01 Oktyabr 2018 12:37

İcbari Tibbi Sığorta bizi müalicə edəcək

Son vaxtlar hansısa tanınmış şəxsin, yaxud da sadə vətəndaşın sosial şəbəkələr üzərindən, ya da kimlərinsə vasitəsi ilə düçar olduğu xəstəliyin müalicəsi üçün xeyriyyə aksiyalarının təşkil olunduğunun şahidi oluruq. Təbii ki məqsəd həmin insanı həyatda saxlamağa kömək etməkdir. Çünki bu şəxsin maddi imkanı aşağı olduğundan müalicəsinə lazımınca vəsait tapa bilmir. Amma bu şəxs xəstəliyə kimi ağlına belə gətirməzdi ki, nə vaxtsa əl açıb kimlərdənsə pul umacaq. Lakin həyatın işini bilmək olmur…

Xalq artisti Könül Xasıyeva, Əməkdar artist Tünzalə Əliyeva, Əməkdar artist Xanım Qafarova, aparıcı Hacı Nuran və digərləri – bu şəxsləri cəmiyyət yaxşı tanıdığından onların adını qeyd etdik. Amma barəsində xeyriyyə aksiyaları təşkil olunmuş jurnalist həmkarım Nigar İsmayılqızı, digər həmkarım Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədova, yaxud da heç kimin tanımadığı sadə vətəndaşlar da var. Onların həyatda qalması üçün xeyriyyə aksiyaları təşkil olunur. Xeyriyyə aksiyalarından söz düşmüşkən Heydər Əliyev Fondunun adını çəkməyə bilmərik. Çünki bu fond onlarla, bəlkə də yüzlərlə şəxsin müalicəsini öz üzərinə götürüb və götürür.

Yəni bir sözlə, xəstəliyə düçar olmuş hansısa maddi durumu aşağı olan şəxsin həyatda qalması üçün mütəmadi həkim müayinələrində olması və müalicə kursları keçməsi lazımdır. Bu vaxta kimi həkim müayinəsindən keçməyə, hansısa xəstəliyimizin müalicə olunması üçün maddi durumumuz buna imkan vermirdisə, bundan sonra həkimə getməkdə sözün həqiqi mənasında ürəkli olacağıq. Çünki İcbari Tibbi Sığorta bizim səhiyyə xərclərimizi qarşılayacaq. Çoxları bəlkə də sözlərimə inanmayacaq, amma bu, həqiqətdir.

PİLOT ƏRAZİLƏRİN SAKİNLƏRİ AĞIZDOLUSU DANIŞIR

Bu xidmətin fəaliyyətə başlamasına sevinən birinci şəxslərdənəm. Təbii ki, mənim kimi minlərlə, milyonlarla insan bu vaxta kimi çox arzulayırdı ki, xaricdə tətbiq olunan bu sistem ölkəmizdə də əlçatan olsun. Artıq ürəkdən deyə bilərik ki, əlçatandır. Çünki Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edildi. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli 1830 nömrəli Fərmanı ilə icbari tibbi sığortanın tətbiqinin pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilməsi, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilməsi müəyyən edildi. Yəni artıq 3 rayonda İcbari Tibbi Sığorta üzrə işlər həyata keçirilir. Ünsiyyətdə olduğum bu rayonun sakinləri bu sistemin tətbiqi barədə ağızdolusu danışırlar və qeyd edirlər ki, çəkinmədən həkimə müraciət edib sağlamlıqlarının qeydinə qalırlar. Çünki bütün xərcləri dövlət qarşılayır.

Elə aşağıdakı rəqəmlərə diqqət etsək görərik ki, pilot ərazilərdə əhalinin sağlamlığı ilə bağlı vəziyyət müsbətə doğru necə dəyişib.

2016-cı il ilə müqayisədə 2017-ci ildə stasionar gəlişlərin sayı 28% artıb.

2016-cı il ilə müqayisədə 2017-ci ildə cərrahi əməliyyatların sayı 50% artıb.

2016-cı il ilə müqayisədə 2017-ci ildə evə yazılan xəstələrin çarpayıda keçirdiyi

günlərin orta sayı 11.3-dən 5.3-ə enib.

