17 Dekabr 2018 15:04

Ailə həkiminiz kimdir? –Can sığortası və ya həkim axtarışına son

2016-cı ildən fəaliyyətinə start verən İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin icra etdiyi pilot layihələr öz bəhrəsini verib. Mingəçevir şəhəri, Ağdaş ,Yevlax rayonlarının tibb müəssisələrində həyata keçirilən layihələr həkim pasiyent münasibətlərində də əsaslı dönüş edib .Ötən zaman ərzində pilot layihədən yüzlərlə vətəndaş yararlanıb, həkimlər yenidən ixtisaslaşaraq vəzifələrini daha həvəslə yerinə yetiriblər. Hazırda da Agentliyin qarşısında qoyduğu əsas vəzifə və prinsiplər- tibb işçilərinin peşəkarlığını artırılmaq, həkimlərin nüfuzunu qaldırmaq, tibb işçilərinin rifahını yaxşlılaşdırmaq, ilkin tibbi xidmətin səviyyəsini,səmərələliyini artırmaq, icbari tibbi sığortanı hamı üçün əlçatan etmək , əhalinin sağlamlığını qorumaqdan ibarətdir.

İcbari tibbi sığortanın ölkə üçün tətbiqinə 2019-cu ildən başlamaq planlaşsa da, hələlik qanunvericiliklə, tibbi personalın təşkili, pasiyentlərin vəzifə və hüquqları ilə bağlı boşluqlar var. Gərəkli olan sahələrdən biri də Azərbaycanda ailə həkimi institutunun formalaşmasıdır. Axı tibbi sığorta vətəndaşın sağlamlığının qeydinə qalan mexanizmdir, burada pasiyent və tibbi obyekt(həkim) arasındakı münasibətlər tənzimlənməlidir, ailə həkimi icbari tibbi sığortanın həyata keçirilməsində əsas vasitəçidir.İcbari tibbi sığorta sisteminin tətbiqi ailə həkimi institutunun formalaşmasına da öz töhfəsini verə bilər.

Yevlax ailə həkimləri vətəndaşlarla doğmalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot layihə reallaşdırdığı rayonlardan biri də Yevlaxdır. GoldNews-a danışan Yevlax rayon Ailə Sağlamlıq Mərkəzinin terapevti, ailə həkimi Səfaqət İmanovanın fikrincə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot layihələrinin nəticələrini uğurlu hesab etmək olar. “Əvvəllər Sovet tibb sisteminə uyğun olaraq sahə həkimləri vardı, bu həkimlər ərazi üzrə çağırış üzrə xəstənin müayinəsini təşkil edirdilər, həmin həkimlərin səlahiyyətləri sadəcə xəstəyə diaqnoz qoymaq, ilkin müalicə etmək üçün resept yazmaq, arayış vermək idisə, yeni ailə həkimi statusu daha geniş vəzifələri daşıyır. Bir ailə həkimi kimi fəaliyyətimin həm pasiyentlər, həm də özüm üçün faydaları olub. Əvvəllər hamı kimi tərif edirdisə, o həkimin qəbuluna can atırdı. İndi də belədi, sadəcə ailə həkimi vəzifəsinin formalaşması həkimlər arasında sağlam rəqabəti gücləndirdi, həkimlərimiz ixtisaslaşmaq, biliyini artırmaq, yenilikləri öyrənməyə həvəslidirlər. Bütün ailə həkimlərimiz işindən razıdır, ailələrlə münasibətlərimiz çox yaxınlaşıb, evində ziyarət olunmayan, kimsəsizlikdən əziyyət çəkən, tibbi xidmətə ehtiyacı olan insanlarımız müəyyənləşib. Agentliyin bizə ayırdığı xüsusi maşınlarla nəzarətimizdə olan xəstələrimizə tez-tez baş çəkə bilirik. Əhalinin həkimə inamı bərpa olub, pilot layihə sayəsində müraciət edən hər kəsin müayinələri təşkil olunur, xəstələrimiz lazımı profil üzrə həkimlərə, xəstəxanalara yönəldilir. Pilot layihə sayəsində ailə həkimlərinin maddi vəziyyətində, maaşlarında da artımın olması tibb işçilərini qane edir, bu da bir dəstəkdir. Həkim-xəstə münasibətlərində səmimiyyət möhkəmlənib, hər ailənin kiçik sağlıq məsələsindən xəbərdarıq. Agentliyin reallaşdırdığı layihə nəticəsində onlarla insanımız yüngül və ağır cərrahi müdaxilələr nəticəsində şəfa tapıblar. Ən əsas son illərə qədər insanlar həkimə getmək vərdişindən uzaqlaşmışdı, indi təsadüfi müayinələr zamanı vərəm, onkoloji, diabet kimi xəstəliklərin ilkin mərhələlərini aşkarlayırıq, bu hər kəs üçün effektiv, arzulanan hallardır. Peyvəndlərə gələnlərin sayı artıb, maarifləndirmə işimizi də qurmuşuq.”

