilən Fazil Alməmmədov İdarə Heyəti sədrinin müavininə xəstəxanada görülən tədbirlər barədə məlumat verib. O bildirib ki, Şuşa modul tipli xəstəxanada yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat vətəndaşların müayinə və müalicəsinə xidmət edəcək: “Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Əməliyyat və intensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur. Xəstəxanada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya və stasionar xidmətlər göstəriləcək”.

Xəstəxananın təchizatı barədə məlumat verən F.Alməmmədovun sözlərinə görə, funksional diaqnostika otağı portativ rentgenoqrafiya aparatı ilə təmin olunub. Tibb müəssisəsinin laboratoriyasında ümumi və biokimyəvi analizlərin aparılması mümkündür. Xəstəxanada travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri çalışırlar. Hazırda xəstəxanada 9 çarpayı yeri mövcuddur.

 Daha sonra xəstəxanada yaradılmış şəraitlə tanışlıq olub.

        

 

Zəng sifariş et