05 Mart 2020 10:07

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatı - YENİLƏNİB

Saat 14:25

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilmişlər.

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

***  

Saat 09:55

Martın 4-ü 2020-ci il tarixdə Səhiyyə Nazirliyində geniş müşavirə keçirilib. Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşları iştirak ediblər.

Müşavirədə qeyd edilib ki, epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməlidir.

Koronavirusla mübarizə sahəsində keçirilən müşavirədə xəstələrin müalicə və profilaktikası məsələlərinin səmərəli təşkili, eləcə də əks-epidemik tədbirlərin səmərəliliyinin daha da artırılması istiqamətində işlərin gedişi müzakirə olunub.

Ölkədə kifayət qədər test ehtiyatının olduğu vurğulanıb və ehtiyac yarandığı təqdirdə ölkəyə gətirilməsi imkanları müzakirə edilib.

Müşavirədə xarici ölkələrdən gələn vətəndaşların yoxlanılması, və yoxlamaya cəlb edilmək üçün səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib.

Zəng sifariş et