Mərkəzin baş tibb bacısı Hüsniyyə Əmrahovanın sözlərinə görə, pilot layihənin icrası müddətində, hazırda da Mərkəzin həkimləri vətəndaşların müraciətlərinə həssaslıqla yanaşırlar. Mərkəzin ailə həkimi statusunu qazanmış tibb əməkdaşlarının əsas iş prinsipi müraciətlərə operativ baxmaqdır. Layihənin vacib tərəfi odur ki, insanlar ilkin tibbi xidmət üçün də bəzən həkimə müraciətə üstünlük vermirdilər. İndi bəzən növbələr də olur, amma tibbi personal qısa müddətdə xəstələrin müayinəsini edir, lazımı həkimə yönəldir. İndi həkimlərə mürarciətlərin asanlaşdırılması üçün də işlər aparılır. Əgər onkoloji xəstədirsə, ona uyğun ailə həkimimiz təyinatını alır.Yaxud şəkər xəstəsi qeydiyyatdadırsa, ona lazım olan dəstək verilir. H. Əmrahovanın bidirib ki, əvvəllər sahə həkimi xəstələr üçün bir qədər əlçatan deyildi, indi ailə həkimi statusunu almış həkimlərimiz öz xəstəsinə nəzarəti edə bilir. Ailə həkimlərimiz ailələrlə doğmalaşıblar, ailədəki kiçik bir sağlamlıq problemi baş verəndə dərhal öz həkimlərinə müraciət edirlər. Artıq pilot layihə çərçivəsində Mərkəzimizdə laboratoriya da, tibbi texniki baza da yaxşılaşdırılıb. Artıq xəstələrin qan müayinələrinə tez zamanda cavab verə bilirik. Bundan başqa, bir çox insan layihə çərçivəsində pulsuz əməliyyat olaraq sağlamlığına qovuşub.”

İlkin səhiyyə xidməti tam qurulmadan icbari sığortadan danışmaq olmaz

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılovanın sözlərinə görə, tibbi sığorta mexanizmində ilkin səhiyyə xidmətinin səmərəli təşkili və ailə həkimi institutunun formalaşması ən əsas amillərdir, bundan sonra tibbi sığortanın effektivliyindən dən danışmaq olar.

İlkin səhiyyə xidməti – pasiyentlərin ilk müraciət etdiyi tibbi xidmət pilləsi olub əlçatanlıq, bərabərlik prinsiplərinə əsaslanan, davamlı və ilkin tibbi-sanitar xidmətləri özündə birləşdirən səhiyyə sisteminin mühüm tərkib hissəsidir. Bu səhiyyənin həm etibarını və nüfuzunu artıran xidmətdir.

İlkin Səhiyyə Xidməti tibb sisteminin əsas aparıcı qüvvəsi olduğundan və səhiyyə xərclərinin səmərəsinin artırılmasında xüsusi yer tutduğundan onun inkişafı olmadan İcbari Tibbi Sığortanın tətbiqini təsəvvür etmək çətindir. Hazırda Azərbaycanda yaşayan vətəndaşların və onlara bərabər tutulan şəxslərin gəlirlərindən və faktiki yaşayış yerindən asılı olmayaraq, keyfiyyətli, ödənişsiz və əlçatan ilkin tibbi-sanitar xidmətlərlə təmin edilməsi istiqamətində işlər görülür. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayan İlkin Səhiyyə Xidməti səhiyyə xərclərinin səmərəsinin artırılması üçün beynəlxalq təcrübəyə əsaslanan, effektivliyi sübut olunmuş strategiyadır. Bu səbəbdən də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilkin səhiyyə xidmətinin inkişafında çox maraqlıdır.

