10 Sentyabr 2021 09:54

Vətəndaş göndəriş vərəqəsi almadan müraciət edərsə, tibbi xidmətin dəyərini özü ödəməlidir- MÜSAHİBƏ

Artıq bir neçə müddətdir ki, bütün ölkə ərazisində icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. Sistem yeni olduğundan əməkhaqlarından hər ay müəyyən məbləğ tutularaq İcbari tibbi sığorta haqqı ödəyən vətəndaşların bəzisi ya bu güzəştdən yararlana bilmir, ya da bu mexanizmin etibarlılığına güvənmir. Bu səbəbdən də artıq bir neçə müddətdir ki, ölkəmizdə tam tətbiq olunan İcbari tibbi sığorta sistemi əksər vətəndaşlar üçün hələ də əlçatan deyil. Burada əsas məqam ondan ibarətdir ki, vətəndaşlarımız İcbari tibbi sığorta mexanizmi haqqında müfəssəl məlumatlı deyillər.

Bəs vətəndaşlarda İcbari tibbi sığortaya inam yaratmaq və sistemdən rahat yararlanmaları üçün hansı tədbirlər görülməlidir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın icbari tibbi sığortanın tətbiqi ilə bağlı incəliklər, yeniliklər, güzəştlər və digər məsələləri ilə bağlı “İki sahil”ə müsahibəsini təqdim edirik:

- Aynurə xanım, sadə dillə desək, vətəndaş icbari tibbi sığortadan istifadə etmək üçün hansı mərhələlərdən keçməlidir?

- Vətəndaş tibb müəssisəsinə təhkim olunmaq və ailə həkimini seçmək üçün yaşadığı ərazi üzrə fəaliyyət göstərən tibb müəssisəsinə yaxınlaşmalıdır. Qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim edərək müvafiq ərizəni dolduran pasiyent ailə həkimi seçimində tamamilə sərbəstdir. 18 yaşına çatmayan sığortaolunanların tibb müəssisəsinə təhkim olunması üçün ərizə onların qanuni nümayəndələri tərəfindən verilir. Vətəndaş təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir. O vətəndaşı müayinə və müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir.

Vətəndaş sahə həkiminə deyil, TƏBİB-in tabeliyindəki digər xəstəxanaya müraciət edərsə...

- Bu sistemdən yararlanmaq istəyən vətəndaş özü sahə həkiminə deyil, birbaşa istədiyi  xəstəxana və həkimə müraciət edə bilər?

-Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. Həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisələrində göndəriş əsasında xidmət göstərilir. Həmçinin qeyd edim ki, icbari tibbi sığorta sistemində müştərək maliyyələşmə məbləğinin tətbiqi nəzərdə tutulmuşdur. Yəni  vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan TƏBİB-in tabeliyindəki digər tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməli idi. Lakin ölkədəki pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrılmışdır. Belə ki, həmin tibb müəssisələri hazırda digər tibbi xidmətləri göstərmirlər. Bunu nəzərə alaraq, müştərək maliyyələşmə məbləğinin toplanılması 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınmışdır.

Onlar tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər 

- Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

-Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların icbari tibbi sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər. 

Vətəndaş göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət edərsə...

-İcbari tibbi sığortası olan vətəndaşlar hansı hallarda özəl tibb müəssisələrinə müraciət edə və onların xidmətlərindən yararlana bilərlər?

-Qeyd etdiyim kimi, Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

950 sayda cərrahi əməliyyat və dərmanlar da Xidmətlər Zərfinə daxildir

- Vətəndaşlar Xidmətlər Zərfi çərçivəsində hansı tibbi xidmətlərdən yararlana bilərlər?

-İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. Bura təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, habelə açıq və qapalı ürək əməliyyatları, minimal invaziv üsulla həyata keçirilən müdaxilələr və sair kimi 950 sayda cərrahi əməliyyat daxildir. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri də Xidmətlər Zərfi çərçivəsində təmin edilir.

Vətəndaşa göndəriş vərəqəsinin iki növü verilir

-Tibbi göstəriş olduğu halda vətəndaşa hansı növdə göndəriş vərəqələri verilə bilər?

- Göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir. “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası”na əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:

-dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün verilən göndəriş vərəqəsi

-stasionar tibbi xidmətin göstərilməsi üçün verilən göndəriş vərəqəsi

Dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün dövlət tibb müəssisəsinə göndəriş  vərəqəsi ilkin səhiyyə xidməti (ailə həkimi, sahə-terapevti, sahə pediatrı) tərəfindən verilir. Dar ixtisaslı həkim də öz növbəsində  tibbi göstəriş olduğu hallarda, digər dar ixtisaslı həkim müayinəsinə və yardımçı-diaqnostik müayinələrin aparılması üçün sığortaolunana göndəriş vərəqəsi verə bilər. Vərəqəyə ambulator kitabçadan çıxarış, aparılmış müayinələrin nəticələri, zəruri hallarda digər tibbi sənədlər əlavə olunur.

Stasionar tibbi xidmətin göstərilməsi üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti və dar ixtisaslı həkim tərəfindən verilir. Stasionar tibbi xidmətlərin göstərilməsi dövlət tibb müəssisələrində mümkün olmadığı təqdirdə isə Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir. Sığortaolunan göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və ona təqdim edilən göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür. 

-İlin əvvəlindən bu günə kimi nə qədər vətəndaş icbari tibbi sığorta sistemindən yararlanıb?

