18 Mart 2022 15:58

2022-ci ilin fevral ayı ərzində 63 şəhər və rayonun əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən cari ilin fevral ayı ərzində 63 şəhər və rayon üzrə 493 718 vətəndaşa 1 822 749 tibbi xidmət göstərilib. Ay ərzində tibb müəssisələrinə 826 335 müraciət daxil olub. Bu isə ölkə üzrə qeydə alınan bütün tibbi xidmət sayının 63 %-ni, müraciət sayının isə 62 %-ni əhatə edir. Fevral ayında bölgələrdə müraciətlər üzrə tibbi xidmətlərin 86 %-i ambulator, 14 %-i isə stasionar şəraitdə göstərilib.

Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, müəyyən simptomlar, habelə mamalıq və ginekologiya ilə bağlı olub.

2022-ci ilin fevral ayı üzrə bölgələrdə əhaliyə göstərilən tibbi xidmətlərə dair digər göstəriciləri təqdim edirik:

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir, Sumqayıt, Balakən, Gəncə, Şirvan, Qax, Yevlax, Beyləqan, Göygöl və Göyçay.

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Xaçmaz, Bərdə, Yevlax, Qəbələ, Quba, Balakən, Göyçay rayon mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi,  Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Quba, Ağdaş, Bərdə, Lənkəran, Xaçmaz, Şəki, Salyan rayon mərkəzi xəstəxanaları.

Qeyd olunmalıdır ki, bir sıra tibb müəssisələri həm ambulator, həm stasionar tibbi xidmət göstərmiş müəssisələrin ilk onluğunda yer alıblar. Bunlar Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Xaçmaz, Bərdə, Quba rayon mərkəzi xəstəxanalarıdır.

Diqqətə çatdıraq ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində 63 şəhər və rayon üzrə 808 178 şəxsə 1 584 670 müraciət üzrə 3 503 224 tibbi xidmət göstərilib. Bu isə 2 ay ərzində ölkə üzrə qeydə alınan bütün müraciət sayının 63 %-ni, tibbi xidmət sayının isə 64 %-ni əhatə edir.

01.01.2021-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 63 inzibati ərazi vahidi üzrə qeydiyyatda olan əhalinin sayı 7 milyon 266 min 300 nəfər, bütün bölgələr üzrə isə  9 657 600 nəfərdir.

Ölkə üzrə cari ilin yanvar-fevral ayları ərzində 1 244 351 vətəndaşa 5 465 999 tibbi xidmət göstərilib. Beləliklə, bu dövrdə əhalinin 13 %-i icbari tibbi sığortadan yararlanıb. 2 507 890 müraciət üzrə tibbi xidmətlərin 82 %-i ambulator, 18 %-i isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən istifadə edənlərin 27 %-ni uşaqlar,  73 %-ni isə böyüklər təşkil edir.

Zəng sifariş et