Ekspert məlumat verib ki, İlkin Səhiyyə Xidməti mükəmməl bir model kimi 1978-ci ildə Alma-Atada (Qazaxıstan) keçirilən Beynəlxalq Konfransdan sonra təbliğ olunmağa başlanıb. Konfrans çərçivəsində qəbul olunmuş “Alma-Ata deklarasiyası” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Hamı üçün sağlamlıq” adlı qlobal strategiyasının əsas konsepsiyasına çevrilib.

İlkin səhiyyə xidməti niyə bu qədər vacibdir? Bu xidmət sayəsində tibb müəssisələrinin və tibbi xidmətlərin insanlara əlçatanlığı təmin olunmaqla yanaşı xəstəliklər erkən aşkarlanır və xəstə vaxtında müalicəyə cəlb edilir. Xəstəliyi tez aşkarlanan xəstə həm maddi(xərcləri azalır), həm də mənəvi cəhətdən qazanır. Bu missiyanı ailə həkimi həyata keçirir, hətta lazım gələrsə ailənin digər üzvləri arasında da profilaktik tədbirlər görülür.

Ailə həkimi hərtərəfli tibbi biliyi olan şəxslər olmalıdır

Ailə həkimi tək xəstənin müalicəsini və müayinəsini istiqamətləndirən şəxs deyil, o həmçinin ailədə sağlam qidalanma, zərərli vərdişlərdən uzaqlaşmaq üçün lazım olan tədbirin görülməsi kimi məsləhətləri verə biləndir. Əslində bunu xəstəsinə yanan hər həkim edə bilir. Amma ailə həkimləri ailənin sağlamlığına cavabdehliyi öz üzərinə götürən məsul şəxslərə çevriləndə daha etibarlı fiqur olur. Başqa sözlə, ailə həkimi ailələr arasında xəstəliklə mübarizə və maarifləndirmə işini də həyata keçirə bilər.

Şərafət İsmayılovanın sözlərinə görə, 2005-2015-ci illər ərzində ölkədə həkimlərin sayı azalıb. Bu isə pilot seçilən bölgələrdə ailə həkimi layihəsinin tətbiqi üçün əsas problemlərdən biridir. Amma yenə də bir ailə həkimi üçün 2500 insanı nəzarətə götürməsi ortaq rəqəm kimi hesablanır. Ailə həkimi sistemi bir çox ölkələrdə inkişaf etsə də, Azərbaycan üçün yeni tibb sahəsidir. Beynəlxaq təcrübəyə görə, hər ölkənin ailə həkiminin əsas və əlavə missiyaları var. Ailə həkimlərinin daim təlimlərə cəlb edilməsi prosesi işləyir. Misal üçün, Estoniyada vətəndaşlara ailə həkimi xidmətinin 24 saat göstərilməsi məqsədi ilə onların növbəli şəkildə fəaliyyəti təmin edilib. Belə yanaşma xüsusilə xroniki xəstələrin izlənilməsində böyük əhəmiyyət kəsb edir. Bu təcrübə Danimarka, İngiltərə, Hollandiya kimi ölkələrdə də geniş yayılıb. Azərbaycan üçün də nümunə ola bilər.

“Ailə həkimi institutunun səhiyyə sistemi çərçivəsində rolunun artırılması, pasiyent yönümlü yanaşmanın tətbiq olunması, ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin tibb müəssisəsinə təhkim olunması sisteminin yaradılması (ailələrin öz səhhətləri ilə bağlı bütün məsələləri həll edə biləcək ailə həkiminə təhkimi nəzərdə tutulur), xəstəliklərin profilaktikasında ailə həkimi institutunun rolunun artırılması və səhiyyə xərclərinin rasional istifadəsinin təmin edilməsi ümumilikdə ailə həkimi institutunun inkişaf perspektivləri kimi qiymətləndirilir.”

