25 Sentyabr 2018 14:36

“Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda yazı müsabiqəsi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu" mövzusunda yazı müsabiqəsi elan edir.

İştirakçılar müsabiqə mövzusunda aşağıdakı istiqamətlərdən biri üzrə məqalələr təqdim edə bilərlər:

  • İcbari tibbi sığorta nədir;
  • İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək;
  • İcbari tibbi sığortanın tətbiqi pilot ərazilərdə yaşayan əhalinin həyatında nəyi dəyişdi;
  • İcbari tibbi sığorta sistemi çərçivəsində çalışan bir həkimin uğur hekayəsi;
  • İcbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisəsinin işinin təşkili;
  • İcbari tibbi sığortanın tətbiqində dayanıqlı maliyyə mənbələrinin rolu.

Müsabiqənin əsas məqsədi əhalinin icbari tibbi sığorta haqqında məlumatlılığının artırılması, ictimaiyyətin rəy və münasibətinin öyrənilməsi, Azərbaycanda icbari tibbi sığortanın uğurlu tətbiqi üçün alternativ dayanıqlı maliyyə mənbələrinin və bu sahədə beynəlxalq təcrübənin təhlili ilə əlaqədar araşdırmaların aparılmasıdır.

Müsabiqə üçün yazılan məqalələrdə icbari tibbi sığortanın əhali və ölkə üçün birbaşa, uzun müddətli müsbət təsirləri və faydaları vurğulanmalıdır.

Kimlər iştirak edə bilərlər:

Müsabiqədə jurnalistlər iştirak edə bilərlər.

Müsabiqənin şərtləri:

Məqalə 5-8 min işarədən çox olmamalıdır;

Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan və ya rus dillərində ola bilər;

Yazılara müsahibin razılığı ilə verilmiş müsahibələr daxil edilə bilər;

Müsabiqəyə təqdim edilən yazılar müsabiqədən əvvəl heç bir yerdə dərc olunmamalıdır;

Müsabiqəyə 2018-ci ilin noyabr ayının 30-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin onlayn xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.

Müsabiqə 2018-ci il 26 sentyabr – 30 noyabr tarixlərində keçirilir.

Qaliblərin mükafatlandırılması:

Müsabiqədə ilk 3 yerin qalibləri pul mükafatları və diplomlar ilə təltif olunacaq:

I yer – 1000 manat
II yer – 800 manat
III yer – 500 manat

Eyni zamanda müsabiqədə həvəsləndirici mükafatların təqdim edilməsi nəzərdə tutulur.

Məqalələrin qiymətləndirilmə meyarları:

Müsabiqəyə təqdim edilmiş yazıda mövzuya dair innovativ yanaşmaların əks olunması;

Yazının oxucu üçün informativ olması;

Yazının ümumilikdə mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etməsi;

Yazıda mövzu ilə bağlı faktlara istinadın olması;

Yazıda digər ölkələrin təcrübələrinin təhlili;

Azərbaycanda icbari tibbi sığortanın tətbiqində dayanıqlı maliyyə mənbələri ilə əlaqədar təkliflərin olması;

Dil və üslub xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi.

Məqalənin sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə təqdim olunması, maksimum sayda oxucuya çatdırılması arzuolunandır.

Məqalələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsinin nümayəndələri qiymətləndirəcək.

Yazıların təqdim edilməsi:

Məqalələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin press@its.gov.az elektron poçt ünvanına (mövzu hissəsində “Yazı müsabiqəsi” sözü qeyd olunmalıdır) 30 noyabr saat 18:00-dək göndərilməlidir.

Məktubda yer almalıdır:

Yazı qəzet və jurnalda çap edilibsə yazının çap olunduğu qəzet və jurnalın elektron surəti;

Yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link;

Yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin elektron surəti;

Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev, iş və mobil telefonu.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əlaqə nömrəsi: +99412 310 07 70

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93

Zəng sifariş et