02 Mart 2020 15:16

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatı - YENİLƏNİB

Saat 16:25

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılmışdır.

***** 

Saat 15:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir. Martın 01-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin İçərişəhər metrostansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial, vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında, xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib. Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.

Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq. Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik.

Zəng sifariş et