Ekspert Şərafət İsmayılova ailə həkimi ixtisasının tədris metodologiyasının və təcrübəsinin daha da təkmilləşdirilməsinə zərurət yarandığını da vurğulayıb. Bunun üçün müvafiq tədris planı və dərs vəsaitlərinin beynəlxalq təcrübəyə əsaslanaraq tərtib olunmasına, ixtisasartırma istiqamətində mübadilə proqramlarının həyata keçirilməsinə ehtiyac duyulur.

“Ailə təbabəti” ailə həkimləri hazırlayacaq

Azərbaycanda ailə təbabətinin tarixi kökləri XX əsrin ikinci hissəsinə düşür. Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycan da stasionardan kənar yardım əhaliyə göstərilən tibbi xidmət sırasında mühüm və başlıca yer tutur. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq ixtisaslı ailə həkimlərin hazırlanmasında Azərbaycan Tibb Universiteti (ATU) növbəti ildən rezidentura tədrisinə start verəcək. Tarixə nəzər salsaq 1991-ci ildə ATU-da “Poliklinika terapiyası” kafedrası təşkil olundu. 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən əhalinin sağlamlığının qorunması haqqında qanun qəbul edildi və həmin qanunun 13-cü maddəsində vətəndaşların tibbi sığortasından, ilkin tibbi-sanitar yardım, təcili və təxirəsalınmaz və ixtisaslaşdırılmış tibbi yardım, müalicə və o cümlədən ümumi praktika (ailə) həkiminin fəaliyyəti haqqında müfəssəl məlumatlar verilib.

Ümumi tibbi praktika və ya ailə həkimliyi prinsipi cəmiyyətin inkişafından irəli gələn və icrasına ehtiyacı olan bir proses kimi yayılıb. Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun Lüblyana konfransı (2001) qərarlarına uyğun olaraq Avropanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda (2002), Azərbaycan Səhiyyə Nazirliyində Azərbaycan Respublikasının “Ailə təbabəti” proqramı üzrə milli strategiyasının hazırlanması barəsində Səhiyyə Nazirliyinin 2002-ci il 12 iyun tarixli əmri verilib. Həmin əmrin 4-cü bəndinə əsasən Azərbaycan Tibb Universitetinə və Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna ümumi praktika (ailə) həkimlərinin diplomdanqabaq və diplomdansonrakı hazırlığı üçün tədris proqramlarınm hazırlanması və müvafiq kafedraların açılması nəzərdə tutululub. 2002-ci ildə tibb təhsili və səhiyyə sahəsində aparılan islahatlara müvafiq olaraq əhaliyə göstərilən ilkin tibbi yardım müəssisələrində ailə həkimliyi praktikasının təmin etmək məqsədi ilə “Poliklinika terapiyası” kafedrasınm bazasında“Ailə təbabəti” kafedrası yaradılıb. Məlumat üçün deyək ki, Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkminləşdirmə İnstitutunda da 2003-cü ildən “Ailə həkimi” kafedrası var. 2008-ci ildən artıq tibb müəsisələrində ailə həkimi ştatları da var, amma kütləvi xarakter daşımır.

ATU-nun “Ailə təbabəti” kafedrasının rəhbəri, professor Musata Salihova görə, ailə həkiminin üstünlüyü ailənin sağlamlığı ilə bağlı bütün məlumatları, hətta sirləri bilmək etibarına sahib olmasıdır. “Ailə həkimi tibbin bütün sahələrinə bələd olmalı, daim ixtisasalaşma, təlimlənməlidir. O, xəstənin ilk müayinə vaxtı problemin nə olduğunu təxmin etməli və lazım gəldikdə digər mütəxəssislərlə də məsləhətləşməlidir. Bu üstünlüklərinə görə ailə həkiminin maaşı nisbətən yüksək olmalıdır. Sahə həkimlərindən fərqli olaraq ailə həkimləri bütün xəstəliklərə nəzarət edir və ailə üzvündə- uşaqda və ya böyükdə xəstəlik müşahidə olunarsa, xəstəxanaya göndərilməsinə göstəriş verir. Ciddi xəstəliyi olmayan insanların kütləvi şəkildə xəstəxanaya üz tutması normal hal deyil. Ailə həkimlərinin olması, bu ştatın qanuni formalaşması bir növ gərəksiz müayinə və müalicələrin qarşısını alacaq. Kimin ehtiyacı varsa, xəstəxanaya o şəxslər getməlidir. Beləliklə də, xəstəliklərin tez aşkarlanması insanların səhiyyə xərclərini də tənzimləyəcək.”

