23 İyul 2021 16:41

Tibb müəssisələrində sığortanın tətbiqi vətəndaş məmnunluğuna hesablanıb

Ölkəmizdə səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşların tibb müəssisələrinə etdikləri müraciətlər zamanı qəbulun avtomatik həll edilməsi sistemi tətbiq olunub. Lakin bir çox tibb müəssisələrində icbari tibbi sığorta tətbiq olunsa da, hələ də müəyyən problemlər qalır. Belə problemlər də media araşdırmaları zamanı ortalığa çıxan zaman görülən tədbirlər nəticəsində aradan qaldırılır.

Bugünkü araşdırmamız Bakı şəhərində aprel ayının əvvəlindən icbari tibbi sığortanın tətbiq olunduğu pilot layihələrdən biri olan “Nərimanov Tibb Mərkəzində” vətəndaşlara göstərilən xidmətin və tibbi sığorta tətbiq olunandan sonra vətəndaş məmnunluğunun öyrənilməsidir.

Apardığımız araşdırma zamanı müəyyən etdik ki, cari ilin aprel ayının əvvəlindən başlayaraq bu günə qədər Nərimanov Tibb Mərkəzinə ambulator müalicə və müayinə olunmaq üçün 114718 xəstə, Stasionar müalicə almaq üçün 2071 nəfər şəxs müraciət edib.

Göstərilən xidmətin çərçivəsində “Nərimanov Tibb Mərkəzinin” tabeliyində 1 və 2 saylı poliklinikalar, Uşaq poliklinikası və Uşaq Yoluxucu xəstəliklər xəstəxanası hal - hazırda  Uşaq Yoluxucu xəstəliklər xəstəxanası pandemiya xəstəliyi ilə əlaqədar vətəndaşların qəbulu aparılmır. Qeyd etdiyimiz tibb mərkəzinin nəzdində fəaliyyət göstərən tibb müəssisələrində də vətəndaşlar icbari tibbi sığorta xidmətindən mərkəzləşdirilmiş sistem əsasında yararlana bilirlər.

İcbari tibbi sığorta xətti ilə “Nərimanov Tibb Mərkəzinə” müraciət edən stasionar xəstələr növbəlik əsasında tibb mərkəzində yerləşdirilir. Növbəliklərin müddətinə gəldikdə bu müddət 3 gündən artıq çəkmir. Tibb mərkəzinin terapiya şöbəsinin həkiminin bildirdiyinə görə tibb mərkəzində icbari tibbi sığorta tətbiq olunan vaxtdan müraciət edənlərin sayında böyük artım olub yaranan vəziyyət səbəbindən bəzi həkim otaqları da xəstələr üçün palatalara çevrilib. Həkim eyni zamanda onu da bildirdi ki, İcbari tibbi sığorta paketinə daxil olan xəstələrin Tibb mərkəzində müalicə və müayinəsi mümkün olmadıqda İcbari tibbi sığorta dövlət agentliyinə məlumat verilərək həmin xəstələr digər xəstəxanalara köçürülməsi həyata keçirilir.

Hazırda xəstəxanada yatan xəstələrlə görüşüb apardığım söhbət zamanı sığorta xətti ilə xəstəxanada müalicə alan xəstələr Tibb mərkəzinin hazırkı vəziyyəti barədə məlumat verərək bildirdilər ki, xəstəxanada sığorta tətbiq olunandan bir çox problemlər aradan qalxıb.

1966-cı il təvəllüdlü sığortalı xəstə Sevil Babayeva bundan əvvəl respublikamızın bir çox xəstəxanalarında və qonşu ölkələrin xəstəxanalarında müalicə alsa da müalicəsinin elə bir effekt vermədiyini bildirdi. Ancaq “Nərimanov Tibb Mərkəzində” sığorta xətti ilə 12 gündən artıq aparılan müalicəsinin öz nəticəsini verməsini hiss edir. Xəstənin bildirdiyinə görə sığorta tətbiq olunan xəstəxanalarda həkimlərin məsuliyyəti daha da artıb. Stasionar müalicə alan Sevil Babayeva sığorta paketinə daxil olan dərmanların pulsuz olmasından razılıq bildirərək bu xidmətə görə cənab prezidentə-İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Digər bir müalicə alan 1959-cu il təvəllüdlü asma xəstəsi Sədaqət Quliyev də sığortanın tətbiqindən sonra xəstəxanada dərmanların pulsuz verilməsindən, əvvəlki illərdən fərqli olaraq müalicəsini həkimlər tərəfindən yüksək səviyyədə aparılmasından razılıq bildirdi.

Respublikamızın rayonlarından birində yaşadığını bildirən iyul ayının 5–dən xəstəxanaya sığorta xətti ilə yerləşdirildiyini deyən astma xəstəsi olan Vahab Əzimov əvvəlki illərdə dərmanları özü alsa da hazırda bütün dərmanlarının pulsuz verildiyini müalicə və müayinəsinin sığorta hesabına aparıldığını dedi.

Nevrologiya şöbəsinin baş tibb bacısı xəstələrin sığorta xətti ilə xəstəxanadakı hazırki müalicə və müayinəsinin yüksək səviyyədə həyata keçirilməsini bildirdi. “Nərimanov Tibb Mərkəzinə” bəzi xəstələrin sığorta xidmətinin tətbiqindən sonra sui-istifadə edərək bir neçə həkimə eyni gündə əsassız müraciət etmələri sonda həkimlərin vaxtlarının alınmasına və xəstə olan şəxslərə daha effektiv xidmətin göstərilməsində müəyyən çətinliklərin belə şəxslərin ucbatından  yaradıldığını qeyd etdi. 

Ümumiyyətlə İcbari Tibbi Sığortanın respublikamızın tibb müəssisələrində tətbiq olunması həkim və xəstələr arasındakı bir çox problemlərin həllində böyük rol oynadığının şahidi oluruq. Qeyd etmək istəyirəm ki, apardığım media araşdırması zamanı Bakı şəhərinin böyük tibb müəssisələrindən biri olan “Nərimanov Tibb Mərkəzi”nin qarşısında xəstələrin yaxınları və xəstəxanaya müraciət edən ilk xəstələrlə söhbət zamanı da sığortanın tətbiqi onlara rahat və əminliklə xəstəxanaya müraciət etmələri üçün yaradılan imkanın olduğunu dedilər. Əvvəllər maddi imkansızlıq ucbatından xəstəxanaya müraciət etməkdən çəkinən insanlar hazırda tibbi sığortanın tətbiqindən sonra rahat şəkildə xəstəxanaya müraciət etmələrində yaradılan bu gözəl xidmətə görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlıq və ehtiramlarını bildiriblər.

qafqazinfo.az

Zəng sifariş et