-Cari ilin yanvar-iyul ayları ərzində 2 393 001 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 11 042 291 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 9 054 679-u (82%) 18 yaşdan yuxarı, 1 987 612-si (18%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib. 2021-ci ilin yanvar-iyul ayları ərzində ölkə üzrə  7680 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlar və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 262 nəfərini uşaqlar təşkil edib. Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2367, oftalmologiya üzrə 1141, urologiya üzrə 471, neyrocərrahiyyə üzrə 332, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə 8 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfər isə 18 yaşdan aşağı şəxslər olub. Eyni zamanda 18 yaşdan yuxarı 2908 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

- Vətəndaşlar daha çox hansı xidmət üçün icbari tibbi sığortaya müraciət edirlər?

-Tibb müəssisələrinə müraciətlərin çoxu əhalinin sağlamlıq vəziyyətinə təsir edən amillər, tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

Çoxsaylı müraciətləri nəzərə alaraq MRT müayinəsi üçün özəl tibb müəssisələrinə göndərişlər verilir

-MRT və KT müayinələri ilə də bağlı müraciətlər çoxdur. Bununla bağlı sıxlığı aradan qaldırmaq üçün Agentlik tərəfindən hər hansı tədbir görülür?

- Məlumunuz olduğu kimi, icbari tibbi sığorta sisteminin tətbiqi ölkəmiz üçün yeni islahatdır. Bütün vətəndaşlar icbari tibbi sığortanın xidmətlərindən yararlanmaq istəyirlər. Hər kəsin tibbi xidmətlərə əlçatanlığı təmin olunduğu üçün tibb müəssisələrinə də vətəndaşların müraciətləri artmaqdadır. Əlbəttə ki, vətəndaşlara vaxtında tibbi xidmətlərin göstərilməsinə çalışılır. Vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə dövlət tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, onlar lazımi tibbi avadanlıqlarla təmin olunmuşlar. Həmçinin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərlə təminat üçün Agentlik 13 özəl tibb müəssisəsi ilə də müqavilə bağlamışdır. MRT müayinəsi hazırda bir sıra dövlət tibb müəssisələrində qarşılanır. Bununla yanaşı, vətəndaşlar tərəfindən tibb müəssisələrinə edilən çoxsaylı müraciətləri nəzərə alaraq MRT müayinəsinin təmin edilməsi üçün özəl tibb müəssisələrinə də göndərişlər verilir. 13 özəl tibb müəssisəsində də MRT müayinəsi aparılır. Nəzərinizə çatdıraq ki, cari ilin 7 ayı ərzində MRT və kontrastlı KT müayinələri üçün özəl tibb müəssisələrinə 1956 nəfərə göndəriş verilib.

- Bəzən vətəndaşlar növbələrin çoxluğundan göndərişin uzaq tarixə təyinindən şikayət edirlər. Bununla bağlı Agentlik tərəfindən hər hansı tədbir görülür?

-Sığortaolunanlara tibbi xidmət gözləmə müddəti ərzində həyata keçirilir. Xidmətlər Zərfində nəzərdə tutulduğu təqdirdə, tibbi xidmətin növündən və sığortaolunanın klinik vəziyyətindən asılı olaraq icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara növbəlilik rejiminin tətbiqində aşağıda göstərilən müddətlər ərzində xidmət göstərilir:

- sığortaolunana ixtisaslı ambulator xidmət üzrə göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;

- sığortaolunana instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;

- koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.

Qeyd edim ki, təcili və təxirəsalınmaz hallarda vətəndaşa tibbi xidmət dərhal göstərilir.

Uzaq məsafə qət edib mərkəzdəki xəstəxanalara gəlməyə ehtiyac yoxdur

-İcbari tibbi sığortanın daha da əlçatanlığı və rahatlığı üçün gələcəkdə hansı tədbirlərin görülməsi planlaşdırılır?

-Nəzərinizə çatdırırıq ki, vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində vaxtında və keyfiyyəti tibbi xidmətlərin göstərilməsi məqsədilə davamlı tədbirlər görülür. Tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılır, tibb müəssisələrinin idarəedilməsi təkmilləşdirilir, tibbi heyətin bacarıqlarının artırılması üçün müvafiq təlimlər təşkil olunur. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələrinin bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub. İlkin səhiyyə xidmətinin gücləndirilməsi, xəstəliklərin erkən aşkarlanması, əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılması və vaxtında müvafiq tibbi yardımla təmin olunması məqsədilə Ailə Sağlamlıq Mərkəzləri yaradılıb. Bildiyiniz kimi, cari ilin aprel ayından etibarən icbari tibbi sığortanın Bakı, Sumqayıt və Abşeronda tətbiqinə başlanılıb. Əhalinin tibbi xidmətlərdən vaxtında və rahat istifadə etməsi üçün tibb müəssisələrində struktur dəyişikliyi aparılıb. Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb. Paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Struktur dəyişikliyi vətəndaşlara çoxprofilli xidmət göstərməyə imkan verir, Bakının ətraf rayonlarından uzaq məsafə qət edib mərkəzə gəlmədən öz inzibati əraziləri üzrə yerlərdə xidmət almalarına şərait yaradır. Bu kimi islahatlar həm tibbi xidmətlərin keyfiyyətinin artmasına, həm də tibbi xidmətlərə əhalinin əlçatanlığının təmin olunmasına xidmət edir.

Yaqut Ağaşahqızı, "İki sahil" 

Zəng sifariş et