Yeni qanunların qəbulu və tətbiqi zamanı yetişib

Bir müddət əvvəl Milli Məclis “Ailə həkimi” haqqında qanun layihəsinin müzakirə olunmasına çox istəkli idi. Hələlik layihənin bir hissəsi beynəlxalq təcrübəyə əsaslanaraq yenidən nəzərdən keçirilir.

Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvi, vaxtiylə sahə həkimi olmuş Məlahət İbrahimqızının sözlərinə görə, hazırda tibb sahəsində ciddi islahatlar davam etdirilir. İcbari tibbi sığortanın qarşıdan gələn il üçün tətbiqinə start verilməsi üçün müəyyən qanunvericilik də yerbəyer olunmalıdır. İcbari tibbi sığortanın tətbiqinin ən əsas məqsədi əhalinin sağlamlığını qorumaq və səhiyyə xidmətlərini hər kəs üçün əlçatan etməkdir. Bu işi üzrərinə götürmüş Agentliyin fəaliyyəti qənaətbəxşdir, pilot bölgələrdə xeyli irəliləyişlər var. Ailə həkimi institutunun yaradılmasında nəzərəçarpan uğurlar edilib. Azərbaycanda artıq ailə həkimi bazası var, amma məlum qanunun işlənib tətbiq olunması, həkimlərin ixtisaslaşması işi qurulsa, yaxın illərdə ölkə üçün səmərəli tibbi sığorta tətbiqindən danışmaq olacaq.”

Məlumat üçün deyək ki, “Ailə həkimi” haqqında qanun layihəsində ailələlərin öz həkimlərini seçməsi ilə bağlı qaydalar da yer alıb. Burada ailələrin sayına görə maksimum hədd tətbiq edilməyəcək. Bu da insanlara həkim seçimində sərbəstlik verəcək. Yəni bir həkimi istənilən sayda ailə seçə biləcək. Amma hər ailə öz həkimini yaşadığı ərazidən seçməlidir. Burada xəstə və həkim münasibətləri, hər iki tərəfin hüquqların daha dəqiq qeydi nəzərdə tutulur. Bir də həmin həkimlərin maaşlarının hansı formada və necə ödənilməsi də sual doğurur. Misal üçün, Türkiyə təcrübəsində ailə həkimlərinə ərazi bələdiyyəsi aylıq hər ailə üzvi başına 1 Türkiyə lirəsi ödəyir. Əgər bir ailə həkimi 4 min nəfərlik insanı əhatə edirsə, həkim 4 min lirə alır.

Xatırladaq ki, Azərbaycanda “Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul olunub. Amma bu qanunun yenidən işlənilməsinə ehtiyac var. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hüquq departamentinin rəhbəri Aysel İbayevanın verdiyi məlumata görə, ötən ilin avqustundan Avropa İttifaqı ölkələrinin təcrübəsindən yararlanmaq üçün Tvinninq layihəsi hazırlanır. İcbari Tibbi sığortaya dəstək olacaq layihə 3 hissədən ibarətdir: İTS üzrə hüquqi və institusional təminat, İTS üzrə maliyyəyə təminat, İTS üzrə İT təminatı. Layihənin hüquqi təminat hissəsinə görə, yeni tibbi sığorta haqqında qanun layihəsi hazırlanıb, həmçinin yeni qanun təklifinə görə mövcud, aidiyyatlı 13 qanuna dəyişikliyin də olunması zəruri hesab olunur.

Raminə Eyvazqızı, a24.az saytı

Zəng sifariş et