20 Dekabr 2021 10:49

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prioritet istiqamətdir

Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə Azərbaycan Prezidenti seçilməsi həm də prinsip etibarilə yeni bir dövrün başlanğıcı idi. Ümummilli liderin ideyalarını uğurla davam etdirərək təməlləri möhkəmləndirilən Azərbaycanı müasir dünyanın çağrışlarına uyğun şəkildə inkişaf etdirmək bu siyasi kursun əsas prioriteti kimi qarşıya qoyulmuşdu. Respublikada aparılan islahatlar da ölkəni dünyanın sürətli inkişaf modelinə uyğunlaşdırmaq, insan amilini daim diqqətdə saxlamaq, vətəndaşı rifah dövlətində yaşatmaq məqsədi daşıyırdı.

Son 18 ildə Azərbaycanda bütün sahələrdə, o cümlədən, səhiyyədə genişmiq­yaslı islahatlar gerçəkləşdirilib, obrazlı ifadə etsək, respublika səhiyyəsi uçuq-sökük bir ambulatoriyadan müasir bir klinikaya çevrilib. Hazırda bunu hər kəs görür və hiss edir.

Qeyd edim ki, 2019-cu ilin əvvəlindən idarəetmədə çevikliyi artırmaq məqsədilə başlanan struktur islahatları sosial sferanı da əhatə etdi. Bu, ölkəmizin yüksəlişinə, Prezident İlham Əliyevin inkişaf strategi­yasının daha böyük uğurlar qazanmasına layiqli töhfələr verdi. Təbii ki, struktur isla­hatları səhiyyə sistemində də aparılmağa başlandı. Respublikamızda icbari tibbi sığorta sisteminin işə düşməsi isə səhiyyə sahəsində aparılan struktur islahatlarının mühüm tərkib hissəsinə çevrildi. Ölkədə icbari tibbi sığortanın tətbiqini gerçəkləşdirən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcı­sı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini reallaşdıran publik hüquqi şəxs – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradıldı.

Agentlik ilk gündən əhalini icba­ri tibbi sığortaya cəlb etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icrasını təmin etməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur.

Bütün bunlar, eyni zamanda, ölkəmiz üçün tamamilə yeni bir layihə və uzun illər formalaşmış stereotiplərin dağıdılması demək idi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və onun rəhbəri Zaur Əliyevin üzərinə Azərbaycan səhiyyəsinin tamamilə yeni bir mərhələsini bünövrədən qurmaq və cəmiyyətin yeni sistemə inteqrasiyasını təmin etmək kimi böyük məsuliyyət düşürdü.

Xatırladım ki, icbari tibbi sığorta tib­bi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq edilən sistemdir. Başqa sözlə, burada məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sistemi­nin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin etməkdir. Çünki bu, tibb sek­torunun yeni maliyyələşmə metodudur.

İcbari tibbi sığorta həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə zəmin ya­radır. Ötən müddətdə qazanılan uğurlar, tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi deməyə əsas verir ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün böyük işlər görülüb.

Təbii ki, istənilən uğurun arxasında yaxşı idarəçilik və peşəkarlıq dayanır. Öz işinin ustası olan kadrlar olmadan heç bir islahat proqramını həyata keçirmək mümkün olmaz­dı. Səhiyyə sahəsində də islahatların məntiqi nəticəsi kimi məhz uğurlu kadr seçimini, peşəkar komandanın formalaşmasını qeyd etmək lazımdır.

Zaur Əliyevin rəhbərliyi ilə İcba­ri Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qazandığı uğurların davamı kimi digər strukturlarda yeni kadrların özünü doğ­rultması təkcə səhiyyəmizin yox, eləcə də hamımızın uğurudur. Respublika Klinik Xəstəxanasında Azər İsmayılovun direk­tor təyinatından sonra başlanan müsbət tendensiya xüsusilə təqdirəlayiqdir. Azər həkimin kollektivə rəhbərlik etdiyi dönəmdə akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur. Bu xəstəxana əhaliyə yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi, insanların sağlamlığının səmərəli şəkildə qorunması üçün ən son tex­noloji avadanlıqlar və müasir tibb aparatları ilə təmin olunub.

İcbari tibbi sığortanın tətbiqindən son­ra respublikanın müxtəlif bölgələrindən xəstəxanaya üz tutan pasiyentlər tamamilə pulsuz tibbi xidmətlə təmin olunur, sağlam­lıqlarına qovuşurlar. Burada ən mürəkkəb cərrahi əməliyyatları həyata keçirmək üçün bütün şərait yaradılıb. Xəstəxana müasir avadanlıqlar – ultrasəs müayinə aparatları, kompüter tomoqrafiya, maqnit rezonans, müasir rentgen aparatları, yeni doğulmuşlar üçün CPAP aparatları, süni böyrək aparatları, exokardioqrafiya aparatı və s. müasir ava­danlıqlarla təchiz edilib.

Tibb müəssisəsində xəstələr bir sıra dövlət proqramları, o cümlədən, dağınıq skleroz, hemofiliya üzrə dövlət proqramları çərçivəsində müayinə olunur, müalicə alır və zəruri dərman vasitələri ilə təchiz edilirlər.

Respublika Klinik Xəstəxanasında fəaliyyət göstərən peşəkar komanda əldə olunan uğurların qazanılmasında böyük pay sahibidir. A.İsmayılovun ona göstərilən etimadı doğrultması, tamamilə yeni bir ab-havanın formalaşması, sözün əsl mənasında, Hippokrat ənənələrinin tətbiqi Azərbaycan səhiyyəsinin uğuru hesab oluna bilər. Bu sahədə A.İsmayılova dəstək olan müavinlər Telman İbadov, Emin Hüseynov, Mahir Baba­yev, Sərdar Əsədov, ümumi şöbənin müdiri Fərid İbrahimov və kadr işlərində rəhbər Emin Xasıyevin xüsusi əməyini qeyd etmək lazımdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyinin rəhbərliyi ilə Respublika Klinik Xəstəxanasında tamamilə yeni bir dövr başlayıb. Bu isə Azərbaycan vətəndaşının ən yüksək tibbi xidmətlərlə təmin olunmasına, sağlam həyat tərzinə hesablanıb.

Bütövlükdə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Pre­zident İlham Əliyevin uzaqgörənliklə yürüt­düyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır.

Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq.

Öz işinin ustası olan və ən əsası göstərilən etimadı doğruldan kadrların qa­zandığı uğurları gördükcə gələcəyə nikbin baxmamaq olmur. Azərbaycan səhiyyəsinin yaxın gələcəkdə dünyanın qabaqcıl səhiyyə sistemlərindən biri olacağı şübhəsizdir. Qalib və müzəffər xalqa da bu yaraşır. Beləliklə, dövlətin ali iradəsi və xalqa təmənnasız xidmət istəyi Azərbaycan səhiyyəsində növbəti uğur səlnaməsini yaradıb.

Bu gün hər bir vətəndaş ürəklə tibbi xidmətlərdən istifadə edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ona bəslənən ümidləri real işlərlə doğrultdu, yeniliklə köhnəliyin mübarizəsindən qalib ayrılmağı bacardı.

XALQQAZETI.COM

Zəng sifariş et