10 İyun 2022 18:00

Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb

İcbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda keçirilən 11 günlük təlim kursu başa çatıb. Təlim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib. 

2022-ci ilin 30 may - 10 iyun tarixlərində keçirilən təlimə Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyəti və 15 dövlət tibb müəssisəsinin direktor və müavinləri qatılıblar.

Təlim proqramının bağlanış mərasimində Ankara Universitetinin rektoru Necdet Ünüvar, Tibb elmləri fakültəsinin dekanı Emine Özmete, TİKA-nın sədr müavini Rahman Nurdun və Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak ediblər. Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov isə tədbirə onlayn qaydada qoşulublar.

Tədbirdə açılış nitqi ilə çıxış edən Necdet Ünüvar xəstəxanaların səhiyyə sisteminin vacib iştirakçısı olaraq əhalinin sağlamlığının qorunmasında əhəmiyyətindən danışıb. Rektor struktur xüsusiyyətlərinə görə tibb müəssisələrinin idarə edilməsinin çətin və  mürəkkəb olduğunu bildirib: “Səhiyyə ilə bağlı məlumatlılığın və ictimai gözləntilərin yüksəlməsi səhiyyə xidmətlərinə tələbatı artıraraq, qabaqcıl texnologiyaların tibdə tətbiqinə və xərclərin idarə edilməsinə zərurət yaradıb. Son illər Azərbaycanın icbari tibbi sığorta sistemində mühüm islahatlar aparılıb. Xəstəxanaların idarəçiliyinin gücləndirilməsi məqsədilə universitetimiz tərəfindən hazırlanan 70 saatlıq təlim proqramına səhiyyə siyasəti və islahatları, səhiyyədə iqtisadi qiymətləndirmə, xəstəxanalarda keyfiyyət və akkreditasiya, tibbi sığorta və xəstəxana əlaqələri, xəstəxanalarda xərclərin təhlili, insan resurslarının idarə edilməsi kimi 16 fərqli mövzu, həmçinin Bilkent Şəhər və İbni Sina xəstəxanalarının fəaliyyətləri ilə tanışlıq daxildir. Ümid edirəm ki, proqram iki qurum arasında birgə tədqiqat və təhsil fəaliyyəti üçün zəmin yaradacaq”.

Rahman Nurdun isə Türkiyənin bir çox sahələrdə qazandığı uğurlu təcrübələri müxtəlif layihə və proqramlar çərçivəsində dost ölkələrlə paylaşdığını bildirib: “60 ölkədə 62 nümayəndəsi olan və   150-dən çox ölkədə fəaliyyət göstərən bir qurum olaraq bir çox sahələrdə texniki infrastrukturun və institusional bacarıqların artırılmasına və ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə vermək üçün fəaliyyətimizi davam etdiririk”.

Zaur Əliyev icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində idarəetmənin təkmilləşdirilməsi baxımından təlimin vacibliyini vurğulayıb: “Təlim proqramının keçirilməsində bizə dəstək olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə və Ankara Universitetinə dərin təşəkkürümü bildirirəm. Təlim iştirakçıları tibb müəssisələrinin effektiv idarə olunmasına dair nəzəri və praktik biliklərə yiyələnmiş olacaqlar. Əminəm ki, xəstəxana rəhbərləri təlimdən əldə etdikləri bilikləri öz fəaliyyətlərində uğurla tətbiq edəcək və daha səmərəli idarəetmə üsullarından istifadə etməklə rəhbərlik etdikləri tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəklər”.

Daha sonra çıxış edən Vüqar Qurbanov ölkəmizdə tibbin inkişafı istiqamətində ixtisaslı kadrların təcrübə mübadiləsinə cəlb olunmasının əsas hədəflərdən biri olduğunu bildirib: “Bu istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsi və ölkə səhiyyəsində tətbiq olunması olduqca vacib məsələlərdəndir. Əminəm ki, təlimlərin nəticələrindən çox qısa zamanda faydalanacağıq. Bütün bunlar vətəndaşların keyfiyyətli xidmətlərlə təmin edilməsi üçün görülən işlərin tərkib hissəsidir”.

Qeyd edək ki, təlim proqramı Ankara Universitetinin Səhiyyənin idarə edilməsi bölməsinin professor-müəllim heyəti, müvafiq xəstəxanaların rəhbər və işçiləri, Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun Ümumi Tibbi Sığorta Baş İdarəsi, Türkiyə Səhiyyə Xidmətlərində Keyfiyyət və Akkreditasiya İnstitutu, həmçinin səhiyyə sahəsində İKT sistemi üzrə ixtisaslaşmış MEDDATA şirkətinin rəhbər və əməkdaşları tərəfindən tədris edilib.  

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.

Zəng sifariş et