13 Dekabr 2019 11:37

Klinik diaqnostik laboratoriyalarda çalışan tibb heyəti üçün keçirilən təlimlər yekunlaşıb

İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan təlim başa çatıb. Məlumat üçün bildirək ki,  layihənin işçi qrupuna Agentliyin və “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi”nin nümayəndələri daxildirlər.

Təlimdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəran şəhərlərinin, o cümlədən Şamaxı, Göyçay, Quba, Cəlilabad və Ağcabədi rayonlarının tibb heyəti iştirak edib. Bir ay ərzində davam edən təlimə sözügedən rayonlardan 25 həkim və 24 orta tibb işçisi qatılıb.

Təlimdə iştirakçılara klinik biokimya və klinik mikrobiologiyaya, habelə laborator xidmətlərin kodlaşdırılması qaydaları və laborator testlərin tibbi protokollara əsasən təyin olunma xüsusiyyətləri üzrə nəzəri biliklər aşılanıb. Tibb işçiləri ilə müasir tibbi standartların təbliği, diaqnostikada testlərin doğru seçimi və nəticələrin interpretasiyası barədə interaktiv müzakirələr aparılıb. Tibb işçilərinin klinik nümunələrin alınması, analizlərin düzgün aparılması qaydaları, tam avtomatlaşdırılmış sistemlərdə iş üzrə vərdiş və bacarıqlarını artırmaq məqsədi ilə praktik məşğələlər keçirilib. İştirakçılarının təlim proqramını necə mənimsəməsini müəyyən etmək məqsədi ilə qiymətləndirilmə aparılıb. Qiymətləndirmədə iştirak edən həkimlərin 19-u, laborantların isə 13-ü yüksək bal toplayıb. Qeyd olunmalıdır ki, həkimlər üçün keçid balı 70, orta tibb işçiləri üçün isə 50 bal olaraq təyin olunub.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Bu istiqamətdə təlimlərin layihənin növbəti mərhələlərində keçirilməsi planlaşdırılır. Təlimlərə  digər regionların diaqnostik laboratoriyalarında çalışan tibb heyəti dəvət ediləcək.

Zəng sifariş et