2017-ci ildə 375 nəfərə ürək-damar cərrahiyyəsi üzrə xidmət göstərilib.

2016-cı il ilə müqayisədə 2017-ci ildə əhalinin sağlamlıqları ilə əlaqədar mövcud maliyyə yükü baza zərfi çərçivəsində 100% azaldılıb.

MÜXTƏLİF XƏSTƏLİKLƏRİN MÜAYİNƏ VƏ MÜALİCƏSİ PULSUZ HƏYATA KEÇİRİLƏCƏK

Düzdür, bu sistem ölkəmizdə, daha doğrusu hələlik Mingəçevir, Yevlax və Ağdaş rayonlarının sakinləri üçün əlçatan olduğundan həmyerlilərimizdən bir çoxu bunun mahiyyətini anlamır. Amma qısa olaraq bildirim ki, gələn ildən ölkə üzrə bütün vətəndaşlar üçün əlçatan olacaq İcbari Tibbi Sığortanı əldə etmək üçün cəmi 120 manat ödəməklə bir il ərzində müxtəlif xəstəliklərin müayinə və müalicəsini pulsuz, bəli düz başa düşdünüz MƏHZ PULSUZ həyata keçirə biləcəyik. Özü də il ərzində bir dəfə yox, bir neçə dəfə. İşləyən şəxslərin maaşından isə 2 faiz tutulacaq (qeyd edək ki, ümumilikdə 3 faiz nəzərdə tutulub ki, bunun 2 faizi işçidən, 1 faizi isə işə götürəndən çıxılacaq). Bu rəqəmlər isə ölkəmizdə olduqca aşağıdır. Belə ki, Türkiyədə 12.5 faiz, Rusiyada 5.1 faiz, Almaniyada 14.6 faiz, Xorvatiyada 15 faiz, Estoniyada 13 faiz, Litvada 9 faiz təşkil edir

Amma ölkəmizdə elə şəxslər də var ki, onlar İcbari Tibbi Sığorta haqqı ödəməkdən tamamilə azaddılar. Bu şəxslər 18 yaşınadək uşaqlar, əyani təhsil alan tələbələr, pensiyaçılar, sosial müavinət alanlar, ünvanlı sosial yardım alanlar, hamilə qadınlar.

İcbari Tibbi Sığortanın üstünlüyü keyfiyyətli tibbi xidmətə əlçatanlığın artmasıdır. Digər üstünlük isə əhalinin səhiyyə xərclərindən maliyyə müdafiəsinin təminidir. Maliyyə axınlarının şəffaflaşdırılması isə başlıca amillərdəndir.

Bir sözlə, İcbari Tibbi Sığorta ölkə üzrə tam tətbiq ediləndən sonra kimsə deməyəcək ki, “kaş filan şirkətdə işləyəydim ki, tibbi sığortam olardı. Pulsuz şəkildə həkimə gedərdim“. Yəni artıq Təcili Tibbi Yardımdan tutmuş müxtəlif xəstəliklərinin müalicəsinə kimi insanlar çəkinmədən həkimə gedə biləcəklər.

Bu sistemin tətbiqi sadə vətəndaşlarla yanaşı həkimlərimizin də işinə yarayacaq. Həm ailə həkimi institutunun inkişaf etdirilməsi, həm də xəstələrin müayinə və müalicəsi üçün həkimlərimizə əlavə faiz gələcək ki, bu da onların sosial durumlarının daha da yaxşılaşmasına xidmət edəcək. Belə olan halda təbii ki, səhiyyə xidmətlərinin səviyyəsi artacaq. Bu halda isə istər ölkəmizdə, istərsə də xaricdə tibbi təhsil alan şəxslərimiz məhz ölkəmizdə qalaraq bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Son olaraq dərman preparatlarına da toxunmaq istəyirik. Çoxları müayinə və müalicə xərcləri dedikdə dərman preparatlarının buna aid olunmayacağını düşünər. Amma qeyd etmək istəyirik ki, baza zərfinə daxil olan tibbi xidmətlər çərçivəsində stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri icbari tibbi sığorta tərəfindən təmin edilir. Bir sözlə, heç bir xərcdən çəkinməyərək həkimə gedə biləcəyik.

Ülvin Əsədov, kivnews.az 

Zəng sifariş et